Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun
olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-13-də
"Xarıbülbül" musiqi festivalı keçirildi.
Şuşanın rəmzi olan gülün adını daşıyan
"Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında
Şuşanın əsrarəngiz Cıdır düzündə baş tutmuşdu. 32 ildən sonra Cıdır düzündə keçirilən
budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən
təşkil olundu.
Qeyd edək ki, festival Şuşanın Ermənistanın işğalından azad
olunmasından sonra ilk dəfədir ki, keçirilir. Festivalda Azərbaycanda yaşayan
müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən
ibarət proqram təqdim edilib.
Uzun müddətdən sonra Şuşada "Xarıbülbül" musiqi
festivalının keçirilməsi həm də Azərbyacan mədəniyyətinin işğaldan azad
olunmasının bir nümunəsidir.
Festivalın siyasi və mədəni əhəmiyyyəti barədə bir sıra
siyasi və mədəniyyət xadimləri fikirlərini Trend-lə bölüşüblər.
"Xarıbülbül" festivalı bir neçə mühüm mesaj verdi
Milli Məclisin Şuşadan olan deputatı Ramin Məmmədov deyib
ki, Şuşada keçirilən "Xarıbülbül" festivalı Azərbaycan tarixinin ən
mühüm mədəniyyət hadisələrindən biridir. Bu, uzunmüddətli siyasi-ideoloji
mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir.
Festivalın bir neçə mühüm mesaj verdiyini qeyd edən deputat
hesab edir ki, festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini
nümayiş etdirir: "Eyni zamanda, festival dünya ictimaiyyətinə bu
torpaqların əsl sahibinin kim olduğunu göstərir. Festivalın proqramı və formatı
ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə
sədaqət kimi dəyərlər üzərində qurulub.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini,
musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik
tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir.
Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir".
Millət vəkili 13 yaşında Şuşanı məcburi köçkün kimi tərk
etdiyini diqqətə çatdıraraq bildirib ki, Şuşa yalnız bu qədim şəhərin sakinləri
üçün deyil, bütün dünya azərbaycanlılarının yaddaşında xüsusi yeri olan bir şəhərdir:
"Şuşadan Bakıya məcburi köçkün kimi gələndən etibarən hər gün bu dağlarda,
Cıdır düzündə, doğma şəhərdə Bayatı-Şirazın sədalarını eşitmək arzusu ilə
yaşamışam. Milyonlarla soydaşımız kimi, sevincimin və xoşbəxtliyimin həddi-hüdudu
yoxdur. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında torpaqlarımızı əsl
sahiblərinə - azərbaycanlılara qovuşduran möhtəşəm Azərbaycan ordusunun hər bir
zabit və əsgərinin əməyi qarşısında baş əyirəm!".
R.Məmmədov Xarıbülbül festivalının açılışında Prezident
İlham Əliyevin çıxışında əksini tapmış fikirlərin böyük siyasi-ideoloji məzmuna
malik olduğunu, Azərbaycan xalqının tarixi yaddaşına, gələcək haqqında düşüncələrinə,
təsəvvürlərinə əsaslanan mühüm mesajlar ehtiva etdiyini vurğulayıb: "Cənab
Prezident tarixdən də danışdı, dünyadakı proseslərə də toxundu, Azərbaycanın gələcəyə
necə hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri
necə gördüyünü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan - Şuşadan,
qədim torpağımızdan mesaj veririk ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə,
cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Hesab
edirəm ki, cənab Prezidentin bu fikirləri festivalın əsas hədəfini kifayət qədər
dəqiq ifadə edir".
Festivallar böyük bir mədəni hadisədir
Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycan
müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı
nəticəsində öz gücünə ərazilərini işğaldan azad etdi və ərazi bütövlüyünü bərpa
etdi: "Təəsüflər olsun ki, işğaldan azad olunmuş ərazilərimizdə olan minlərlə
tarixi abidəmiz ermənilər tərəfidən ya dağıdılmış, ya da onların gerçək tarixi
saxtalaşdırılmağa çalışılmışdır. Prezident İlham Əliyevin bu ərazilərə səfərləri
zamanı Ali Baş Komandan da bu məsələlərə diqqətdə saxlayır və erməni şovinistlərinin
törətdiyi vəhşilikləri əyani şəkildə göstərir. Prezident həmçinin qeyd edir ki,
bu ərzilərimizin yenidən bərpası ilə yanaşı, maddi-mədəni tariximizin bərpası
istiqamətində də işlər ən yüksək səviyyədə icra olunacaqdır. Artıq biz bu sahədə
görülən işlərin şahidiyik".
