Xəbər lenti

Mehman Allahverdiyev: “Bunu dedim, biləsiniz ki, təsadüfən olub”
İdman 14:47 23.12.2022

Mehman Allahverdiyev: “Bunu dedim, biləsiniz ki, təsadüfən olub”

Son vaxtlar "Kəpəz” ətrafındak söz-söhbətlər səngimək bilmir. Baş məşqçi Tərlan Əhmədovun bir sıra futbolçularla münasibətlərinin pisləşməsi, ona qarşı yönələn ittihamlar və digər məqamlar Gəncə klubunun nüfuzuna xələl gətirməkdə davam edir. Bəs rəhbərlik nə fikirləşir?

Klubun idman direktoru Mehman Allahverdiyev Qaynarinfo-ya müsahibəsində qaranlıq qalan suallara aydınlıq gətirib.

- Son vaxtlar "Kəpəz” ətrafında baş verənlərlə bağlı fikirəriniz nədir? Tərlan Əhmədovla futbolçular arasında nə üçün münasibətlər gərginləşib və problemləri yoluna qoymaq məqsədilə hansı addımlar atılıb?

- Hamının fikrinə hörmətlə yanaşırıq. Baş məşqçi və futbolçu ilə aralarında olan söhbətləri stabilləşdirməyə, hər şeyi yoluna qoymağa çalışırıq. Hazırda bununla bağlı yollar axtarırıq. Sağ olsun klubun icraçı direktoru İlqar müəllim, məşqçi və futbolçular arasında mehribanlıq yaranmasına çalışır. İnanırıq ki, buna nail olacağıq. Futbolda həmişə çox şeylər olub. Dünən saytlarda yazıblar ki, Mehman Allahverdiyev aranı qızışdırır…

- Yeri gəlmişkən, votsapda yerləşdirdiyiniz status birmənalı qarşılanmadı…

- Mətbuatda "Kəpəz”lə bağlı yazılar çıxanda mənə də göndərirlər. Onları oxuyuram ki, komanda haqqında məlumatımız olsun. Bunun necə olduğunu bimədim. Əlim, barmağım dəyib, ya nədirsə, bir də baxdım ki, dostlarım zəng vurur. Heç çox çəkmədi, 2 dəqiqədən sonra uşaqlara dedim statusu sildilər. Çünki nə status paylaşa bilirəm, nə də başqa şey. Həm də, onu o şəkildə paylaşmağın nə mənası var? Onsuz da bütün saytlarda olur, hər kəs oxuyur, görür. Mən "Kəpəz”də rəhbər vəzifədəyəm. Heç komandada belə halların yaşanmasına razı olaram? Əksinə, çalışırıq ki, hər şeyi yoluna qoyaq. 

- Ümumiyyətlə votsap işlədirsiniz?

- Mesaj göndərmək üçün deyil. Sadəcə, komanda haqqında mətbuatda çıxan məlumatları göndərirlər. O cümlədən PFL-dən komandamızın oyunlarının vaxtı və sair haqda məlumatlar göndərilir. Yoxsa bunu götürüb yazmaq… Ayıb deyil? Mehman Allahverdiyev Gəncə futbolu üçün bilirsiniz də nə deməkdir. Əksinə belə insanlar komandada daxili ab-havanı pozurlar. Bunu dedim, biləsiniz ki, təsadüfən olub. Heç rəhbərliyin xəbəri yox idi, özüm onlara yaxınlaşıb bildirdim ki, belə bir şey olub. Bir dəfə də belə hal yaşamışdım. Amma futbola aid deyildi. Uşaqlara dedim, sildilər.

- Bütün bu məsələlər "Kəpəz”in imicinə zərbə vurur. Həmin o futbolçuarın və Tərlah Əhmədovun taleyi necə olacaq?

- Hər halda yoluna qoyulacaq. Elə etmək istəyirik ki, həm məşqçi, həm də futbolçular razı qalsın.

- Futbolçuarın baş məşqçi haqqında ittihamlarından xəbəriniz var. Bu məsələlər bağlı Tərlan Əhmədovla söhbət etmisiniz?

- Mən şəxsən onunla söhbət etməmişəm. Amma klub rəhbərliyi ilə aralarında danışıqlar olub. Son bir neçə gündə belə şeylər olub. Komandanın məşqinə gedəndə yəqin ki, ətraflı məlumat alaram. İlqar müəllim də bu işlə məşğul olmağı mənə deyib.

- İttihamlar doğru olsa Əhmədovla yollar ayrılacaq? Ümumiyyətlə söz-söhbətlər çıxandan sonra baş məşqçinin "Kəpəz”də qalıb-qalmaması ilə bağlı rəhbərliklə müzakirələr olub?

- Ümumi qərara gəlib, həll etməyə çalışacağıq. O futbolçuların "Kəpəz”də qalacaqlarını yaxud gedəcəklərini bir müddətdən sonra biləcəyik. Baş məşqçi ilə bağlı hələ müzakirələrimiz olmayıb. 

- Hələ ki, "Kəpəz”də ciddi nəyəsə nail olmayan Əhmədovun işi haqda bir mütəxəssis kimi nə düşünürsünüz?

- Ciddi irəliləyiş olmasa da, Tərlan müəllim gələndən sonra qələbə qazandıq, heç-heçələrimiz oldu. Düzdür, hazırda 9-cu yerdəyik, amma düşünürəm ki, bir balaca irəliləyiş olub.

- Fasilə müddətində komandanı hansı şəkildə gücləndirmək planınız var?

- Tərlan müəllim də futbolçu transfer etmək istəyir. Bu büdcəyə bağlıdır. Klubun maliyyə durumu rəhbərlik tərəfindən hesablanacaq, daha sonra hansı futbolçuarı almaqla bağlı müzakirələrə başlanılacaq. Görək necə olur. Bilirik ki, təcrübəli futbolçu tapmaq çətindir. Baş məşqçinin fikrinə hörmətlə yanaşırıq. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->