Xəbər lenti

Ölkə 13:39 01.10.2025

"Məktəb avtobusu" da digərləri kimi pilot layihə olaraq qalacaq" - Ekspert

"Bu qərar qarşıdakı 4-5 ildə bütün paytaxtı əhatə edəcək səviyyədə ümumi işlək mezanizmə çevrilməyəcək. Bununla bağlı proqnozlarım müsbət deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuru məktəbli avtobusları ilə bağlı pilot layihənin yaxın illərdə Bakı şəhərinin bütün məktəblərini əhatə edəcəyi ilə bağlı suala cavab verərkən deyib. 

Ekspert hesab edir ki, bu qərar qarşıdakı illərdə yenə də pilot mərhələ olaraq həyata keçiriləcək:

"Bəzi təhsil layihələri var. Məsələn, "Şagirdlərin davranış qaydaları", "Məktəblinin dostu", "Rəqəmsal bacarıqlar" və s. kimi layihələr hələ də bütün məktəbləri əhatə etmədiyi kimi, bu layihə də pilot layihəsi olaraq həyata keçəcək. Biz istərdik ki, bu pilot deyil, paytaxt daxil olmaqla bütün iri şəhərləri əhatə edəcək bir mezanizmə çevrilsin. Bununla bağlı layihənin həm maddi, həm də digər görüləcək işləri var və bunların öhdəsindən gəlmək asan deyil".
 


Ekspert bu gün layihəyə 100 avtobusun cəlb olunduğunu xatırladıb: 

"Layihə 20-30 məktəbi əhatə etsə avtobusun sayı 300-ə çatacaq. Bunların hamısı böyük maliyyə, müəyyən büdcə tələb edir. Mümkün olarmı? Mümkündür. Amma pilot mərhələsində olan digər layihələrin uzandığını nəzərə alaraq, "Məktəb avtobusu"nun da qarşıdakı illərdə yalnız pilot layihə olaraq həyata keçirildiyinin şahidi olacağıq. Layihənin qarşıdakı 5 ildə maksimum 50 məktəbi əhatə edəcəyini düşünürəm".

Elmin Nurinin fikirincə, kəmiyyət o qədər qaneedici olmasa da, Bakı şəhərində məktəbli avtobuslarının fəaliyyətinə start verilməsi təqdirəlayiq haldır: 

"Çünki biz həddindən artıq gecikmişik. Bu reallıqdır. Eyni zamanda, bu reallıq bizi bəzi məsələlərdə tələsməyə sövq etməlidir. Dediyimiz kimi həyata keçirilən layihədə 100-dən artıq avtobus cəlb olunub. 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 ümumtəhsil məktəblərini əhatə edir. İlk baxışdan pilot olaraq az deyil. Adətən pilot məqsədi ilə həyata keçirilən layihələrdə 15-20 təhsil müəssisəsi seçilir, onların nəticələri müzakirə olunur və monitorinqlər aparılır. Nəticələr qaneedici olduğu halda pilot layihə davam etdirilir". 

Qeyd edək ki, bu gündən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində "Məktəb avtobusu" layihəsi fəaliyyətə başlayıb. Layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək və bu 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->