Firdovsi Fikrətzadə: "Tələbatın azalması qiymətləri ucuzlaşdırır”
Koronavirus infeksiyasının yayılmasına qarşı bütün dünyada həyata keçirilən sərt karantin tədbirləri çərçivəsində ictimai iaşə müəssisələrinin, iri ticarət və əyləncə mərkəzlərinin bağlanması bir sıra ərzaq məhsullarına olan tələbatın azalmasına səbəb olur. Bu isə həmin məhsulların qiymətində özünü büruzə verir. Maraqlıdır ki, bütün dünyada ucuzlaşma əsasən meyvə-tərəvəz məhsullarında qeydə alınır.
Qaynarinfo xəbər verir ki, Azərbaycanda da karantin rejiminə görə xiyar-pomidorun, kələmin, yerkökünün qiymətində ucuzlaşma müşahidə olunur. Köhnə kartof və soğanın qiyməti martın sonlarında bahalaşsa da, faraş məhsulların bazara çıxması ilə qiymətlərdə ciddi ucuzlaşma qeydə alınıb. Məsələn, 1,2-1,4 manata qədər bahalaşan soğan hazırda 60-70 qəpiyə, 1,5 manata qədər qiymət artımı yaşayan yerli kartof 0,9-1 manata satılır.
Qeyd edək ki, bir qayda olaraq faraş meyvə-tərəvəz qiymət bahalığı ilə seçilir. Lakin bu il koronavirus bu məhsulları yetişdirən fermerlərin gəlir əldə etmək arzusunu gözlərində qoyur. Belə ki, aprel ayının ortalarından bazara ayaq açan faraş kartof-soğan hər il olduğundan 20-30 faiz ucuza satılır. Martın sonlarından etibarən isə xiyar-pomidorun qiyməti iki dəfəyə qədər azalıb. Təzə-təzə yetişməkdə olan çiyələyin qiymətində də ötən ilə nisbətən ciddi ucuzluq müşahidə olunur.
Belə ucuzluğun səbəbi nədir: karantinə görə meyvə-tərəvəzin ixracında bir problem yaranmayıb ki? Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sualımıza cavab olaraq verdiyi məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sərhədlər fiziki şəxslərin gediş-gəlişi üçün bağlansa da, bu, yükdaşımalara aid deyil:
"Bu, bütün dünyada belədir. Dövlətlər sərhədləri yükdaşımalar üçün açıq saxlayırlar ki, ərzaq və mühüm tələbat malları ilə bağlı problemlər yaranmasın. Azərbaycan da bu qaydalara əməl edir, ölkə ərazisindən tranzit daşımalara, həmçinin ölkəyə idxal-ixraca şərait yaradır. Eləcə də bizim aqrar məhsulların ixrac olunduğu ölkələrdə də hər hansı məhdudiyyət yoxdur. Lakin aşağı-yuxarı bütün ölkələrdə karantin tədbirləri tətbiq olunduğuna görə bir sıra məhsullara tələbat azalıb. Bu isə qiymətlərin ucuzlaşması ilə nəticələnib. Yəni bizdə olan məlumat belədir ki, Azərbaycandan faraş məhsulların ixracı ilə bağlı hər hansı məhdudiyyət yoxdur, ixrac davam edir. Amma daha aşağı qiymətə satılır”.
Mərkəz direktoru onu da bildirdi ki, bu il ölkədə ötən ilkindən çox sahədə faraş kartof, soğan və çiyələk yetişdirilib:
"Əgər keçən il Azərbaycanda 5300 hektarda faraş kartof əkilmişdisə, bu il 5500 hektardan çox sahədə əkilib. Faraş soğan əkinləri təxminən dəyişməyib – hardasa 2300 hektar. Çiyələyə gəlincə, ötən il Cənub zonasında 619 hektar ərazidə tezyetişən çiyələk əkilib, bu il isə əkinlərin sahəsi 646 hektara yüksəlib:
"Hazırda fermerlərimizin əsas problemi həm ixrac bazarlarında, həm də ölkəmizdə tələbin aşağı düşməsi nəticəsində qiymətlərin aşağı olmasıdır”.
Onu da qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarı Rusiyadır: aqrar məhsulların 90 faizə yaxını məhz bu ölkənin bazarına çıxarılır. Rusiya Statistika Komitəsinin məlumatına görə, bu ölkədə iki həftədir xiyar-pomidorun ucuzlaşması fonunda kartof-soğanın bahalaşması prosesi gedir. Belə ki, 31 mart-4 aprel həftəsində soğan 11,3 faiz, kartof 4 faiz, ağ kələm 5,3 faiz, yerkökü 5,2 faiz bahalaşıb. 7-13 apreldə isə soğan 13,1 faiz, kartof 3,5 faiz, ağkələm 3,6 faiz, yerkökü 4 faiz bahalaşıb. Bu zaman xiyar 8,7 faiz, pomidor isə 5,3 faiz ucuzlaşıb. Göründüyü kimi, Azərbaycan istehsalçıları üçün Rusiyada faraş məhsullar üzrə qiymət şərtləri əlverişlidir. Lakin məsələ burasındadır ki, Rusiyada koronavirus infeksiyasının son 1 həftədə böyük sürətlə yayılması müşahidə olunur. Ölkənin əksər ərazilərində sərt karantin tədbirlərinə əl atılır. Xüsusilə əsas bazar olan Moskvada epidemioloji vəziyyətin kəskinləşməsi paytaxt sakinlərinin evdən çıxma yasağının qəbul olunmasına gətirib çıxarıb. Bu isə Rusiyada xiyar-pomidorda olduğu kimi, digər kənd təsərrüfatı məhsullarına tələbatı da azalda, qiymətləri daha da ucuzlaşdıra bilər.
Rəsmi statistikaya görə, ötən ilin aprel-may-iyun aylarında Azərbaycandan xaricə 60,5 min ton kartof, 15,7 min ton soğan ixrac olunub. Xatırladaq ki, ötən il daxili bazardakı qiymət bahalaşmasının qarşısını almaq üçün hökumət hər iki məhsulun ixracına müəyyən müddətdə məhdudiyyət tətbiq etmişdi.
F.Fikrətzadənin sözlərinə görə, pandemiyanın qiymətlərə təsiri artıq hiss olunur: "Amma bu vəziyyətdə ixrac həcminin azalması hələ ki, müşahidə olunmur. Bundan sonrası isə vəziyyətdən asılı olacaq”.
Onu da bildirək ki, xiyar-pomidor yetişdirən istixana sahibləri Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının timsalında qiymət ucuzlaşması nəticəsində zərər çəkdiklərini əsas gətirməklə dövlətdən dəstək istəmişdilər. F.Fikrətzadənin bildirdiyinə görə, hazırda bu məsələ müzakirə olunur və müzakirələr bitəndən sonra müvafiq qərar qəbul ediləcək.
Qaynarinfo-nun İqtisadiyyat şöbəsi