
Bəlkə də hüquq sahələri içərisində ən çox mübahisə doğuran məqamlardan biri vərəsəliklə bağlıdır. Təsadüfi deyil ki, günümüzədək bir çox məhkəmə çəkişmələrində bu sahə üzrə problemlərin həll olunmasına çalışılıb və çalışılmaqdadır.
Baxmayaraq ki, hazırda qüvvədə olan Mülki Məcəllənin (bundan sonra MM – S.T.) X bölməsi (13 fəsil, 184 maddə) vərəsəlik hüququna həsr olunmuşdur. Bununla belə, bəzən məcəllədəki boşluqlar üzündən, bəzən də vətəndaşların öz hüquq və vəzifələrini bilməmələri üzündən bu sahədəki problemlər tükənmək bilmir.
Ümumiyyətlə, vərəsəlik çox geniş müzakirə olunası mövzudur. Bu üzdən vərəsəliklə bağlı mövzuya daha çox dar aspektdən, belə demək mümkünsə, onun bir sahəsindən toxunmağa çalışdıq. Daha da konkretləşdirsək, vərəsəlik zamanı ölənin borclarının olduğu üzə çıxarsa, yarana biləcək problemləri necə həll etmək çərçivəsində məsələyə yanaşdıq.
İlk növbədə əlimizdə olan qanunvericiliyə əsasən onu qeyd edək ki, MM-in 72-ci fəslində (Vərəsələr tərəfindən kreditorların təmin edilməsi) bu mövzuya toxunulub. Bu fəsildə 11 maddə əks olunsa da, sonradan 3 maddə (“Kreditorların tələblərinin irəli sürülməsi müddəti”, “Ümumi iddia müddətlərinin tətbiqi” və “Kreditorların təmin edilməsi qaydası”) məcəllədən çıxarılıb.
Məsələni konkret kazus üzərində həll etməyə çalışdıq ki, sadə oxucular üçün də anlaşıqlı olsun. Beləliklə...
Əliyev Adil həyat yoldaşı Əliyeva Nadyanın adına olan 3 otaqlı mənzildə yaşayır. Bu evdə bu ailənin böyük oğlu Əliyev İntiqam və onun həyat yoldaşı Əliyeva Gülarə də qeydiyyatdadır. Həmçinin onun kiçik oğlu Əliyev Samir evləndikdən sonra atası tərəfindən başqa mənzillə təmin olunub. Atanın şəxsi əmlakı kimi 1 avtomobili də var. Həm ev, həm də avtomobil birgə nikah olan müddətdə alınıb. Günlərin bir günündə ata 57 yaşında gözlənilmədən vəfat edib. Müəyyən olunub ki, ölüm onu gözlənilməz haqladığından, atanın vəsiyyətnamə tərtib etməyə imkanı olmayıb. Həmçinin o da sonradan üzə çıxıb ki, atanın banka borcu varmış".

Bu məsələdə borcların kim tərəfindən ödənilməsini bilmək üçün əvvəlcə ondan öncəki məsələləri müəyyənləşdirmək mütləqdir. Məhz bu səbəbdən əvvəlcə bir neçə suala cavab tapmalıyıq.
1-ci sual. Vəsiyyətnamə yoxdursa, miras nəyə əsasən bölünəcək?
Bu suala cavab tapmaq üçün MM-in 1133 və 1159-cu maddələrinə nəzər yetirmək kifayət edir. Belə ki, 1133-cü maddədə göstərilib ki, ölmüş şəxsin əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Ortada vəsiyyətnamə olmadığı üçün 1133-cü maddənin 2-ci bəndinə nəzər salırıq: “Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Beləliklə, miras vəsiyyətnamə olmadığı halda belə, qanun üzrə bölünəcək.
2-ci sual. Qanun üzrə vərəsələr kimlərdir?
MM-in 1134-cü maddəsinə istinad etsək görərik ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159-cü maddədə isə qanun üzrə vərəsə ola biləcək şəxslərin siyahısı növbəlilik prinsipinə görə kateqoriyalara bölünüb. Bu iş üzrə bütün maddəni izah etməyə ehtiyac yoxdur. Çünki məcəlləmizdə aşkar şəkildə göstərilib ki, ilk növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad və valideynlər qanun üzrə vərəsə ola bilərlər. Bunlar olmadığı halda digər növbəlilik prinsipinə nəzər yetirmək mümkündür. Ancaq nümunə çəkdiyimiz işə baxdıqda, ölən şəxsin uşaqları və həyat yoldaşının sağ olduğunu, miras qoyanın ölümündən sonra uşaq doğulmadığını və onun valideynlərinin sağ olub-olmaması haqda heç nə deyilmədiyi görünür. Deməli, qanun üzrə vərəsələr onun 2 oğlu və həyat yoldaşıdır.
3-cü sual. Mirası nə təşkil edəcək?
