Son bir neçə həftədir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) manatın məzənnə siyasətində sərtləşdirmə mövqeyi müşahidə edilir. Bir ay öncə manatın kursu dollara nisbətən 1.60 AZN həddə qədər yüksəlmişdisə, hazırda 1.49 AZN-ə qədər düşüb. Bir sıra ekspertlər AMB-nin bu siyasətinə birmənalı yanaşmır. Onların fikrincə, dünya maliyyə bazarında baş verən hadisələrin manata qarşı təzyiqlərini artırdığı bir fonda AMB-nin milli valyutanı möhkəmləndirməsi iqtisadi risklərə gətirib çıxarır.
Manata qarşı təzyiqlər nədən ibarətdir? ABŞ Mərkəzi Bankı FED-in bu il faiz artımına gedəcəyi gözlənilir. "Fitch" Reytinq Agentliyinin proqnozuna görə, cari il üçün Avropa ölkələrində 1 faizdən 1.6 faizə qədər arta bilər. ABŞ və Avropa ölkələrinin iqtisadi artımı dollar və avronunun bahalaşmasına rəvac verir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın kursu avro və dollar səbətinə uyğun müəyyənləşir. Belə olan halda, milli valyutanın məzənnəsində ciddi təzyiqlər formalaşır. Mərkəzi Bank məzənnəni sabit saxlamaq üçün özünün və və Dövlət Neft Fondunun aktivlərinə müraciət etməli olacaq. Beləliklə, dövlətin valyuta ehtiyatları manatın sabitləşməsinə xərclənməsinə rəvac verəcək. Manatın kursunu sabit saxlamaq üçün valyuta ehtiyat "əridilməsinə" ehtiyac varmı?
İqtisadçı-ekspert Oqtay Haqverdiyev "Bizim Yol"a şərhində bildirib ki, Mərkəzi Bankın əsas siyasətindən biri inflyasiyanın qarşısını almaq və manatın məzənnəsini mümkün qədər stabil saxlamaqdır: "Bu iki məqsədə çatmağın bir yolu var, o da manatın qıtlığını yaratmaqdır. Əslində, manatın real dəyəri indiki məzənnə deyil, çünki bu inzibati qaydada təzimlənən məzənnədir. Bu da dünyada gedən proseslərlə əlaqədar deyil. Əgər Mərkəzi Bank belə bir siyasət yeridirsə, deməli, bütün maliyyə-iqtisadi prosesləri idarə edir. Çünki hökumətin əsas prioritet elan etdiyi sahə sosial sahə sayılır. Əgər manatı sərbəst buraxaraq, inflyasiya səviyyəsini qaldırarsa, o zaman əhalinin həyat səviyyəsi çox aşağı düşər. Belə olan halda sosial problem yarana bilər. Ona görə də hansısa yolla biz bu zamanı keçməliyik. Ondan sonra manat öz əvvəlki real qiymətinə gəlib çatacaq".
O.Haqverdiyev əlavə etdi ki, iqtisadiyyatımız neftdən asılı olduğu üçün hökumət müddəti uzatmağa məcburdur: "Əgər bizim harmonik, rəqabət qabiliyyətli bir iqtisadiyyatımız olsaydı, indiki kimi acınacaqlı bir duruma düşməzdik, vəziyyətdən daha yüngül itki ilə çıxa bilərdik. 4 ayın nəticələrinə görə, ölkə iqtisadiyyatı 4.5 faiz aşağı düşüb. Bu o deməkdir ki, bizim iqtisadiyyatın tutumluluğu bir sahədən asılıdır. Məsələn, kənd təsərrüfatı sektoru normal inkişaf etsəydi və bu sahənin ixrac potensialı olsaydı, iqtisadiyyatın şaxələndirilməsi baş verərdi və bu prosesdən yüngül zərərlə çıxardıq".
İqtisadi-ekspert valyuta ehtiyatlarından istifadə edilməsində narahatlıq görmür: "Valyuta ehtiyatları ondan ötrüdür ki, fors-major durumlarda ondan istifadə edilsin. Amma Azərbaycanda situasiya bir qədər fərqlidir. Düzgün aparılmayan maliyyə-iqtisadi siyasət nəticəsində bu ehtiyatların "əridilməsi" düzgün deyil. 2008-ci ildə dünyada baş verən krizis Azərbaycana da təsir göstərdi. O zaman bank sistemi tamamilə məhv olmaq üzrə idi. Onda hökumət valyuta ehtiyatlarından istifadə etməklə, mərkəzləşdirilmiş kreditlərin həcmini artırmaqla vəziyyətdən çıxa bildi. Nəzərə almaq lazımdır ki, bank sisteminin xilası hansısa məmura xidmət etməməlidir, iqtisadiyyata işləməlidir.
İndi elə bir vəziyyət yaranıb ki, bank öz problemini həll etməyə başı qarışdığı üçün iqtisadiyyat yadından çıxır. Kredit qoyuluşları azaldılır, inflyasiyanın qarşısını almaq üçün manat qıtlığı yaradılır. Amma nəzərə almırlar ki, maliyyəni yaradan da elə iqtisadiyyatdır. Ölkədə bank sisteminə münasibət dəyişdirilməlidir".
Qaynarinfo.az