İdman 14:32 27.07.2022

Kərimov: “Samir Abasovun “Neftçi”si bundan qat-qat yaxşı idi”

Bu gün "Qarabağ”, sabah isə digər klublarımız - "Neftçi”, "Zirə” və "Qəbələ” avrokuboklarda növbəti matçlarını keçirəcək. Azərbaycanın veteran futbolçularından olan, "Neftçi” və "Qarabağ”ın sabiq üzvü Aslan Kərimov komandalarımızın şanslarını dəyərləndirib. 

Millimizin sabiq futbolçusu Qaynarinfo-ya açıqlamasında əvvəlcə "Qarabağ” haqda düşüncələrini bölüşüb:

"Necə oynamaq lazım olduğunu əslində, Bakıdakı oyunun ilk hissəsində göstərdilər. Düzdür, bəlkə də azarkeş dəstəyi, Bakıdakı hava "Sürix”i şoka salmışdı. Ancaq oyuna gəlincə, "Qarabağ” pressinq edirdi və qayıdan topları mərkəzdəki oyunçular daha da irəli gedib rəqibdən almağa çalışırdı. Bu, komandanın son iki ildə üzərində dayandıqları gedişlərdir, hansı ki, dominantlıq etdikləri görüşlərdə rəqiblərə imkan vermirdilər. Bu da özünü göstərdi, iki qol vurdular. Düşünürəm ki, eyni oyunu İsveçrədə də tətbiq edəcəklər. İlk dəqiqələrdə ehtiyatlı ola bilərlər. "Sürix”in müdafiə xəttində ağır oyunçular var, baxmayaraq ki, boyları uzundur və standart vəziyyətlərdə mübarizə aparırlar. Bizim yarımmüdafiəçilər və hücumçularımız onların müdafiə xəttini rahat şəkildə yara bilirlər. Bu da rəqib meydançasında istədiyimiz nəticəni qazanmağa imkan verir. Qələbəyə inanıram. Oyundu, hesab heç-heçə də nəticələnə bilər. Amma inanıram ki, mərhələni keçən tərəf biz olacağıq. Nələrdən ehtiyat etmək lazımdır? Sözsüz, rəqib hücumlarının təşkilindən. Məşqçilərinin savadlı olduğu özünü aşkar şəkildə göstərir. Sandart vəziyyətlər əlbəttə, bizim üçün təhlükə yaradacaq. Heyətlərindəki hündürboylu futbolçular başla oyun zamanı bizimkilərdən üstün görünürdü. Düşünürəm ki, ilk oyundan sonra məşqçilər belə detalları analiz ediblər və bunun öhdəsindən gələ biləcəklər”.

Kərimov komandanın oyun üslubunda müəyyən dəyişikliklərin olduğunu bildirdi: 

"Cüzi dəyişikliklər var. Amma bu, ötən mövsümlə bağlı deyil. Futbolçular gəlir-gedir, amma bir üslubları var ki, topa sahib olmağa çalışırlar. Bunu bir neçə ildi davam etdirirlər. Sadəcə, əvvəlki illərdə topu itirdikdən sonra müdafiəyə keçid zamanı boşluqlar yaranırdı. Yəni "Qarabağ”a əks-hücumda rahat şəkildə qol vurmaq olurdu. Son iki-üç ilə yaxındır ki, bunun üzərində işləyirlər. Məsələn, Medina, Maksim rəqibin cərimə meydançasının yaxınlığında mübarizəyə girirdilər. Bilavasitə əks-hücumların qarşısını almağa çalışırdılar. Çünki əks halda arxaya uzun bir məsafə qət etməli olurlar. Oyunlarında bir balaca yaxşılaşma hiss olunur. Amma böyük mənada ciddi dəyişikliklər yoxdur. 7-8 ilə yaxındır ki, eyni oyun üslubundan istifadə edirlər”.

Keçmiş müdafiəçi digər klublarımızdan "Zirə” haqda bunları dedi: 

"Püşkdən sonra həm "Zirə” həm də "Qəbələ”nin işinin həddindən artıq çətin olacağı görünürdü. Bunun üçün futbol mütəxəssisi olmağa ehtiyac yox idi. Heyətə baxası olsaq, "Zirə” bu yarışda edə biləcəklərindən daha yuxarı tullandı. Kənardan nəsə demək çətindir, düşünürəm ki, istədikləri transferi edə bilmədilər. Bir-iki nəfər istisna olmaqla komanda yerində qalıb. Oyunçulara baxsaq, hamısı gəncdir. Ələləxsus da meydanın mərkəzindəkilər böyük təcrübəyə malik deyillər. "Makkabi” ilə oyun göstərdi ki, ustalıq səviyyəsi hər şeyi həll edir. "Zirə”nin həm ilk, həm də ikinci hissədə ev tapşırıqları, məşqçinin fikirləri meydançada görünürdü. Qol imkanlarına qədər gətirib çıxarırdı. Bilmirəm, təcrübəsizlikdən, ustalıq səviyyəsinin aşağı olmasından, ya nədəndirsə, son anda topu göyə vururdular. Buraxdıqları qollara səbəb həyəcan, cərimə meydançasının yaxınlığında itirilən toplar idi. "Makkabi” kimi komanda buraxılan cüzi səhvdən sonra məsələni həll edir. Futboldu, hər şey mümkündür, amma 0:3 hesablı məğlubiyyəti geri çevirmək çox çətindir. Qol vurmalı və qapında top görməməlisən. Rəqibin heyətindəki təcrübəli futbolçular əməlli-başlı oynayacaqlar”.

