Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa tərəfinin iyulun 30-da yaydığı bəyanatı qətiyyətlə rədd edib.
Həmin bəyanatda Fransa tərəfi bu ölkənin vətəndaşı Martin Ryan barəsində keçirilən məhkəmə prosesinin və çıxarılan hökmün qanuniliyini şübhə altına almışdı. Bu barədə daha əvvəl Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin açıqlamasında bildirilib.
Azərbaycan XİN Parisin məhkəmə prosesinə siyasi qiymət verməyə çalışmasını, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə etməsini, Martin Ryanın saxlanılmasını "əsassız", məhkəmə araşdırmasını isə "ədalətsiz" kimi təqdim etməsini qəbuledilməz adlandırıb.
Bəyanatda vurğulanıb ki, Martin Ryan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə araşdırılıb. Məhkəmə təqdim olunan sübutlar əsasında qərar qəbul edib. İttiham olunan şəxsin bütün prosessual hüquqları istintaq və məhkəmə mərhələlərinin hər birində təmin olunub. Bundan başqa, məhkəmə iclaslarının hamısında Fransanın Azərbaycandakı səfirliyinin konsulluq xidmətinin nümayəndələri iştirak ediblər.
Fransa XİN-in tələsik və emosional reaksiyasını nəzərə alan Caliber.Az redaksiyası bildirib ki, onun əməkdaşları Fransa səfirliyinin konsulluq nümayəndələri ilə birlikdə məhkəmə prosesini yaxından izləyiblər və bu işlə bağlı bir sıra mühüm məqamlara diqqət yetirilməsini zəruri hesab edirlər.
Qeyd olunub ki, daha əvvəl KİV-də yayılan məlumatlara əsasən, işə baxılarkən Azərbaycanda fəaliyyət göstərən Fransa diplomatik korpusunun nümayəndələri tərəfindən idarə olunduğu bildirilən casus şəbəkəsinin fəaliyyət üsulları üzə çıxıb. Xüsusilə bildirilib ki, şəbəkə üzvləri tərcüməçilərdən, intim münasibətlərdən və digər cəlbetmə üsullarından istifadə etməklə müxtəlif dövlətlərin diplomatik nümayəndəliklərinə gizli şəkildə nüfuz etməyə, məxfi məlumatlara çıxış əldə etməyə çalışıblar.
Məhkəmə prosesi zamanı çoxsaylı texniki materialların təqdim edildiyi, bu fəaliyyətlərdə birbaşa iştirak etmiş şəxslərin ifadələrinin dinlənildiyi, həmçinin Martin Ryan və iş üzrə digər təqsirləndirilən şəxslərin etiraf xarakterli ifadələrinin səsləndirildiyi qeyd olunub.
Bu baxımdan Caliber.Az redaksiyası Fransa casus şəbəkəsinin qanunsuz fəaliyyətini məhz hansı dövlətlərin diplomatik nümayəndəliklərinə qarşı həyata keçirdiyini müəyyənləşdirməyin və bunu ictimaiyyətə açıqlamağın vacibliyini vurğulayıb.
Nəşr bildirib ki, əgər Fransa Avropa və Xarici İşlər Nazirliyi bu cinayət işinin detalları ilə həqiqətən maraqlanırsa, məhkəmə prosesi başa çatdığı üçün araşdırmanı aparmış təhlükəsizlik orqanına və məhkəməyə müraciət edərək həmin səfirliklərin adlarının açıqlanmasını xahiş edəcək.
Qeyd olunub ki, bu məlumatların açıqlanması həm Fransa ictimaiyyətində, həm də Parisin rəsmi şəkildə müttəfiq və dost adlandırdığı, lakin eyni zamanda gizli kəşfiyyat fəaliyyəti həyata keçirdiyi iddia olunan dövlətlərdə ciddi maraq doğura bilər.
Məqalədə bildirilir ki, Fransanın aidiyyəti qurumları casus şəbəkəsinin hədəfində olmuş ölkələr məsələsinin bu və əlaqəli cinayət işlərinin yalnız bir epizodu olduğunu yaxşı bilirlər və həmin işlərin digər detalları da zaman keçdikcə ictimaiyyətə açıqlana bilər.
Yazıda diqqətə çatdırılıb ki, Bakıda araşdırılan cinayət işi çərçivəsində həbslər, ardıcıl ifşalar və bir sıra şəxslərin "persona non qrata" elan edilərək Azərbaycandan çıxarılmasından cəmi bir neçə gün sonra, 2023-cü il dekabrın 20-də Fransa Prezidenti Emmanuel Makron Fransa XİN Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Bernard Emieri vəzifəsindən azad edib.
Sonda Caliber.Az Fransa Avropa və Xarici İşlər Nazirliyini Anass Derraz və Aleksandr Benalla barəsində aparılan cinayət işi ilə bağlı da eyni dərəcədə açıq mövqe nümayiş etdirməyə çağırıb. Söhbət Fransa rəsmilərinin xarici milyarderlərin aktivlərini Avropa sanksiyalarından qorumaq müqabilində rüşvət aldıqları iddiaları ilə bağlı aparılan araşdırmadan gedir.
Şərhlər