
Əfsanəvi boksçu Məhəmməd Əlinin tabutunu məşhur simalar daşıyacaq.
Qaynarinfo.az xəbər verir ki, Britaniyanın ağır çəkili çempionu Lennoks Luis və aktyor Uill Smit cümə günü onun dəfn mərasimində iştirak edəcəklər. Xatırladaq ki, Smit 2001-ci ildə "Əli" filmində məhz mərhumu canlandırıb.
Məhəmməd Əlinin dəfn mərasimi onun doğulduğu Kentukki ştatının Luivil şəhərində keçiriləcək. Onun tabutunu torpağa qoyan digər simalar Əlinin sparrinq partnyoru Cimmi Ellisin qardaşı Cerri, Əlinin xalası oğulları Con Qredi və Can Vadell, bacısı oğlu İbn Əli, keçmiş qaynı Komavi Əli və ailə dostu Con Remsi olacaq.
Dəfn mərasimində çox sayda dünya liderləri, dövlət başçıları və məşhur insanlar iştirak edəcək və mərasim internetlə canlı yayımlanacaq. Mərasim ABŞ vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, 3 dəfə ağır çəkili boks üzrə dünya çempionu olmuş Məhəmməd Əli ötən cümə günü 74 yaşında vəfat edib. O, Arizona ştatındakı xəstəxanalardan birində dünyasını dəyişib.
Qaynarinfo.az


