Xəbər lenti

Məktəbin giriş qapısında şagirdi it dişlədi (AÇIQLAMA)
Ölkə 11:59 03.06.2024

Məktəbin giriş qapısında şagirdi it dişlədi (AÇIQLAMA)

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində itlərin şagirdə hücum edərək ona xəsarət yetirdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo"ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.

Onların sözlərinə görə, məktəbin 8-ci sinfində təhsil alan qız 6 itin hücumuna məruz qalıb və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Şəhərdə dəfələrlə rast gəlinən belə hadisənin bu dəfə təhsil ocağının həyətində yaşanmasından narahatlıq keçirən valideynlər məsələnin həll olmamasından gileylənirlər.

Məsələ ilə bağlı Xırdalan şəhər 2 nömrəli tam orta məktəblə əlaqə saxlanılıb. Məktəbdən bildirilib ki, hadisə təhsil ocağının həyətində baş verməyib:

"Hadisə şagird məktəbin həyətinə girməmiş, təhsil ocağının giriş qapısının qarşısında olub. Məktəbin ətrafında belə sahibsiz itlər çoxdur. Dəfələrlə məktəblilərə də, buradan keçən şəxslərə də hücum ediblər. Nə qədər müraciət etsək də, tədbir görən olmayıb".

Hadisə ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də sorğu ünvanlanıb. Qurumdan deyilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 31-də saat 08:17-də 14 yaşlı şəxsi it dişləməsi səbəbi ilə müraciət daxil olub:
"Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəstə sol baldırın yuxarı üçdəbirinin dişlənmiş yarası diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə yerləşdirilib. Xəstəxanada yardım göstərildikdən sonra evə buraxılıb. Xəstənin vəziyyəti qənaətbəxşdir".

Xırdalanda bu kimi şikayətlərin çoxluğunu nəzərə alaraq Abşeron Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlanılıb. Qurumdan sorğumuza belə cavab verilib:

"Sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->