Bunun üçün yenə MM-ə müraciət edirik. 1155-ci maddədə mirasa daxil olmayan əmlaklar göstərilib: “Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür”. Burdan belə aydın olur ki, ölən şəxsin əmlakı kimi atanın evi və şəxsi avtomobili onun mirasına daxildir. Bəs, görəsən, bu daşınar və daşınmaz əmlakın hamısımı mirasa daxildirmi?
Bunun üçün tanınmış hüquqşünas Müzəffər Baxışın fikirlərinə ehtiyac duyduq: “Ərlə arvad evi, avtomobili və digər daşınar əmlaklarını birgə nikahda olduqları müddətdə aldıqlarından, o zaman ataya məxsus 50 faiz miras kimi qəbul olunur. Məhz qanun üzrə vərəsələr – arvad və 2 oğul həmin 50 faizi miras kimi qəbul edə bilər. Digər 50 faiz isə ananın mülkiyyəti hesab olunduğundan, o, miras kimi göstərilə bilməz”.
4-cü sual. Ölən şəxsin borclarını ödəmək kimə həvalə olunmalıdır?
MM-in 1151-ci maddəsinə əsasən deyə bilərik ki, vərəsələrə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları və vəzifələri (miras passivi) keçir. Beləliklə, qanunvericiliyin tələblərinə uyğun müddətdə mirası qəbul etmiş vərəsə müəyyən pay alır və bu pay üzərində hüquqlar əldə etdiyi kimi, əldə etdiyi paya uyğun ölən şəxsin vəzifələrini icra edir. Yəni, həm ölənin həyat yoldaşına, həm də 2 övlada atanın öhdəlikləri də keçir.
5-ci sual. Ölən şəxsin bütün borclarının ödənilməsi mütləqdir?
Bu suala birmənalı şəkildə belə cavab vermək olar: Yox! Belə ki, MM-in 1306-cı maddəsində vərəsələrin kreditorlar qarşısında məsuliyyətindən bəhs olunur: “Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Bu maddənin məzmunu ondan ibarətdir ki, vərəsələr ölən şəxsin borclarını öz miras paylarına uyğun olaraq birgə ödəməyə məhkumdurlar.
Buna yenə ekspertimiz Müzəffər Baxış vasitəsilə aydınlıq gətirdik: “Deyək ki, atanın banka 100 min manat borcu var. Miras əmlakın isə ümumi qiyməti 75 min manat edir. Bu halda vərəsələr MM-in 1307-ci maddəsinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidirlər. Bu sübut olunsa, vərəsələr banka özlərinə çatan miras payın həcmində ödəniş etməlidirlər. Yəni 3 vərəsə 25 min manat dəyərində, ümumi şəkildə 75 min manat banka borclu sayılırlar”.
Vərəsəlikdə borclarla bağlı təcrübədə yaranan problemlər
Sonuncu qeyd etdiyimiz məsələ bu mövzuda ən çox problem doğuran hallardan biridir. Vəkil Adil Dadaşov da belə bir işlərdən birində məhkəmədə nümayəndə qismində iştirak edib və bu problemlə rastlaşıb: “Ölən şəxsin bir banka borcu vardı. Məhkəmədə onun oğlu hüquqi varis kimi tanınmışdı. Qanunvericiliyə görə, miras paya uyğun şəkildə borclar ödənilməlidir. Baxmayaraq ki, miras pay bütün borcları bağlamağa imkan vermirdi, ancaq bank bütün pullarını istəyirdi. Nəticədə iş məhkəməyə getdi. Təəssüf ki, məhkəmə bankın xeyrinə qətnamə çıxardı. Ali Məhkəmə də həmin qətnaməni qüvvədə saxlayınca, Konstitusiya Məhkəməsinə müraciət etdik. Hazırda iş Konstitusiya Məhkəməsindədir”.
Dadaşov vərəsəlik hüququnda borc məsələsi zamanı bankların öz pullarını itirməmək üçün nəyin bahasına olur-olsun, bütün borcun vərəsələrdən tələb edilməsini qanunazidd əməl sayır: “Borclar notarial qaydada vərəsələrə keçir. Maraqlı burasındadır ki, bəzən ortada heç bir miras olmur və ya vərəsə mirasdan imtina etmiş olur, ancaq kreditor təşkilat yenə ölən şəxsin hüquqi varisindən borcları ödəməyi tələb edir. Banklar deyir ki, sən borcu olan adamın qızı və ya oğlusansa, deməli, vərəsəsisən və ondan qalan borcu ödəməlisən. Halbuki bizim məcəllə bunun əksini deyir. Bizim məcəllənin tələbi budur ki, mirası qəbul etmisənsə, aldığın pay həddində borcu ödəməlisən. Təcrübədə belədir ki, banklar icra nümayəndəliyinə arayış yazır ki, ölən adamın övladları müəyyən edilsin. Bu, müəyyən edildikdən sonra onlar həmin şəxs və ya şəxslərdən qanunsuz şəkildə borcları tələb edirlər. Bəlkə vərəsə mirasdan imtina edib və ya bəlkə 1137-ci maddəyə əsasən həmin şəxs ləyaqətsiz vərəsə elan edilib. Amma miras qəbul olunubsa və vərəsə hətta borcu sonra bilibsə belə, həmin borc miras əmlak həddində ödənilməlidir".