Deputat qeyd edib ki, bu torpaqlar əzəli-əbədi Azərbaycan
torpaqlarıdır: "Buralarda olan tarixi-mədəni abidələrimiz də bunun əyani
sübutlarıdır. İşğaldan azad olunmuş ərazilərdə olan bir çox tarixi-mədəni nümunələr
dünya mədəni irsinin də zərif nümunələrindəndir. Əfsuslar olsun ki, erməni
vandalları bu abidələrin bir çoxuna ciddi ziyan vurmuşdur. Amma biz əminik ki,
güclü Azərbaycan dövləti bu sahədə də işləri ən yüksək səviyyədə təşkil edəcək.
Artıq məlum olduğu kimi Şuşa Azərbaycanının mədəniyyət paytaxtı elan olundu. Öz
coğrafi quruluşuna, tarixinə, mədəni abidələrinə və bir çox parametrlərinə görə
unikallığı ilə fərqlənən bu qədim Azərbaycan şəhəri yaxın gələcəkdə dünya
miqyasında da tanınan yerlərdən biri olacaq. Festivallar böyük bir mədəni hadisədir.
Dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festiavalların adları ilə
bağlıdır. "Xarıbülbül" musiqi festivalı da öz tarixi və rəngarəngliyi
olan, keçirildiyi dövrdə bir çox mədəniyyət insanlarının diqqətini cəlb edən bir
mədəniyyət hadisəsi idi".
"Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil
edilmiş "Xarıbülbül" festivalını Moskvadan izləmək böyük xoşbəxtlikdir,
çox gözəl əhval-ruhiyyə yaradır"
Bunu isə Trend-ə Moskvadan telefonla azərbaycanlı teatr rejissoru,
Əməkdar incəsənət xadimi, professor Əli Usubov deyib. O, 1990-cı
"Xarıbülbül" festivalının bədii rəhbəri olub. Hazırda o, Moskva
klinikalarının birində müalicə olunur.
Ə.Usubov deyib ki, "Xarıbülbül" festivalının
keçirilməsi böyük hadisədir: "Artıq 30 il keçib və mən o günləri yenidən
xatırlayıram. İnternetdə artistlərin, folklor kollektvlərinin, Azərbycanın
Rusiyadakı səfiri, müğənni və bəstəkar Polad Bülbüloğlunun çıxışlarına baxdım.
O zaman festival onun təşəbbüsü ilə təşkil olunmuşdu. O, həmin dövrdə Azərbaycanın
mədəniyyət naziri idi. Birinci festival 1989-cu ildə keçirilmişdi və muğam
ifaçısı Seyid Şuşinskinin 100 illiyinə həsr olunmuşdu. Qonaqlar arasında SSRİ
respublikalarından qonaqlar da var idi. 1990-cı ildə ikinci festivalda isə mən
bədii rəhbər idim, proqramı tərtib edirdim və qonaqları dəvət edirdim. O zaman
mən Bakıda Dövlət Opera və Balet Teatrının baş rejissoru idim. 1990-cı ildə
festival beynəlxalq status aldı və burada Avropa və Asiyadan ifaçılar və
folklor kollektivləri iştirak etdi. Bu, öz növbəsində böyük marağa səbəb oldu.
Amma Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada mürəkkəb vəziyyət
yaranmışdı.Əsas konsert Ağdamda, "İmarət" stadionunda keçirildi.
"Sona bülbüllər" kompozisiyanı ifa etmiş Qədir Rüstəmovun çıxışı
xüsusilə əks-səda doğurdu. Konsertlər respublikanın digər şəhərlərində
keçirildi, yekun çıxış isə Bakıda baş tutdu".
Azərbaycan xalqı bu günü uzun illər idi gözləyirdi
Xalq artisti, tarzən Ramiz Quliyev də qeyd edib ki, bu gün
Şuşada "Xarıbülbül" festivalında iştirak etdiyinə görə çox xoşbəxtdir
və bunu heç zaman unutmayacaq.
R.Quliyev bildirib ki, Azərbaycan xalqı bu günü uzun illər
idi gözləyirdi: "Gözəl Şuşamız uzun illər idi ki, düşmən tapdağı altında
idi, uzun illər idi ki, xarıbülbülün səsi gəlmirdi, qəlbimizdə bir nisgil var
idi, daim həsrət içində idik, hər an Şuşaya qayıtmaq, yenidən o festivalı
canlandırmaq arzusunda idik. Şükür Allaha ki, bu arzumuz gerçək oldu və biz
indi yenidən Şuşada "Xarıbülbül" festivalındayıq. Dünyanın heç bir
yerində xarıbülbül kimi gözəl gül yoxdur. Hislərimi sözlərlə ifadə etməyə çətinlik
çəkirəm. Şükür Tanrıya ki, biz bu günü də gördük. Dünyada Şuşa kimi gözəlliyi
olan şəhər görməmişəm. Bu günləri bizə bəxş edən əsgərlərimizin canı sağ olsun,
şəhidlərimizin ruhu şad olsun. Ən böyük minnətdarlıq isə bizim cənab
Prezidentimizə düşür".
musavat.com
Şərhlər