"Statistika göstərir ki, Bakıda hər gün 500 mindən çox şagird məktəbə gedib-gəlir və onların təxminən 25-30 faizi fərdi avtomobil və ya taksi ilə daşınır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov "məktəb avtobusları"nın aylıq 240-250 manat təyin olunan xidmət haqqlarının cəmiyyətdə narazılıqla qarşılanmasına münasibət bildirərkən deyib.
Ekspert Azərbaycanda bu xidmətin tətbiqini müsbət addım hesab edir:
"Lakin qiymət siyasəti ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır. Çünki eyni evdən iki və ya üç uşaq məktəbə gedirsə, ailə büdcəsinə düşən yük çoxalır. Burada diferensial yanaşmaya ehtiyac var: eyni ailədən olan uşaqlara güzəşt tətbiq olunmalı, sosial həssas qruplara - aztəminatlı, çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərilməlidir. Bu həm bərabər təhsil imkanlarını təmin edər, həm də valideynlərin narazılıqlarını azaldar".
Ekspert xatırladıb ki, avtobus xidmətinə əlavə imkanların da daxil edilməsi vacibdir:
"Uşaqların təhlükəsizliyi üçün GPS izləmə sistemi, valideynlər üçün mobil tətbiq vasitəsilə marşrut izlənməsi, avtobuslarda müşayiətçi heyətin olması, kamera sistemlərinin quraşdırılması kimi xidmətlər həm valideynlərin inamını artırar, həm də xidmətin dəyərini əsaslandırar. Məktəbli avtobuslarının geniş tətbiqi tıxac problemini də müəyyən qədər azalda bilər".
Kamran Əsədovun sözlərinə görə, məktəbli avtobusu xidmətinin tətbiqi çox mühüm və faydalı addımdır:
"Amma qiymət siyasətində sosial həssas ailələr üçün güzəştlərin tətbiqi, çoxuşaqlı ailələrə dəstək verilməsi, əlavə xidmətlərin keyfiyyətinin artırılması vacibdir. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü pedaqoji baxımdan çox uğurludur və dövlətin sosial siyasəti ilə birgə həyata keçirilərsə, həm valideynlər, həm də şagirdlər üçün daha əlçatan və ədalətli olacaq".
Dünyada tətbiq olunan modellərə nəzərən Kamran Əsədov vurğulayıb ki, məktəbli avtobusları təkcə nəqliyyat vasitəsi yox, həm də sosial və pedaqoji mühitin formalaşmasında vacib rol oynayır:
"Məsələn, ABŞ-da federal qanunvericilikdə məktəb avtobusları üçün xüsusi təhlükəsizlik standartları mövcuddur və 25 milyondan çox şagird gündəlik bu xidmətlərdən istifadə edir. Türkiyədə "Okul Servis Araçları Yönetmeliği" ilə valideynlərin ödədiyi məbləğlər tənzimlənir, əlavə xidmətlər - təhlükəsizlik kəmərləri, kamera sistemi, müşayiətçi personal məcburi qaydada tətbiq olunur. Avropa İttifaqı ölkələrində isə məktəbli avtobusu xərclərinin müəyyən hissəsi dövlət və bələdiyyələr tərəfindən subsidiyalaşdırılır, valideynlər yalnız simvolik ödəniş edirlər".
Milli Məclisin deputatı Ceyhun Məmmədov sözügedən məsələnin uzun müddətdir ki, müzakirə oldunduğunu bildirib:
"Valideynlərin həm öz avtomobillərindən istifadə etməsi və maşınların məktəblərin qarşısında hərəkəti ciddi problem yaradır. Bu həm valideynlər, həm də şagirdlər üçün müəyyən çətinliklərə səbəb olur".
Deputat bu təşəbbüsün alqışlanmasının vacibliyini əlavə edib:
"Dəstəklənməli layihədir. Ola bilər qiymətlər yüksəkdir və nəzərə almalıyıq ki, burda daşıyıcı tərəfin də xərcləri kimi məsuliyyəti var. Qarşı tərəfdə vətəndaşların, valideynlərin təkliflərini nəzərə almağa çalışmalıdır. Valideynlərin də xərcləri var. Əgər onlar görsə ki, avtobuslar baha başa gəlir, bundan imtina edəcəklər və yenidən avtomobillərə qayıdacaqlar. Ona görə biz bu məsələdə gözləməliyik. Qiymətlərin uyğun olması üçün qarşı tərəf addım atmalıdır. Layihə yaxşıdır, amma narazılıq olsa, valideynlər buna razı olmasa, ideya olaraq qalacaq. Gələcəkdə problemin davam etməsinə səbəb olacaq".
Qeyd edək ki, oktyabrın 1-dən Bakıda "məktəb avtobus”ları layihəsi həyata keçirilməsinə başlanılıb. Layihəyə əsasən bir şagirdin daşınma xərci məsafədən asılı olaraq 240-250 manat arasında dəyişir.
Bahar Rüstəmli
Şərhlər