Xəbər lenti

Lütfi Zadə dəfn olundu (FOTOLAR/YENİLƏNİB)
Ölkə10:02 29.09.2017

Lütfi Zadə dəfn olundu (FOTOLAR/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub.

APA-nın məlumatına görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb.

 Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər.

***

Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vida mərasimində iştirak etmək üçün AMEA-nın Əsas binasına gəlib. "Report"un məlumatına görə, onu hökumət rəsmiləri müşayiət edir.

***

10.44

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayıb

"Report" xəbər verir ki, onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edirlər.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

***

10.15

Dünya şöhrətli alim Lütfü Zadənin cənazəsi bu gecə saat 03.00 radələrində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki,, məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub. Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılır. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

***

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Bakıya gətirilib.

"Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, alimin cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Xəbər verildiyi kimi, cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.

Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Qaynarinfo.Az