Xəbər lenti

Məcburi köçkünlər Bakıdan köçürüləcək! - BÖYÜK PLAN
Ölkə06:53 19.04.2013

Məcburi köçkünlər Bakıdan köçürüləcək! - BÖYÜK PLAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın 2-4 il ərzində Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni böyük yaşayış massivinə köçürüləcək.

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yeni Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsi barədə keçirdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır: “Hazırda Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülmə prosesi gedir. Bu, 8-10 min nəfər deməkdir. Qalan məcburi köçkünlər hamısı yeni yaşayış massivinə köçürüləcək”.

Yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir.

Yeni Qobu yaşayış massivində 10 mikrorayon olacaq

  
Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, çoxlu sayda iaşə, mədəniyyət müəssisələri, idman qurğuları tikiləcək

Qobuda məcburi köçkünlər üçün yeni tikiləcək yeni böyük yaşayış massivində 10 mikrorayon olacaq. APA-nın xəbərinə görə, bu barədə “Azərinşaatlayihə” Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə keçirilən Yeni Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, hər bir mikrorayon 9000 nəfər əhali üçün nəzərdə tutulub. Yaşayış massivində ümumilikdə 204 ədəd yaşayış binası tikiləcək. Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə, mədəniyyət müəssisələri, bədən tərbiyəsi və idman qurğuları tikiləcək.

Y. Nağıyev deyib ki, ərazidə geoloji kəşfiyyat işləri də aparılıb: “Qobu Yaşayış Massivinin ərazisində 3250 kəşfiyyat quyusu qazılıb. Həmin ərazi yaşayış üçün yararlıdır”.

Baş nazirin müavini Əli Həsənov isə qeyd edib ki, tikiləcək yeni yaşayış massivi ən son standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaq.


Qaynar.info