Xəbər lenti

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?
Ölkə 14:00 29.05.2025

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Ötən gün Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışı baş tutdu. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində istifadəyə verilən sayca üçüncü beynəlxalq hava limanıdır (Füzuli və Zəngilandan sonra). Yeni hava limanı həm geosiyasi, həm də iqtisadi və turizm baxımından ciddi əhəmiyyət daşıyır.

Qaynarinfo xəbər verir ki, bunu Operativ Media-ya açıqlamasında "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi bildirib.

"Hazırda Bakıdan Laçına təyyarə ilə səyahət üçün qiymətlər tam açıqlanmasa da, ilkin mərhələdə daxili reyslərdə subsidiyalaşdırılmış tariflər (təxminən 35–50 AZN) gözlənilir.

Əlavə olaraq, xarici turistlər üçün Laçına birbaşa uçuşlar da nəzərdən keçirilir. Laçın Hava Limanı Zəngəzur dəhlizi və Şərqi Zəngəzur iqtisadi rayonunun əsas hava qapısıdır. Bu liman bölgədə logistika, müdafiə və strateji nəzarət baxımından vacib mərkəz rolunu oynayacaq. Laçının Ermənistanla sərhədə yaxın yerləşməsi beynəlxalq nəqliyyat və diplomatik əlaqələr baxımından da önəmlidir. Laçın və ətraf rayonlar – Kəlbəcər, Qubadlı və Şuşa – dağ turizmi, sağlamlıq turizmi və ekoturizm baxımından geniş potensiala malikdir".

Ekspert bildirib ki, Hava limanı bölgəyə investor və turist axınını artıracaq, kənd turizmi, dağ otelləri və spa mərkəzlərinin yaradılmasını stimullaşdıracaq: "Laçın Beynəlxalq Hava Limanı təkcə bir nəqliyyat infrastrukturu deyil, həm də bölgənin iqtisadi reinteqrasiyası, turizm inkişafı və geosiyasi möhkəmlənməsi üçün strateji açardır. Azərbaycan regionda hava nəqliyyatı vasitəsilə dayanıqlı inkişaf modelini gerçəkləşdirməkdədir".

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ötən il hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədlərini (əks istiqamət üzrə eyni olmaqla) açıqlayıb.

Həmin vaxt Laçın Hava Limanı hazır olmadığı üçün onun adı siyahıda qeyd edilməyib.

İşğaldan azad edilən Zəngilan və Füzulidə isə biletlərin qiyməti müvafiq olaraq 83 və 78 AZN olaraq qeyd edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->