
Bu iddia bütün gecə sosial şəbəkələrdə ən geniş müzakirə mövzusu olub
Türkiyədə AKP hökuməti ilə Fəthullah Gülənin rəhbərlik etdiyi “xidmət” hərəkatı arasında başlayan soyuq müharibə reytinq rtekordçusu “Kurtlar Vadisi Pusu” serialında da öz əksini tapıb. ANS PRESS-in xəbərinə görə, bu, xüsusilə filmin ötən axşam nümayiş olunan 218-ci seriyasında açıqca görülüb.
Filmdə Polad Alemdara bəzi vəzifəli şəxslərin polis tərəfindən saxlanılaraq dindirilmək üçün prokurorluğa aparılması xəbəri verilir. Polad isə məsələni müzakirə etmək üçün Hoca (Daha əvvəl Hoca obrazının Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun prototipi olduğu iddia olunmuşdu) ilə görüşür.
Baş verənləri təsdiqləyən Hoca aldadıldıqlarını, təmiz niyyətlərinin qurbanı olduqlarını deyir. Polad Alemdarın, “bu işləri kim təşkil edir?” - sualına isə Hoca, “Möhtərəm” cavabını verir.
Bir çox yerli xəbər saytları burda Möhtərəm deyilərək Fəthullah Gülənin nəzərdə tutulduğunu iddia ediblər. Bu iddia bütün gecə sosial şəbəkələrdə ən geniş müzakirə mövzusu olub.
Xatırladaq ki, dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya əleyhinə əməliyyatlar keçirilmiş, aralarında bəzi nazir övladları və biznesmenlərin olduğu bir çox insan həbs olunmuşdu. Bu əməliyyatları, dövlət içindəki riçaqlarından istifadə edərək Fəthullah Gülənin təşkil etdiyi iddia edilmişdi.
Qaynar.info