Kərimov "Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun oyun üslubunu fərqləndirdi:

"Deməzdim, Qurban Qurbanov kimidir. Qurbanın çoxtərəfliliyi yoxdur. Bəlkə də buna ehtiyac görülmür. Komandanın maddi durumu imkan verir ki, həmişə bir nömrə kimi oynasınlar, dominant olsunlar. Rəşadın komandasında isə çoxtərəflilik görünür. Üslub baxımından lazım olanda dərin müdafiəyə otururlar, yaxud hücuma atılırlar. Məşqçinin savadlılığı, əslində, bu cür hallar zamanı görünür. Nəticə isə oyunçuların keyfiyyətindən daha çox asılıdır. Bir məşqçi komandasına 30 faiz xeyir verə bilər. Qalanları isə oyunçulardan asılıdır, çünki sənin fikrini meydançada onlar icra edirlər. Hücum zamanı mərkəzdəki futbolçu top itirirsə, bu, artıq məşqçinin günahı deyil. Əslində, Rəşadı təcrübəli deyil, savadlı məşqçi kimi tanıyıram. Təcrübə zamana bağlıdır. Qurbanın 10 ildən çoxdur ki, avrokuboklarda təcrübəsi var”.

Sabiq müdafiəçi "Neftçi” və "Qəbələ”ni də analiz etdi:

"Qəbələ” əslində, ilk oyunda xoş mənada təəccübləndirdi. Xüsusən də birinci hissədə geniş şəkildə hücumların qurulması, təşkili, rəqibi öz qapısına sıxmaq, əks-hücum, hər şey var idi. Mənə elə gəlir, ikinci hissədə ehtiyat oyunçular skamyasının zəif olması, yorğunluq təsirini göstərdi. Hesab edirəm ki, dəyişikliklər oyunu gücləndirə bilmədi. Macarıstan çempionatı yaxşı, klubları güclüdür. Son illərdə qazandıqları uğurlar bunu deməyə əsas verir. Bu mənada "Qəbələ” ilk hissədə rəqibi şoka sala bilmişdi. Yenə də ustalıq sayəsində hesabı ikinci hissədə öz xeyirlərinə çevirə bildilər. "Qəbələ” çatdıra bilmirdi, nəticədə qırmızı vərəqə gördülər və qol buraxdılar. "Zirə” kimi "Qəbələ”nin də bu hesabı öz xeyirlərinə çevirə biləcəklərinə inanmıram. 3 qol vurmalısan və buraxmamlısan. Bu da o anlama gəlir ki, böyük qüvvə ilə irəli atılmalısan. Müdafiədəki oyunçuları hücuma göndərməli, risk etməlisən. Rəqibləri isə elədir ki, belə riskləri qola çevirə bilirlər. Şansları azdır. 

"Neftçi”yə gəlincə, heyətdəki dəyişikliklər, baş məşqçinin yenisi ilə əvəz olunması, transferlər, mətbuatda gedən yazılar və reklamlara görə belə fikir formalaşırdı ki, əvvəlkinə nisbətən daha böyük qüvvə sərf edəcəklər. Ümid edirdik ki, "Neftçi” Azərbaycan çempionatında "Qarabağ”a əməlli-başlı rəqib olacaq. Bunun tam əksini gördük. Ola bilsin məşqçi yenidir, hələ bunun öhdəsindən gələ bilməyib. Ancaq 70 dəqiqə ərzində "Neftçi”də nəsə oyun görə bilmədik. Yalnız uzun ötürmələrlə oynamağa çalışırdılar. Bu bir qədər acizlik kimi görünürdü. Oyun üslubu kimi uzun ötürmələrdən istifadə etmək olar. Amma bu, düşünülmüş şəkildə həyata keçirilməlidir. Görünürdü ki, oyun ərzində futbolçular, sadəcə, topu irəli vururlar. Emin Mahmudovun meydana daxil olmasından sonra yarımmüdafiə xətti yerdən ötürmələrlə oynamağa başladı. Mənə görə, Samir Abasovun komandası daha baxımlı oynayırdı. Düzdür, Samiri komandanı beşli müdafiədə oynatmağına görə tənqid edirdilər. Ancaq bu, bir üslubdur və Samirin komandası qat-qat yaxşı idi. Məhz bunun sayəsində həm çempion olmuşdular, həm də ikinci yeri tuta bilmişdilər. İndiki komandada bunu görə bilmirik. Bəzi oyunçular individual olaraq yaxşıdırlar, amma komanda şəklində ortaq məxrəcə gələ bilməyiblər. Bəlkə də qınamaq tezdir. Baş məşqçi ola bilər komandanı tam formalaşdırmayıb. Amma "Neftçi”də tələblər yüksək olur. "Qarabağ”a rəqib saydığımız baş məşqçi bunun öhdəsindən tez bir zamanda gəlməlidir. Subyektiv fikrimdir, ikili standartlar var, hamıya eyni şəkildə şans verilməlidir. Əminəm ki, "Neftçi” rəhbərliyi keçən ilkindən daha çox pul xərcləyib. Bunu yeni alınan futbolçulara baxanda görmək olur. Belə maddiyatın qarşılığında "Qarabağ”la, "Sabah”la, "Zirə” ilə rəqabət apara biləcək yaxşı komanda yaradacaqlarına ümid edirəm”.

Səbuhi Həsənov