Xəbər lenti

Mahir Şükürov: “Bəlkə gələcəkdə Ronaldonun formasını hərraca çıxardım”
İdman14:27 07.09.2021

Mahir Şükürov: “Bəlkə gələcəkdə Ronaldonun formasını hərraca çıxardım”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyanı qəbul edəcək. Şübhəsiz, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız haqda nikbin fikirlər səsləndirənlərin sayı barmaqla sayılacaq qədərdir. Əksər fikirlər məhz komandamızın meydandan uğursuz nəticə ilə ayrılacağı yönündədir. Bəs millimizin sabiq futbolçusu Mahir Şükürov nə düşünür? 
Vaxtilə yığmamızın heyətində Portuqaliyaya qarşı oynamış, hətta Kriştiano Ronaldo ilə formasını da dəyişməyə müvəffəq olmuş veteran futbolçu Qaynarinfo-ya müsahibəsində aşağıdakı fikirləri səsləndirib:
- Portuqaliya ilə oyunda şanslarımızı necə dəyərləndirirsiniz?
- Həqiqətən oyun ağır olacaq. Rəqib Portyuqaliyadır. Şanslara gəlincə, desəm ki, uda bilməyəcəyik, pis başa düşəcəklər. Desəm, udacağıq, sonra danışacaqlar ki, real yanaşmır. Məncə, evdə bərabərlik yaxşı nəticədir. Ancaq bunun üçün uşaqlar vuruşmalıdır. Meydanın hər santimetri uğrunda mübarizə aparmalıdırlar. Portuqaliya kimi yığmalar bizim kimi ölkələrin komandalarını rahat buraxmırlar, istəyirlər ki, xal alsınlar. Ona görə də çalışacaqlar ki, qələbə qazansınlar. Çətin olacaq, millimizə uğurlar arzulayıram, kim güclüdürsə, o da qələbə qazanacaq.
- Vaxtilə millimizin heyətində Portuqaliyaya qarşı çıxış etmisiniz. Həmin komanda ilə indikini müqayisə etsək, hansı daha güclüdür?
-  Əlbəttə, biz oynadığımız Portuqaliya indikindən güclüdür. Çünki o vaxt heyətlərində adlı-sanlı futbolçular daha çox idi. İndi həmin heyətdən, cəmi bir neçə futbolçu – Pepe, Moutinyo, Ronaldo qalıb. İndiki heyət də zəif deyil. Ümumiyyətlə, belə milli komandaların heyətləri zəif olmur. Müqayisə etsək, ovaxtkı futbolçu seçimləri indikindən çox üstün idi. 
- Ronaldonun oynamaması bizi ümidləndirə bilərmi?
- Açığı, əvvəlcədən bilirdim ki, Ronaldo gəlib Bakıda oynamayacaq. Bilirdim ki, bir sarı vərəqəsi var, ikincini də alıb Bakıya gəlmək istəməyəcək ki, gedib "Mançester Yunayted”də rahat şəkildə məşqlərini keçirsin və İngiltərə çempionatında növbəti oyuna hazırlaşsın. Düzdür, Ronaldo Portuqaliyanın danılmaz lideridir. Ancaq onun əvəzinə meydana buraxılan futbolçu da özünü göstərmək istəyəcək. Məncə, onun oynamamasının elə də çox fərqi olmayacaq. O vaxt biz Bakıda oynayanda da Ronaldo meydana çıxmadı. Oynamaması ona görə yaxşıdır ki, futbolçularımızın əksəriyyətinin fikri onda qalır. Oynaması isə ona görə yaxşıdır ki, bütün komanda ötürmələri ona verir. İstəyirlər ki, qol vursun. Onun yoxluğunda bütün komanda əzmkarlıq göstərməyə, kollektiv şəkildə oynamağa çalışacaq. 
- Portuqaliyadan Bakıda bir xal götürmək mümkündürmü? Bunun üçün təkcə əzmkarlıq yetərlidir? 
-  Düzgün taktika seçilməlidir. Onlarla açıq futbol oynamaq olmaz. Qapalı, əks-hücumlarla oynamaq lazımdır. Bir də ki rəqibi hirsləndirmək, vaxt aparmaq lazımdır. İstər-istəməz vaxt getdikcə, futbolçu qol vura bilmədikcə hirslənəcək. 
- Heyətimizdə itkilər var. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə sarı vərəqə limitini doldurduğuna görə meydana çıxa bilməyəcək. Belə olan halda Portuqaliya qarşısına start heyətdə hansı futbolçular çıxarılmalı və necə taktika seçilməlidir?
- Digər futbolçuları demirəm, amma Maksimin oynamaması pis oldu. Çünki millidə hamıdan böyükdür, kapitandır. Digərlərini əvəzləyəcək futbolçular var. Məncə, 4-5-1 taktiki sxemi seçilməlidir. Çünki bizdə üç müdafiəçi ilə oynamaq alınmır. Buna uyğun müdafiəçilərimiz yoxdur. Heyətlə bağlı nəsə deyə bilmərəm.
- Portuqaliya ilə qarşılaşmalarda bir dəfə qələbə qazanmaq şansımız olub. Ancaq məğlubiyyətdən xilas ola bilmişdilər. Maraqlıdır, bu rəqibi məğlub etmək xəyallarımız nə zaman gerçəkləşə bilər?
- Həmin vaxt işıqlar söndüyü üçün oyunu təxirə salmışdılar. Sonradan qarşılşama 1:1 hesabı ilə bitdi. Portuqaliyanı məğlub etmək üçün, onlardakı kimi uşaq futbol akademiyaları olmalıdır. Uşaq futbolunda düzgün məşqçilər məşq keçməlidir. Yoxsa bizdəki kimi... Kimlərəsə kateqoriya verib, sonra da gətirib məşqçi qoyublar. Ona görə də futbolçu yetirşmir. Kənardan gətirib oynadırlar. Portuqaliyada isə futbolçu yetişir. Peşəkar iş görürlər. Belə olmasa, mümkün deyil.
- O vaxt Portuqaliya ilə oyunda Ronaldo ilə formanı dəyişdirmişdiniz. Həmin formanı saxlayırsınız?
- Əlbəttə saxlayıram, bu bir tarixdir. Özümüz də görürük ki, Ronaldo hər kəslə forma dəyişmir. Ancaq mənə qismət olub. Azərbaycanlı futbolçuların içində Ronaldo ilə formasını dəyişən yeganə futbolçu mənəm. Bu, həqiqətən sevindiricidir ki, 10 milyonluq əhalinin içində Ronaldo ilə forma dəyişən azərbaycanlı futbolçu da olub.
- Onu gələcəkdə kimlərəsə hədiyyə etmək fikriniz ola bilərmi?
- (Gülür) Xeyr, niyə hədiyyə verim ki? Dükanda satılmır ki, alasan. Bu, oyunda əyindən çıxan maykadır. Dükanda satılanla, oynadığın rəqibdən aldığın mayka fərqlidir. Çox adam istəyib verməmişəm. Bu da mənim tariximdir. Ümumiyyətlə, məndə təkcə Ronaldonun deyil, çox adlı-sanlı futbolçuların formaları var.
- Maraqlıdır, o formanı sizdən almaq üçün qiymət, pul təklif edənlər olub? 
- Bəli olub. 40-50 min manat təklif edənlər olub, amma verməmişəm. Bəlkə gələcəkdə hərraca çıxardım...
Səbuhi Həsənov