İdman 13:18 23.12.2022

Komanda yoldaşlarının yeni il hədiyyəsi onu şoka saldı

İtaliyanın reqbi komandası "Benetton Treviso"da oynayan Qvineya əsilli italyan oyunçu Şerif Traore maraqlı zarafatla üzləşib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, Milad bayramı münasibətilə klub daxilində anonim hədiyyə aldığı bağlamanın içərisindən çürük banan çıxdığını bildirib. 28 yaşlı futbolçunun bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Traore sosial şəbəkədəki paylaşımında komandanın oyunçuları, texniki işçiləri və əməkdaşlarının "gizli Şaxta baba” olaraq hər il Milad bayramında klubda adət-ənənəyə uyğun olaraq bir-birlərinə anonim hədiyyələr təqdim etdiklərini bildirib. O,  "Dünən növbə mənə çatanda paketimdə banan tapdım. Çantada çürük banan. Təhqir və irqçilikdən əlavə, məni daha çox incidən komanda yoldaşlarımın buna gülməsi idi. Sanki hər şey normaldır. Əsasən əcnəbi komanda yoldaşlarımdan bəziləri məni dəstəklədi. İtaliyadan kənarda belə bir hərəkət ciddi şəkildə pislənəcəkdir. Bu dəfə də sözlərimi demək istəyirəm” - deməklə narazılığını söyləyib.

Gələcəkdə başqalarının da eyni vəziyyətdə qalmaması üçün bu hadisəni sosial media hesablarında açıq şəkildə paylaşdığını bildirən Traore, ona çürük banan olan paketi göndərən şəxsin də dərs alacağına ümid etdiyini bildirib. Yaşanan xoşagəlməz haldan sonra klub tərəfindən verilən açıqlamada hər cür irqçilik, ayrı-seçkilik şiddətlə pislənilib və idmançıdan üzr istənilib.  Bəyanatda klubun hər zaman insanlara, onların mədəniyyətlərinə, etnik mənşəyinə, inanclarına və ləyaqətinə hörmətin tərəfdarı olduğu vurğulanıb. Traore, daha sonra klubdan və komanda yoldaşlarından "Milad bağışlanmadır" deyərək, üzrlərini qəbul etdiyini söyləyib. 

Səbuhi Həsənov