“LSpace” yay mövsümündən payıza keçid dövrü üçün yeni geyim kolleksiyasını təqdim edib.
Kaliforniyada yerləşən brendin “Everyday” adlı yeni kolleksiyası yaydan payıza uyğunlaşdırılmış, bir-biri ilə rahat kombin edilə bilən və gündəlik idman üslubunu əks etdirən geyimlərdən ibarətdir.
Kolleksiya hazırda “LSpace”ın rəsmi saytında satışdadır.
“‘Everyday by LSpace’ brendin təbii inkişafının bir hissəsi kimi formalaşdı. Həyat tərzi brendi olaraq biz müştərilərimizi həyatlarının hər bir mərhələsi üçün geyindirmək istəyirik — istər hava limanına getsinlər, istər fermer bazarına baş çəksinlər, istərsə də axşam şəhərə çıxsınlar”, — “LSpace”ın kreativ və dizayn üzrə vitse-prezidenti Alissa Bristou bildirib.

Onun sözlərinə görə, “LSpace”ın daha çox səyahət və istirahət yönümlü kolleksiyalarından fərqli olaraq, “Everyday by LSpace” daha təkmilləşdirilmiş gündəlik idman geyimlərinə, məşqdən sonra geyinmək üçün nəzərdə tutulan kombinlərə və gün ərzində müxtəlif şəraitə rahat uyğunlaşan universal baza modellərinə fokuslanır.
“‘LSpace’ həmişə yüksək keyfiyyəti və parçalarının xoş toxunuşu ilə tanınıb. Bu kolleksiya da istisna deyil. Buraya son dərəcə yumşaq futbolkalardan tutmuş rahat və asan geyinilən, qısa müddətdə gündəlik qarderobun əsas hissəsinə çevrilə biləcək modellərə qədər müxtəlif məhsullar daxildir”, — Alissa Bristou əlavə edib.
“Everyday” kolleksiyasının əsasını rahat, eyni zamanda daha zərif görünüşə malik gündəlik modellər təşkil edir. Düyməli köynəklər, tennis donları və beysbol papaqları da “LSpace”ın yeni xəttində yer alıb. Bununla brend gündəlik idman üslubuna dair ənənəvi yanaşmanın sərhədlərini genişləndirməyə çalışır.

Kolleksiya XS-dən XL-dək ölçülərdə təqdim olunur. Qiymətlər 48-165 dollar arasında dəyişir.
“LSpace” kolleksiyaya klassik baza geyimləri daxil etməklə yanaşı, onları daha diqqətçəkən rənglərlə tamamlayıb. Brend bununla payız mövsümündə aktuallığı artan parlaq rəng tendensiyasını izləyir. Daha ifadəli modellər isə vahid və monoton görünüşü Kaliforniya üslubuna xas rahatlıqla yumşaldır.
“Everyday” xətti “LSpace”ın çimərlik geyimlərindən kənara çıxaraq məhsul çeşidini genişləndirməsi istiqamətində növbəti addımdır. Monika Uayz tərəfindən 1999-cu ildə yaradılan brend əsasən çimərlik geyimləri, kapsul kolleksiyalar və müxtəlif mövsümi xətləri ilə tanınır.

Daha əvvəl “LSpace” sosial media siması “The Salty Blonde” ilə əməkdaşlıq edərək istirahət və çimərlik mövzusuna uyğun kapsul kolleksiya təqdim etmişdi.
Kaliforniya rahatlığını əks etdirən daha təkmilləşdirilmiş baza modelləri “LSpace”ın geyim kolleksiyalarında yeni mərhələnin əsasını qoyur. Yay mövsümünün çimərlik geyimlərindən uzaqlaşan yeni xətt qarşıdakı aylarda həm ayrı-ayrılıqda, həm də bir-biri ilə uyğunlaşdırılaraq istifadə edilə bilən geyimlər vasitəsilə gündəlik obrazlar yaratmağa imkan verir.
Cavid
Şərhlər