İdman 14:45 16.01.2023

Lənkəranda yeni futbol klubu yaranır? - “Məlumatları məxfi saxlayırıq…”

"Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmasından sonra Lənkəran futbolunda eniş yaşandı. Buna baxmayaraq, Lənkəran Region Liqasında təmsil olunur. Son vaxtlar, bu bölgədə daha peşəkar komanda yaradıb yüksək liqalarda çıxış etməklə bağlı tez-tez müzakirələr aparılır. Amma sponsor məsələsi bütün arzuların üzərindən xətt çəkir. Buna rəğmən, Lənkərandakı mənbələrin verdiyi məlumata görə, artıq yeni klub yaratmaqla bağlı çalışmalara başlanılıb. Kluba "Xəzər Lənkəran”ın stadionunun direktoru Höccət Hacıyevin rəhbərlik edəcəyi bildirilir. 

Məsələ ilə bağlı Hacıyev Qaynarinfo-ya açıqlama verib. O, hər zaman belə ideyalarının olduğunu amma, hazırda klub yaratmaqla bağlı müzakirələr aparılmadığını bildirib:

"Bu məlumat hardandır? Biz həmişə istəyirik ki, Lənkəranda klub yaransın, futbol olsun. Bu, bütün Lənkəran ictimaiyyətinin böyük arzusudur. Bu məlumatı hardan almısınız, bilmirəm, amma belə bir şey olsa, çox sevinərik. Hazırda məndə belə məlumat yoxdur. Mümkündür ki, gələcəkdə olsun. Lakin son vaxtlar bununla bağlı heç kimlə müzakirələr aparmamışıq. Region Liqasında təmsil olunuruq. Oyunlarımız davam edir”.

O, Region Liqasından yüksək dəstəyə gəlmək istədiklərini, lakin sponsor məsələsinin buna əngəl olduğunu deyir:

"Bunun üçün hər zaman potensial var. Hər şey sponsorların gücündən asılıdır. Bilirsiniz ki, futbol maliyyə durumuna bağlıdır. Onsuz da fikrimiz Birinci Divizionda çıxış etməkdir. Hazırda bu komandaya Lənkəran ictimaiyyəti maliyyə dəstəyi verir. Region Liqasında elə də böyük məbləğ lazım olmur. Əksər komandalar həvəskar kimi oynayırlar. Sponsor axtarışlarını davam etdiririk. Ancaq bununla bağlı məlumatları məxfi saxlayırıq. İnşallah görək nə olacaq. Axtarış ola bilər, əsas nəticədir. Hələ ki, ortada müsbət nəticə yoxdur”.

Səbuhi Həsənov