Xəbər lenti

Mail Yaqub:
Ölkə 17:34 29.06.2026

Mail Yaqub: "Ailə ilə bağlı hər kəsin ekspert kimi danışması yolverilməzdir"

"Bu, həm çox həssas, həm də son dərəcə ciddi mövzudur. Ailə institutu ilə bağlı maarifləndirmə işi davamlı aparılmalı, təlimlər təşkil edilməlidir. Ancaq bu işlə yalnız peşəkar və səlahiyyətli şəxslər məşğul olmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub, Xalq artisti Nurəddin Mehdixanlının televiziya verilişlərində çıxış edən bəzi ekspertlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Sosioloq aktyorun mövqeyi ilə tam razı olduğunu bildirib:

"Bu gün Azərbaycanda boşanmaların sayı çox ciddi həddə çatıb. Statistikaya görə, bu göstərici artıq 50 faizi ötüb. Bunun əsas səbəbləri ailədaxili  etimadsızlıq, qarşılıqlı inamın zəifləməsi, mübahisələr və dedi-qodulardır".

Mail Yaqubun sözlərinə görə, ailə münasibətləri kimi həssas mövzularda hər kəs ekspert qismində çıxış etməməlidir:

"Bəzən görürsən ki, bu mövzuda danışmağa nə peşəkar, nə də mənəvi haqqı çatmayan insanlar cəmiyyətə məsləhət verir. Öz ailəsində sağlam  model yarada bilməyən şəxs ailə psixoloqu kimi çıxış edir. Belə mövzularda yalnız söz deməyə haqqı çatan insanlar danışmalıdır. Əks halda bunun heç bir faydası olmayacaq. Əksinə, insanlar belə çıxışlardan  narazı qalır və onlara etibar etmirlər".

Qeyd edək ki, Xalq artisti Nurəddin Mehdixanlı  boşanmaların artması ilə bağlı danışarkən televiziya proqramlarında çıxış edən bəzi ekspertləri sərt tənqid edib:

"2025-ci ildə 38 min azərbaycanlı ailə qurub, onların 18 mini boşanıb. Niyə? Sevgi olmadığından. Güzəşt  bəhanədir. Kanallarda ekspertlər çıxış edir. Baxırsan, bunun həyatı nədir ki, kiməsə nəsə öyrətsin? Durub ailə eksperti kimi danışır. Sən nə görmüsən, nə öyrədə bilərsən? Əgər azadlıq adı altında ailələrin dağılmasına rəvac verirsənsə, xalqın düşmənisən, Azərbaycan ailə institutunun düşmənisən".

Bahar Rüstəmli
--> -->