"Kəpəz” son vaxtlar oyunu deyil, daha çox klubdaxili problemlərlə diqqət mərkəzindədir. Düzdür, son turda komanda uğurlu çıxış edib, qələbə qazanıb. Amma olanlar heç də diqqətdən kənarda qalmayıb. Bundan əvvəlki turda baş məşqçi Tərlan Əhmədovun narazı açıqlamaları, ona "torba tikilməsi” söhbəti, yanında heç kimin olmadığnı deməsi, "Kəpəz” haqqında yaxşı fikirlər formalaşdırmır. Hətta klubun nüfuzuna xələl gətirir desək, yanılmarıq. Bəs nə baş verir?
Gəncə təmsilçisi ilə bağlı bir sıra suallarımız vardı ki, klubun idman direktoru Mehman Allahverdiyevdən cavab aldıq. O, Qaynarinfo-ya müsahibəsində "Kəpəz”də baş verənlərə münasibətini bildirdi:
- "Kəpəz” qələbə qazansa da, ətrafında narazılıqlar davam edir. Sizin də adınız hallanır. Nə baş verir?
- Yazırlar ki, Mehman Allahverdiyev kimisə öyrədir, kiminsə torbasını tikir. Düşüncəsiz insanlardır bunu fikirləşənlər. 20 ildir "Kəpəz”də baş məşqçi işləmirəm. Əvvəla, bunu o insan edər ki, baş məşqçinin yerinə göz diksin. Mən isə gəlib indən belə baş məşqçi işləyəsi deyiləm. İkincisi, heç kateqoriyam yoxdur, necə işləyə bilərəm? Bilmirəm, belə boş-boş sözlər yazmaqda məqsəd nədir. Komandanın Premyer Liqada ilk mövsümüdür. Söz tapmıram deməyə. Görün neçə illərdir "Kəpəz”də nə baş verirsə, mənim adımı çəkirlər. Çox maraqlıdır. Allah haqqı, adam nifrət edir, iyrənir ki, bu boyda da olmaz. Artıq suallara cavab vermək də istəmirəm. Filankəs "torba tikir”, filan şey edir.. Bunlar nə deməkdir? Ayıb olsun. Nə üçün böhtan atılmalı, ləkə yaxılmalıdır?
- Tərlan Əhmədovun keçən turdakı oyundan sonra mətbuat konfransında kluba yönəlmiş narazılıqlarının səbəbi nə idi?
- Hər məşqçinin, insanın öz fikri var. Onlara hörmətlə yanaşmaq lazımdır. Nə bilim. Səbəbini mən də deyə bilmərəm. Amma belə baxanda hamı "Kəpəz”i düşünür, komandanın Premyer Liqada qalmasını və stadion tikilməsini istəyir. Şəxsi mənada kimsə kimisə fikirləşmir. Bu suallara yalnız Tərlan özü cavab verə bilər. Çox söz-söhbətlər oldu. Deyirlər ki, Mehman Allahverdiyev qardaşına görə belə edir. Allaha and olsun, heç bu barədə fikir yoxdur. Mən Tərlana nə edə bilərəm ki?
- Əhmədov düşünür ki, Gəncədə kimlərsə ona torba tikir. Sizcə kimləri nəzərdə tutur?
- Açıq desin ki, filankəsdir. Hazırda çalışırıq, ona köməklik edək ki, komanda uğurlu olsun. Münasibətlər bir balaca normallaşıb. Həmişə belə olub. Bəzən sözdən söz çıxrırlar. Biz də istəyirik klub daxilində mehribanlıq yaradaq.
- Qeyd etdiniz ki, klubda ona hər cür dəstək verirsiniz. Ancaq Əhmədov mətbuat konfransında demişdi ki, yanında olanlar bəlkə də 0 faizdir. Belə başa düşülür ki, nəinki gəncəlilər, klub tərəfindən də ona dəstək verilmir…
- Çalışırıq ki, münasibətlər əla olsun. Komandanın icraçı direktoru əlindən gələn dəstəyi göstərir. Hər şey də yüksək səviyyədədir. Düzdür, bəzi şeylər var ki, komandaya, istərsə də azarkeşlərə pis təsir edir. Amma bu nə qədər davam edəcək? Söz-söhbət səngimək bilmir. Azərbaycanda "Kəpəz”dən başqa komanda yoxdur? Hər gün mətbuata baxıram. Klubun yaxşılığına yönəlmiş heç nə yazılmır. Nə gəldi yazırlar, deyirlər.
- Klubun dəstəyinə rəğmən, baş məşqçi aşkar şəkildə narazılığını dilə gətirdiyi üçün belə söz-söhbətlər yaranır…
- Narazılıq deyəndə, öz fikridir. Nəyə əsasən belə deyir, bilmirəm.
- Məsələn, ötən mətbuat konfransında bildirmişdi ki, klub rəhbərini məlumatlandırsa da, problemlər həllini tapmır. Söhbət hansı problemlərdən gedir?
- Söhbətin hansı problemlərdən getdiyini özü deyə bilər. Onun nə söyləməsindən asılı olmayaraq, hər sahədə dəstəyimizi göstərməyə çalışırıq. Nədən narazı olduğunu deyə bilmərəm.
