
Məlum olduğu kimi, dünən Avstriyanın Bad Erlax şəhərində Azərbaycan millisi Andorra ilə heç-heçə edib.
Qaynarinfo.az oyundan sonra hər 2 komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Oynamaq istəməyən rəqibə qarşı oynamaq çox çətindir. Nəticəyə baxmayaraq I hissədən razı, II hissədən narazı qaldım. Oyunumuz alınmadı, top saxlaya, hücum qura, cinahlardan aktiv istifadə edə bilmədik. Ancaq tam narazı qaldığımı da deyə bilmərəm. Əsas heyətin 9 üzvünün bugünkü oyunda iştirak etmədiyini də unutmayaq. Meydana əsasən gənclərdən ibarət heyətlə çıxmışdıq. Biz daha yaxşı oynaya bilirik. Təəssüf ki, bu gün potensialımızı tam aça bilmədik. Gözəl futbol üçün hər iki komanda oynamalı, istəkli olmalıdır. Amma rəqib buna imkan vermədi. Gənc oyunçular pis təsir bağışlamadı, ancaq ümumi götürdükdə razı qalmadım. Budaq Nəsirov, Adil Nağıyev və Tərlan Quliyev kimi oyunçular əsas millinin formasını ilk dəfə geyinirdilər. Makedoniya və Kanada ilə qarşılaşmalarda bəzi şeyləri sınaqdan keçirmək istəyirəm”.
Koldo Alvares de Eulate (Andorra millisinin baş məşqçisi): "İlk hissə sərt mübarizə şəraitində keçdi. Ancaq rəqibin 2 çox real qol vurmaq şansı oldu. Ona görə də oyuna çıxdığımız 4-1-4-1 taktiki sxemindən II hissədə 4-4-2-yə keçdik. Bu üzdən içəridən hücumlar həyata keçirdik. Dəyişiklikdən sonra çox yaxşı oynadıq və qol vurmaq üçün çox yaxşı şanslarımız oldu. Mən 3 debütantın oyunundan razı qaldım. Onlar meydanda çox böyük əmək sərf etdilər".
Qaynarinfo.az