Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən dördüncü məqaləni təqdim edirik: "Prezident"
Konstitusiyamızın 8-ci maddəsində belə yazılıb:
"Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir". Bəs kimlər prezident ola bilər? Prezident hansı işləri görür?
Konstitusiyamızın 100-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları 101-ci maddə ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti səsvermə yolu ilə səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə 7 il müddətinə seçilir. Yəni, namizəd prezident seçilmək üçün səslərin yarıdan çoxunu almalıdır. Namizədlərin heç biri səslərin yarıdan çoxunu ala bilmirsə, növbəti bazar günü yeni səsvermə təyin olunur. Bu səsvermədə ən çox səs alan iki namizəd yarışır və daha çox səs alan şəxs prezident seçilir.
Prezidentin səlahiyyətləri isə Konstitusiyamızın 109-cu maddəsi ilə müəyyən edilmişdir. Bu maddəyə görə Prezidentin Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir və Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad etmək, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək, Dövlət büdcəsini Milli Məclisinin təsdiqinə təqdim etmək, qanunları imzalamaq kimi bir çox səlahiyyətləri mövcuddur. Prezidentin əsas vəzifəsi isə icra hakimiyyətini həyata keçirtməkdir.
Prezident həm də Azərbaycan dövlətinin başçısıdır. Bu məsələ 8-ci maddə ilə təsbit edilmişdir:
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanıdır.
Müəllif: Tural Cəfərov
Şərhlər