- O, rəhbərliyə müəyyən futbolçuların göndərilməsi üçün siyahı verdiyini, ancaq klubdan bir nəfərin futbolçulara pul tələb etməyi öyrətdiyini demişdi. Sizcə, kimi nəzərdə tutur?
- Kimi nəzərdə tutur, desin. Kim futbolçuya deyə bilər ki, "get filankəsdən pul tələb et”. Əvvəla, pul məsələsinə biz baxmırıq. Deməklə heç nə olası deyil. Belə söz-söhbətlər həmişə var. Amma bu dərəcədə olmamışdı.
- Ümumiyyətlə, baş məşqçinin bu açıqlamalarının klubun nüfuzuna zərər vurduğunu düşünürsünüz və bu barədə onunla söhbət etmək istəyirsiniz?
- Bəli, düşünürəm. Bu barədə klub rəhbərliyi ilə söhbətlər olub, iradlar da bildirilib. Ancaq mən şəxsən onunla söhbət etməmişəm.
- Maaşı vaxtında verilirsə və istədiyi futbolçuları alıbsa, o, nədən narazıdır?
- Bəli maaşı verilir. Nəinki o, komandada hər kəs pulunu vaxtında alır. İstədiyi futbolçulara gəlincə, imkanımız, büdcəmiz daxilində köməklik etmişik. Onsuz da onunla söhbət etməyi düşünürük. Məncə, özü də bilir ki, bu qədər olmaz. Mehribanlıq yoxdursa, nəticə də olmayacaq.
- Son vaxtlar "Kəpəz”də ancaq gəncəlilər işləməlidir” söhbəti gedir…
- Bir dəfə bu suala cavab vermişdim. Gəncəlilərin Gəncədə, bakılıların ancaq Bakıda işləməsi söhbəti düzgün deyil. Mahmud Qurbanov gəncəlidi, getdi "Səbail”də işlədi. Yunis Hüseynov "Xəzər Lənkəran”da çalışdı. Azər Məmmədov "Zirə”də işlədi. Rəhbərlik tərəfindən kim bəyənilirsə, o da baş məşqçi təyin olunur. Ayxan Abbasov tovuzlu deyil. Amma nəicələr göz qabağındadır. Ona necə irad tuta bilərlər? "Kəpəz” də onun kimi. Bakılı, yaxud gəncəli işləsin fərq etməz. Heç bu barədə mənə təklif verən də olmayıb.
- Bir neçə gün öncə belə məlumat vardı ki, klubdaxili icas keçirilib və məhz Tərlan Əhmədovun məsələsi müzakirə olunub. İclasda baş məşqçiyə 3-4 oyun vaxt verildiyi də bildirilir. Daha hansı müzakirələr oldu?
- Elə bir şey baş verməyib. Söhbətlərimiz oldu. Komandada nəticə o qədər də üəkaçan deyildi. Bununla bağlı rəhbərlik iradlarını bildirdi. Deyildi ki, qarşıdakı bir neçə oyunda nəticələr olmasa, gərək yollarımızı ayıraq. Belə baxanda şərti rəhbərlik qoyur. Ümumiyyətlə, bu, düzgün şərt ola bilməz. O potensiala malik deyilik ki, hər oyunda qələbə qazanaq. Sadəcə, iclasda iştirak etdik və bəzi iradlarımızı çatdırdıq. Hələ ki, "Kəpəz” iclasdan sonrakı oyunda qələbə qazanıb. Əsas söhbət o idi ki, komanda daxilində ab-hava yaxşı olsun, mehribanlıq yaransın.
- Əhmədov bildirmişdi ki, nəticədən asılı olmayaraq, mövsümün sonunda "Kəpəz”dən gedəcək. Onun qarşısına belə tələb qoyulub?
- Xeyr, belə bir söhbət olmayıb ki, nəticəyə baxmayaraq, yolları ayıracağıq.
- Tərlan Əhmədovla Əfran İsmayılov və Rauf Əliyevin məsələsində günahkar kim idi?
- Dəqiqliyi ilə deyə bilmərəm. Baş məşqçi ilə rəhbərlik bu haqda söhbət etdilər və sonda yollar ayrıldı. Deməzdim hər iki tərəfin günahı var. Bu söz-söhbətlər olub keçib.
- "Kəpəz”də belə vəziyyətin yaranmasının səbəblərindən biri bu ola bilər?
- Deyə bimərəm, təsir edib, ya yox. Köhnə hadisədi, oldu keçdi. Rauf da getdi, Əfran da. Biz, Tərlan burdayıq. Bir çox jurnalistlərə aiddir, belə suallar verib aranı qızışdırmaq lazım deyil. Narazılıq deyəndə, hələ Tərlanın vaxtından da əvvəl belə söz-söhbətlər yaranırdı. Onda da deyirdilər ki, hamısını Mehman edir. Adam nifrət edir. Bilməyən insanlar, məni tanımayanlar, futboldan anlayışı olmayan insanlar var. Mənə sual verirlər ki, niyə baş məşqçi olmuram. Kim soruşursa, başa salıram ki, kateqoriyam yoxdur. Nəyə görə mənim haqqımda bu sözləri yazsınlar? Vaxtilə Tərlan Əhmədovun komandaya gəlməsinə ikiəlli razılıq verənlərdən biri mən olmuşam. Çoxları bunu bilmir, indi deyirlər ki, torba tikir...
Səbuhi Həsənov