Xəbər lenti

Məhkəmənin effektiv işləməsinə mane olan nədir? - Vəkildən açıqlama
Ölkə14:00 12.10.2016

Məhkəmənin effektiv işləməsinə mane olan nədir? - Vəkildən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı komitənin sədri Bahar Muradova müsahibəsində bildirib ki, məhkəmə qərarlarından şikayətlərin çoxu məhz məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə əlaqədardır:

"Məhkəmə sistemi bir neçə instansiyadan ibarətdir. Millət vəkilləri, komitə olaraq biz bununla bağlı vətəndaş cəmiyyəti institutları, QHT-lər vasitəsilə insanların maarifləndirilməsi işinə xüsusi diqqət yetirməliyik. Ümumiyyətlə, məhkəmələrin ədalətli qərarlarından şikayətlərin sayının azaldılması istiqamətində hansı işlər görə biləcəyimiz barədə düşünməliyik".

Məhkəmə şikayətlərinin çoxluq təşkil etməsi qərardan bir tərəfin narazı qalmasından irəli gəlir? Qərarlardan narazı qalmanın başqa səbəbləri varmı? Tanınmış vəkil Fariz Namazlı Qaynarinfo.Az-a açıqlamasında problemlərə aydınlıq gətirdi:

"Təbii ki, məhkəmə qərarından həmişə bir tərəf narazı olur. Sadəcə, onun şikayət verməsi o demək deyil ki, qanunsuzluq aradan qaldırılacaq. Hətta, Məhkəmə-Hüquq Şurası da bu qanunsuzluqları aradan qaldırmağa meylli olmur. Məhkəmə-Hüquq Şurası haqqında, eləcə də məhkəmələr və hakimlər haqqında qanun vətəndaşlara ancaq hakim adına ləkə gətirən hallara yol verdikdə hakimdən şuraya şikayət verə bilməsini nəzərdə tutur. Tutaq ki, hakim məhkəmə zalında qışqırırsa, özünü adekvat aparmırsa, vətəndaşlar bundan şikayət verə bilirlər. Amma bu da effektiv vasitə deyil. Amma hakim qanunsuz qərar verirsə, işə qərəzli yanaşırsa, şura deyir ki, məhkəmə qərarından narazı qaldığınız halda apellyasiya şikayəti verə bilərsiz. Bu mənada, şura vətəndaşlar üçün effektiv müdafiə vasitəsi deyil. Məhkəmə qərarlarından narazı olduğumuz təqdirdə yuxarı instansiyalara şikayət veririk, amma bu məhkəmələrlə bağlı ədalətsiz qərarlar çıxarılmasının qarşısı almır. Belə olan təqdirdə iş Avropa Məhkəməsinə gedib çıxır. Bəzən olur ki, Avropa Məhkəməsində kommunikasiya başlayan işlərdə hökumət təklif edir ki, məhkəmələrin səhvinə görə bu qədər məbləğdə kompensasiya vermək istəyirəm. Qanunvericilikdə də nəzərdə tutulub ki, əgər Avropa Məhkəməsində pozuntu tanınarsa, həmin qərarı çıxaran hakimə qarşı müəyyən tədbirlər görülə bilər".

Vəkil bildirir ki, amma indiyənə qədər heç bir hakim bu məsələyə görə cəzalandırılmayıb: "Əksinə, həmin hakimlər daha yüksək pillələrə hakim təyin olunublar. Belə olan halda düşünmürəm ki, məhkəmənin effektiv işləməsinə şərait olacaq. Hakimlər də cəzalanmadığı təqdirdə öz bildiklərini edirlər. Bu problemlər qaldıqca məhkəmələrin inkişafından danışmaq yersizdir".

Qaynarinfo.Az