Son günlər ölkədə kənd təsərrüfatı məhsulları ixrac edən bəzi şəxslərin həbsi ilə bağlı məlumatlar diqqət mərkəzindədir. Məlumatlarda hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlanıldığı bildirilib. Əldə edilən gəlirlərin bank hesablarına qaytarılmaması ilə əlaqədar əsaslı şübhələrin ortaya çıxması qeyd edilir.
Məhz buna görə bir sıra vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Sabiq deputat Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında baş verənlərin araşdırılmağa ehtiyacı olduğunu bildirib:
"Bunlar həm kriminal, həm də eyni zamanda qanun pozuntuları olan məsələlərdir. İqtisadi məna kəsb edən bir şey yoxdur. Hamı bilir ki, Azərbaycan məhsulları xaricə gedir. Xarici şirkətlərlə müqavilə imzalanır və şirkət il ərzində nə qədər məhsul gətirdiyini orada qeyd edir. Məhsul gedir, amma müqavilədə deyilən məbləğ gəlib çıxmır".
Sabiq deputat alqı-satqı prosesində müəyyən maliyyə pozuntuları və dələduzluq kimi halların olmasını mümkün sayır:
"Yox, əgər gizli məhsuldursa, gömrükdə qeydiyyatdan keçməyibsə, ola bilər ki, dələduzluq olsun. Bu məhsulların miqdarını gizlətmək olmaz. Hardasa gizlədilmə varsa müəyyən bir yerdə özünü büruzə verəcək".
Əli Əlirzayevin sözlərinə görə, məhsulu göndərən məsuliyyət daşıyır:
"Məhsul getməyibsə, vəsait geri qayıtmalıdır. Bir də var ki, xarici şirkət məhsulu alır, amma pulu keçirmir. Deyir ki, məhsulu satıb, sonra pulunu qaytaracam. Bəzən görürsən məhsul satılsa da, vəsaiti vermək istəmirlər. O zaman məhkəmə yolu ilə problem yoluna qoyulmalıdır".
Bahar Rüstəmli
Şərhlər