Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində növbəti görüşlər baş tutub.
Qaynarinfo xəbər verir ki, əvvəlcə "Keşlə" doğma meydanda "Sabah"la qarşılaşıb. "ASK Arena"da keçirilən oyunda meydan sahibləri qələbəyə sevinib - 2:0. Qolları Merab Qiqauri (3) və Felipe Santos (90+5) vurub. Bu həm də Sənan Qurbanovun komandasının cari mövsümdə ilk qələbəsi olub. Buna qədər keçirilən 5 qarşılaşmanın 4-də məğlubiyyətə uğrayan "Keşlə" cəmi bir heç-heçə etmişdi.
Günün son matçı "Neftçi" ilə "Səbail" arasında baş tutub. "ASCO Arena"dakı görüşdə "Ağ-qaralar" rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Samir Abasovun komandasından Qolları Yusuf Laval (26) və Tyaqo Bezerra (45+1, 78) rəqib qapısından keçirib. "Səbail"dən isə görüşün son saniyələrində Nikolas Raysel (90+5) fərqlənib.
Tura sabah "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulacaq. "Azərsun Arena"da keçiriləcək görüş 19.00-da start götürəcək.
Səbuhi Həsənov