Xəbər lenti

Manat yeni devalvasiyaya doğru - 15 faiz ucuzlaşma gözlənilir
Ekonomiks07:12 05.08.2015

Manat yeni devalvasiyaya doğru - 15 faiz ucuzlaşma gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekspertlər devalvasiyanın qaçılmaz olduğunu bildirirlər, “uzağı seçkidən sonra”... 

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi milli valyuta olan manatın dəyərdən düşmə ehtimalını artırmaqdadır. Ekspertlər il ərzində yeni devalvasiyanın olacağını vurğulayırlar. 

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, növbəti devalvasiya qaçılmazdır: “Manatın taleyi ilə bağlı rəsmi şəxslərin də açıqlamalarında dəfələrlə vurğulanıb ki, manatın gələcək taleyinin neftin qiymətindən birbaşa asılılığı var. Neftin qiymətinin indiki aşağı səviyyələrə düşməsi manata basqıları xeyli dərəcədə artırır. Çünki ölkəyə gələn valyuta ehtiyatlarının kifayət qədər böyük bir hissəsi neftdən asılıdır. Neftdən gələn valyuta, valyuta ehtiyatları, valyuta daxilolmaları azaldıqca, manata basqılar da artacaq. Bunun artıq ilkin işartıları da var. Mərkəzi Bankın iyul ayına olan açıqlamasından görünür ki, iki ay aradan sonra artıq rezervlərində yenidən azalma trendi başlayıb. Təbii ki, çox da böyük bir azalmadan söhbət getmir. Amma hər halda, bu azalmanın yenidən başlaması belə bir təhlükənin olması ehtimalını yüksəldir. İlin sonuna qədər neftin qiyməti aşağı səviyyədə qalarsa, manata basqılar artacaq. Amma düşünmürəm ki, fevral ayının 21-də gördüyümüz kəskin, 35 faizlik devalvasiya yenidən baş versin. Mərkəzi Bank, hökumət yenidən belə bir addım atmaz. Çünki ölkə iqtisadiyyatı hələ birinci devalvasiyanı həzm etməyib. Ölkənin bank sferasında olan problemlər həm də birinci devalvasiyanın nəticəsidir. Amma Mərkəzi Bank addım-addım yumşaq formada manatın məzənnəsinin azaldılması yönündə addımlar ata bilər. Həm də bunu nəzərə almaq lazımdır ki, noyabrın 1-də ölkədə parlament seçkiləridir. Parlament seçkiləri öncəsi hökumət kəskin addım atmaqdan çəkinə bilər. Çünki manatın kəskin şəkildə dəyərdən düşməsi siyasi ictimai vəziyyəti kəskinləşdirə bilər. Ona görə də əsas manatla bağlı addımların noyabrdan sonra olması çox yüksəkdir. İlin sonuna qədər neftin qiyməti indiki səviyyədə qalsa, yaxud bir qədər də düşsə, noyabrdan sonra manatla bağlı qərarlarının şahidi olacağıq. İlin sonuna qədər yenidən manatın 10-15 faiz civarında dəyərdən düşməsini görə bilərik".

Qeyd edək ki, ekspertlərin fikrincə, neft gəlirlərinin azalması və avro ilə dolların məzənnəsinin bir-birinə olan münasibətlərinin manata təsiri milli valyutanın sabitliyində mühüm rol oynayır. 

Buna görə də bu səbəblər fonunda yeni qərarlar verilməzsə, ilin sonuna ölkədə yeni devalvasiya qaçılmazdır. Reallıq göstərir ki, ölkəyə gələn valyutanın həcmi getdikcə daha da azalır. Ölkəyə valyuta nə qədər az gələcəksə, manata olan basqılar bir o qədər artacaq. Həmçinin İranın Qərblə münasibətlərinin yaxşılaşması dünya bazarında neftin qiymətinin düşməsinə təsir edər. Bildirilir ki, ikinci devalvasiya bank və özəl sektora ciddi təsir edə bilər. İkinci kəskin devalvasiya iqtisadiyyatı tam çökdürər. 

Qaynar.info