"Kəpəz"in yeni baş məşqçisi əcnəbi ola bilər.
Bu barədə "Report"a Gəncə klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadə məlumat verib.
O, bu gün istefaya göndərilən Adil Şükürovun əvəzinə yeni baş məşqçi axtarışlarına başladaıqlarını deyib:
"Bir neçə baş məşqçi barədə düşüncələr var. Onlar arasında əcnəbilər də yer alıb. Təbii ki, adlarını çəkə bilmərik, bu, etik olmaz. Komandanı düşdüyü çətin vəziyyətdən çıxara biləcək baş məşqçi axtarışındayıq. Seçimimizin doğru olacağına inanırıq. İnşallah, bu həftə yeni baş məşqçinin adı açıqlanacaq".
F.Əlizadə "Kəpəz"i Misli Premyer Liqasının VI turunda "Turan Tovuz"la oyuna əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov və klubun koordinatoru Vasif Vəliyevin hazırlaşdırdığını da bildirib.
Qeyd edək ki, V turda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzan qərb təmsilçisinin baş məşqçisi Adil Şükürovun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Hesabında xal olmayan "sarı-göylər" turnir cədvəlində sonuncu - 12-ci pillədə qərarlaşıb.
Şərhlər