
Dünən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən görüşlərdən biri penaltilər seriyası ilə yekunlaşıb. Söhbət Budapeştdə Macarıstanın "Ferentsvaroş" klubu ilə Albaniyanın "Partizani" komandaları arasında keçirilən oyundan gedir.
Qaynarinfo.az xəbər verir ki, Tiranadakı və Budapeştdəki matçlar 1:1 hesabı ilə başa çatdığından, əlavə 30 dəqiqə oynanılıb. Bu dəqiqələrdə də əlavə qol vurulmayınca, penaltilər seriyasına müraciət edilib.
Maraqlıdır ki, "Partizani"dən ilk penalti zərbəsini yerinə yetirməli şəxs komandanın qapıçısı və kapitanı Alban Hoca olub. 28 yaşlı qolkiper əvvəlcə "Panenka zərbəsi" (qapıçının başı üstündən qapıya göndərilən paraşüt zərbəsi - red.) ilə qol vurmaqla hamını təəccübləndirib.
Hoca daha sonra isə komandasının qəhrəmanına çevrilib. O, vaxtı ilə İngiltərədə "Vest Bromviç" və "Fulhem" klublarında çıxış etmiş Zoltan Qera, Almaniya və Türkiyədə oynamış slovak Stanislav Şestak və ekvadorlu Kristian Ramiresin penalti zərbələrini dəf edib.
Qeyd edək ki, penaltilərdə 3:1 hesabı ilə qalib gələn "Partizani"də lotereyalar seriyasından uğursuz ayrılan yeganə futbolçu ötən mövsüm Bakının "İnter" klubunda oynamış Emilyano Vila olub. 28 yaşlı yarımmüdafiəçi topu kənara vurub.
Qaynarinfo.az