Dünya 17:31 12.08.2022

Kiyev Ankaranı təhdid etdi: Türkiyə ülgüc üzərində yeriyir (ŞƏRH)

Ukrayna artıq Türkiyəni də ittiham etməyə başlayır. Belə ki, Ukrayna Prezident Ofisi rəhbərinin köməkçisi Aleksey Arestoviç bildirib ki, Rusiya ilə əməkdaşlığı Türkiyəni pis vəziyyətə sala bilər. O qeyd edib ki, Qərb hazırda Türkiyənin siyasətindən ciddi narazıdır.
 
"Əsas ittiham ondan ibarətdir ki, Türkiyə Alyansın strateji düşməni adlandırılan Rusiya ilə xüsusi münasibətlərilə NATO-nun birliyini pozur. NATO üzvü strateji düşmən olan dövlətlə bağlı konsensusu məhv edir. Bu, son dərəcə sədaqətsiz davranışdır”, deyə Arestoviç bildirib.

Ukrayna rəsmisi vurğulayır ki, Türkiyə hakimiyyəti NATO-ya münasibətdə "ülgüc üzərində yeriyir” və artıq bir çox ölkələr tədbir görülməsinin zəruriliyindən danışır: "Burada sual ondan ibarətdir ki, NATO bunu cavabsız qoya bilərmi? Ola bilsin ki, bəzi pərdəarxası hadisələr baş verə bilər. Amma onlar NATO-nun birliyinə və nüfuzuna dəyər verirlərsə, bunu cavabsız qoya bilməzlər”.
 
Bu açıqlama onu göstərir ki, rəsmi Kiyev Ankaranın digər Qərb dövlətlərilə müqayisədə Rusiyaya münasibətdə fərqli mövqe sərgilməsindən narahatdır.

Xatırladaq ki, Ankara Qərbdən fərqli olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Əksinə, Ərdoğanla Putin arasında münasibətlər yüksələn xətt üzrə gedir. Amma bununla belə, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıdığını da bəyan edib. Həmçinin, Kiyevə hərtərəfli dəstək verməkdə də davam edir. Bu günə qədər Ukrayna ilə Rusiya arasında müharibənin gedişində əldə edilən müəyyən razılaşmalar məhz Ankaranın rolunun nəticəsidir. Türkiyə Ukraynaya öz taxılının blokadadan çıxmasına da yardım etdi. Ankara hərbi cəhətdən də Kiyevə dəstək verir. Müharibədə Türkiyə istehsalı olan "Bayraktar” dronları yenə də özünün çevikliyilə seçilməkdədir. Ukraynada "Bayraktar” istehsal edəcək zavodun işə salınacağı barədə məlumatlar da yer almışdı. Hətta Ukrayna rəsmiləri özləri bəyan ediblər ki, Ankara Kiyevə 200 zirehli transportyor verəcək.
 
Hakim "Xalqın xidmətçisi” Partiyasının deputatı Yuri Misyagin bildirib ki, artıq Ankara onun 50-sini təhvil verib. Bir sözlə, Ukraynanın təcavüzə qarşı müqavimət göstərməsində Türkiyənin də töhfəsi az deyil. Amma buna baxmayaraq, Kiyev rəsmiləri artıq Türkiyəni ittiham etməyə başlayıblar. Bu fonda bir çoxları Türkiyə-Ukrayna münasibətlərinin pozula biləcəyini iddia edir. Amma bu gözlənilən deyil. Ən azından ona görə ki, Ankara ilə indiki vəziyyətdə münasibətlərin korlanması Kiyevin özünə sərf etmir. Moskva ilə bəzi məsələlərin həllinə nail olmaq üçün Kiyevə vasitəçi lazımdır. Bu fonda ən yaxşı vasitəçi isə indiki halda məhz Türkiyədir. Çünki Rusiya digərlərinin, xüsusən də Qərbdən olan ölkələrin vasitəçiliyini çətin ki, qəbul etsin. Əlaqələrin pozulması Ukraynanın yenicə həyata keçirməyə başladığı taxıl ixracına növbəti dəfə, özü də daha ağır şəkildə zərbə vura bilər.
 
Münasibətlərdə soyuqluğun yaranması Türkiyənin Ukraynanın "Bayraktar” və digər hərbi sursatlarla təchizatına da son qoyacaq ki, Kiyev heç də bunda maraqlı deyil. Yəni, münasibətlərin pozulmasından ziyan çəkən tərəf yalnız Kiyev olacaq. Bunu Kiyev rəsmiləri, o cümlədən məsələni qaldıran Arestoviç də gözəl bilir. Buna baxmayaraq, həmin fikri səsləndirməklə düşünüb ki, bəlkə də Ankaranı tutduğu mövqeyindən çəkindirə bilər. Ola bilsin, həmin açıqlamanı verməklə Ukrayna rəsmisi həmçinin Qərbin mesajını Ankaranın diqqətinə çatdırıb. Müharibədə hər bir tərəf öz müttəfiqlərinin sayının artmasına, rəqibin isə tamamilə təklənməsinə çalışır. Bu mənada Kiyevin istəyi də başa düşüləndir. Amma bununla yanaşı, aydın məsələdir ki, bu istək baş tutan da deyil. Çünki Türkiyə müstəqil dövlət olaraq müstəqil siyasət yürütməkdə tam azaddır. Onu necə hərəkət etməyi kimsə kənardan diktə edə bilməz. Bu mənada Ukrayna üçün Türkiyə ilə münasibətləri korlamaq deyil, əksinə onu daha da inkişaf etdirmək vacibdir. Ona görə də belə yersiz, əsassız ittihamlara son versə daha yaxşı olar. 

Rüfət Sultan