
Sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatında Azərbaycan yığmasının bütün potensial rəqibləri müəyyənləşib.
Qaynarinfo.az xəbər verir ki, Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Konfederasiyasının (KONKAKAF) çempionatında B qrupunda Kosta-Rikanın ardından Kuba yarımfinala vəsiqə qazanıb ki, bu da onların dünya birinciliyində iştirakını rəsmiləşdirib. Digər yarımfinalçılar isə A qrupundan Panama və Qvatemala olub. Meydan sahibi Meksika isə yarımfinala adlaya bilməyib.
Beləliklə, dünya çempionatının final mərhələsində iştirak edəcək 24 komandanın hamısının adı bəlli olub. Bunlar meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay (hamısı Cənubi Amerika), Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam (hamısı Asiya), Solomon adaları (Okeaniya), Misir, Mərakeş, Mozambik (Afrika), Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya (Avropa), Kosta-Rika, Panama, Qvatemala, Kuba (KONKAKAF) yığmalarıdır.
Qaynarinfo.az