Dünya praktikasında bu məsələ necədir?
Bu suala cavab tapmaq üçün hazırkı Məcəlləyə əlavə və dəyişikliklər üzərində işləyən, daha çox bank hüquqü üzrə mütəxəssis olan Əkrəm Həsənovla əlaqə saxladıq. O, vərəsəlik hüququnda borc məsələsinin bizim məcəllədə daha ədalətli olduğunu bildirdi: “Düşünürəm ki, bizim məcəllə tam ədalətlidir. Çünki borclar qəbul edilən miras payın həddində ödənilir. Ancaq dünya praktikasına nəzər salsaq, başqa yanaşmanın da olduğunu görərik. Belə ki, miras qəbul edildisə, ölən şəxsin bütün borcları vərəsəyə keçir. Vərəsələr isə mirasın dəyərindən asılı olmayaraq, borcları ödəməlidirlər. Axı, niyə görə atanın bütün borclarına görə övladı əziyyət çəkməlidir? Ancaq əksər ölkələrdə bu məsələyə yanaşma bizdəki kimidir”.

Ölən şəxsə kiminsə borcu varsa...
Burda həm də maraqlı məqam ondan ibarətdir ki, ölən şəxsə də kiminsə borcu ola bilər. Lakin nədənsə bu məsələ MM-də aşkar şəkildə göstərilməyib. Bəs bu borcu almaq üçün vərəsə nə etməlidir? Adil Dadaşovu dinləyək: “Mülki-Prosessual Məcəlləyə əsasən prosessual hüquqi varislik var. Ölən adamın övladı məhkəmə vasitəsilə özünü hüquqi varis kimi tanıtmalıdır. Tanındısa, bundan sonra onun atasına borcu olan şəxs və ya şəxslərdən tələb etmə hüququ yaranır”.
Beynəlxalq hüquqda varislik
Göründüyü kimi, yuxarıda qeyd olunanlardan ümumi belə nəticəyə gəlmək olur ki, mirası qəbul edən şəxs ölmüş şəxsin vəzifələrini də icra etmək durumunda qalır (burda söhbət qanun üzrə vərəsəlikdən gedir, vəsiyyətnamə üzrə vərəsəlik zamanı vəsiyyət edən borcların ödənilməsini vərəsələrdən bir və ya bir neçəsinə həvalə edə bilər – S.T). Həmçinin mirası qəbul edən şəxs ölmüş şəxsin borcludan tələb etmə hüququna da yiyələnə bilir. Azərbaycanda faiz nisbəti ilə götürdükdə, vəsiyyətnamələr çox az hallarda tərtib edilir. Belədə daha çox qanun üzrə vərəsəliyə müraciət edilir. Qanun üzrə vərəsə isə ölmüş şəxsin borclarını bildiyi halda, payından imtina edə bilər. Belədə o həm də borcdan azad olur.
Məhz bu məsələnin bənzəri beynəlxalq hüquqda dövlətlərin varisliyi ilə eynilik təşkil edir. Əgər dövlətləri bir anlıq fiziki şəxs kimi təsəvvür etsək, siz özünüz də bu sözləri təsdiqləmiş olacaqsınız. Belə ki, 1983-cü il Vyana Konvensiyasına görə, əsas prinsip ondan ibarətdir ki, dövlətlərin varisliyi özlü-özlüyündə kreditorların hüquq və öhdəliklərinə xələl gətirmir. Yəni, dövlət parçalandıqda, dövlətin dövlət borcu varis dövlətlər arasında ədalətli qaydada bölüşdürülür.
Uzağa getməyək. SSRİ-nin xarici borcu haqqında məsələ SSRİ-nin dövlət borcu və aktivlərinə münasibətdə varislik haqqında 1991-ci il 4 dekabr tarixli Müqavilədə və bu Müqaviləyə əlavələr haqqında 1992-ci il 13 mart tarixli Sazişdə öz həllini tapmışdır. Bu müqavilələrdə dövlət borcunun müvafiq paylarla bölüşdürülməsi prinsipi əsas götürülmüşdür. Lakin sonralar SSRİ-nin xarici borcu üzrə ümumi məsuliyyətini digər varis dövlətlərlə ikitərəfli sazişlər əsasında Rusiya öz üzərinə götürdü. Azərbaycan Rusiya ilə bağladığı müqaviləyə əsasən SSRİ-nin borclarını ödəməkdən azad edildi, həmçinin SSRİ-nin malik olduğu müəyyən hüquqlardan da imtina etmiş oldu...
Səbuhi TOFİQOĞLU