"Qalatasaray"ın UEFA Avropa Liqasındakı rəqibi "Barselona"da prezident Xuan Laporta matçdan əvvəl klubun gündəmini dəyərləndirib.
Qaynarinfo xəbər verir ki, prezident Messinin maliyyə çətinlikləri səbəbindən müqaviləsini yeniləyə bilmədiyi üçün keçən yay "Barselona"nın verməli olduğu böyük qərardan danışıb. Argentinalı ulduz La Liqanın maaş limiti qaydalarına riayət etməli olduğu üçün azad agent kimi PSJ-yə transfer edilib.
Laporta Barselona mətbuatına açıqlamasında bunları söyləyib: "Bunu heç vaxt istəməzdim, amma peşman da deyiləm. Çünki klubu hər şeydən üstün tutmalı idik və bunu etdik. Reallıqla qarşılaşdıq. "Barselona"nın tarixi davam edir. Çətin iş və yaxşı düşünülmüş qərarlarla uğura gedən yola qayıda bilərik".
Barselona prezidenti Xavi Hernandezin vaxtilə kapitanı olduğu komandanı çalışdırmaq fürsətindən maksimum yararlandığı üçün məmnun olduğunu da deyib: "Xavi, klubu tanıyan, sevən və qərarlarına hörmətlə yanaşan bir şəxsiyyətə sahib olduğu üçün "Barselona"nın ona yaratdığı fürsətə müsbət cavab verdi. O, necə oynamalı olduğumuzu dəqiq bilir, çalışqandır və futbolu sevir. O, bizə daim "Barselona"nın və komandanın nə olduğunu xatırladır. Xavi kimi məşqçiyə sahib olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, uzun illər çalışacaq və bizə zövq verəcək.
Laporta Ronald Kumanın postundan qovulmasının doğru olduğunu vurğulayıb: "Birinci mövsümdən sonra şübhələrim var idi, lakin ona hörmət edərək işlərin necə gedəcəyini görməyə çalışdıq. Ancaq elə an gəldi ki, daha bir acı qərar vermək lazım olduğunu başa düşdüm. Bunu əvvəllər etməli olsaydım? Bəli, intuisiyaya qulaq asmalıydım. Mən həmişə Kumanı "Uembli"də gənclərdən istifadə etmək cəsarətinə malik bir menecer kimi xatırlayacağam".
Səbuhi Həsənov