Bir neçə gün öncə Şamaxıda açılışı olan stadionun artıq yeni sahibi də müəyyənləşib. AFFA Bakıda himayə etdiyi klublardan birini - "Keşlə”ni məhz Şamaxıya köçürmək qərarına gəlib. Şübhəsiz, futbolun rayonlara köçməsi inkişaf baxımından vacib amildir. Bəs bu köçlə bağlı "Keşlə”nin azarkeşləri nə düşünür? Onlar hər dəfə ev oyunları zamanı Şamaxıya gedib-gələcəklərmi? Ümumiyyətlə, komandanın rayona getməsi azarkeş sayına təsir edəcəkmi?
Klubun fanatları Qaynarinfo-ya açıqlamasında məsələyə belə münasibət bildirib:
Əhməd Manafov ("Keşlə”nin rəsmi fanklubunun rəhbəri):
"Hələ heç nə bilmirəm. Mənim də az öncə saytda oxuyandan sonra məlumatım oldu. Azarkeşlərimizin ora gedib-getməyəcəyi bilinmir. Bizim fanatlar Bakıda yaşayırlar deyə onları məcburən Şamaxıya apara bilmərəm. Kimlər könüllü şəkildə getmək istəyəcəksə, gedəcək. Yəqin ki, Şamaxıda da fanklub yaradacağıq. Ancaq hələ bu haqda dəqiq məlumat klubla danışıqlardan sonra olacaq. Təbii ki, azarkeşlər azalacaq. O vaxt "İnter”in adı "Keşlə”yə dəyişdiriləndə Zabratdakı fanklubumuz, ümumiyyətlə, oyunlara gəlmədi. Bunun da səbəbini "Xəzər Universiteti”nin dönəmindən komandanı Zabratda görmələri ilə izah etdilər. Onlar gəlmədiyi üçün sonradan başqa fanklub yaratdıq. Şamaxıda da yaradacağıq. Bakıdakı oyunlara insanlar yığılacaq. Ən azı mənim xətrimi istəyən dostlar iştirak edəcək. 30-40 nəfər dostumuz var ki, biz hardayıqsa, onlar da oradadırlar. Bakıda ofis açmağı da düşünürük ki, buradakı şamaxılıları cəlb edək. Deməzdim, Şamaxıda azarkeş toplamaq çətin olacaq. Məncə, bu gün hansı rayonda futbol komandası yaratsan, azarkeş artımı olacaq. Bilirəm ki, komanda Şamaxıya getsə, orada hər oyun stadionun ən azı 50 faizi dolacaq. Çünki futbol görməyən "ac” azarkeşlərdir. Onlar da futbol, uşaq məktəbləri, inkişaf istəyir. Bizə heç nə deyilməyib. Yəqin ki, rəhbərlik nə məsləhət görəcəksə, o da olacaq”.
Elnur Yusifov ("Keşlə”nin "Old Wolf” fanklubunun rəhbəri):
"Klub adını dəyişib "Şamaxı” edəcəksə, təbii ki, azarkeş azalacaq. Komandanın adı "İnter” olan vaxtlarda "Tiffozi” fanklubunu yaratmışdım. "Keşlə” "İnter”in davamçısı olduğuna və biz də komandamnızı "Canavarlar” adlandırdığımıza görə fanklubun adını dəyişib "Old Wolf”, yəni "Köhnə canavarlar” etdik. Azalma mümkündür, amma bu o demək deyil ki, biz yox olacağıq. Hər şey klubun cavabından asılıdır. Azad azarkeşlər kimi oyunlara gedəcəyik. Şamaxı futbol ənənəsi olmayan bölgəmizdir. Çox güman, orada fanklub yaradıb, kimisə rəhbər təyin edərlər. Biz də dəstəyimizi əsirgəmərik. Oyunlara tək getdiyim vaxtlar da olub. Məsələn, keçən dəfə Qəbələyə 4 nəfərlə getdik, bannerimizi açıb dəstəyimizi verdik. Sayımızdan asılı olmayaraq, komandanın yanındayıq, qarşıdakı oyunlara da gedəcəyik. Şamaxıya gedib-gəlmək? Hamının yerinə cavab verə bilmirəm. Onlar mənim övladlarım deyil ki, hamısının yerinə qərar verim. Gəlin, reallıqdan danışaq. Hamı 5 manat çörəkpulu dalınca qaçır. Mən kiməsə deyə bilmərəm ki, hər ay 30 manat kənara qoy. Bu, az pul deyil. 10 nəfərə 300 manat edir. Klubun adı dəyişsə də, fanklubumuzun adını dəyişməyəcəyik. Fanklubun adının dəyişdirilməsinə imkan vermərəm. Biz belə qalacağıq. Qəbul etsələr də, etməsələr də dəstəyimizi bu ad altında göstərəcəyik. Onsuz da klubdan maliyyələşmirik, azad qrupuq”.
Səbuhi Həsənov