Dövlət Gömrük Komitəsində "Bakı Tekstil Fabriki” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.
Bu maddə ilə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
İş artıq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Porsesə hakim Solmaz Mustafayeva sədrlik edəcək.
"Bakı Tekstil Fabriki” MMC-nin 430.4-cü maddə ilə ittiham edilməsi şirkətin ölkədən pul çıxarmasına şübhələr yaradır.
Lakin MMC-nin baş müsahibi Vəfa Əsgərova isə Qaynarinfo-ya deyib ki, şirkət barəsində inzibati işin başlanılması anlaşılmazlıq üzündən olub. "Orada məhsulun kodları qeyd edilməyib. Bu baxımdan da belə bir hal yaranıb. Yəni, əslində şirkət heç bir qayda pozuntusuna yol verməyib. Biz bununla bağlı məhkəməyə müvafiq sənədləri təqdim edəcəyik və güman ki, şirkət cərimələnməyəcək”, - deyə Vəfa Əsgərova bildirib.
"Bakı Tekstil Fabriki” MMC 13 aprel 2014-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 547 863 AZN olan şirkətin qanuni təmsilçisi Babayeva Səkinə Rəşid qızıdır.
MMC əsasən məktəbli formaları istehsal edir.
Seyid