Xəbər lenti

Limon qabıqlarını atmayın: Ev təmizliyində güclü və qənaətcil üsul
Ölkə 17:57 05.01.2026

Limon qabıqlarını atmayın: Ev təmizliyində güclü və qənaətcil üsul

Hər gün zibilə atılan limon qabıqları ev təmizliyində güclü vasitəyə çevrilə bilər. Bir neçə sadə inqrediyentlə hazırlanan bu təbii qarışım mətbəxdən sanitar qovşaqlarına qədər bir çox səthdə effektiv nəticə verir və bahalı deterjanlara alternativ hesab olunur.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər qeyd edib ki, limon qabıqlarında olan təbii yağlar və limon turşusu yağları parçalayır, kirəci yumşaldır və xoş qoxu yaradır. Duz, karbonat, alma sirkəsi və qabyuyan maye ilə birləşdirildikdə isə ortaya qatılığı yüksək, xoş ətirli və büdcəyə uyğun təmizlik konsentratı çıxır.

Ev üsulu hazırlanan təmizləyici niyə effektlidir?

Təmizlik məhlulunda istifadə olunan hər bir komponentin ayrıca funksiyası var. Limon qabıqları yağ həlledici və dezinfeksiyaedici xüsusiyyət göstərir. Duz təbii aşındırıcı rolunu oynayaraq bərkimiş çirklərin yumşalmasına kömək edir. Karbonat pis qoxuları neytrallaşdırır və səthləri daha rahat təmizləməyə imkan yaradır. Alma sirkəsi antibakterial və antifungal təsir göstərir. Qabyuyan maye isə yağ təmizləmə gücünü artıraraq qarışıma jeləbənzər qatılıq verir.

Bu qarışım qazan və tavalar, əl üz yuyan və kranlar, kafel səthlər, plitə və paslanmayan polad məmulatların təmizlənməsində geniş istifadə oluna bilər.

Təbii təmizləyici necə hazırlanır?

Reseptə əsasən, bir litr suya beş limonun qabığı əlavə olunur və qarışım qızdırılır. Daha sonra duz və karbonat qatılaraq qarışdırılır. Qaynama həddinə çatdıqda məhlul süzülür və üzərinə alma sirkəsi ilə qabyuyan maye əlavə edilir. Nəticədə bir neçə şüşəlik hazır məhsul əldə olunur ki, bu da ailə büdcəsinə ciddi qənaət deməkdir.

Harada və necə istifadə edilməlidir?

Hazırlanan təmizləyici yanmış qazan və tavaların üzərində, paslanmayan polad səthlərdə, əlüz yuyan və kranlarda, həmçinin kafel və mətbəx tezgahlarında təsirli nəticə verir. İnadkar yağ ləkələri olan yerlərdə isə məhlul durulaşdırılmadan istifadə oluna bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, təbii daş səthlərdə, xüsusilə mərmər və qranit üzərində bu qarışımın istifadəsi məsləhət görülmür. İstifadədən əvvəl həssas səthlərdə kiçik bir sahədə sınaq aparmaq tövsiyə olunur.
 
Günay
--> -->