Məmməd Süleymanov
"Fransızlar, bir az da səy - və siz inqilabçısız” - Qodar 68-in Mayında deyirdi.
İnqilab isə olmadı. Qiyam karnavala, karnaval - klounadaya keçdi. Qiyam bitməmiş "Qırmızı Dani” onu pula çevirdi. "Hakimiyyətə fantaziya gəlir!” qışqıranlar əhlilləşdi və uyğunlaşdı.
Bu, həmin haldı ki, qiyamçı - inqilabçı deyildi. Qiyamçı - reklam və media personajıdır, o, üzdədir, onu çəkib göstərirlər, KİV-ə buraxırlar və əmtəəyə çevirib pul qazanırlar.
İnqilabçı isə üzdə deyil. O,bazarın "sosial xarakteri”ndən uzaqdır, özünü əmtəəyə çevirməyə imkan vermir.
Qoltuğunda Maonun bukletləri ilə gəzən, yaxud Kann festivalını dağıdan Qodar da inqilabçı deyildi. Elə küçə natiqliyi edən və nümayişkaranı qəzet satan Sartr da.
68-in Mayını qiyamçılar etdi. Oktyabr, Kuba, Sandinist inqilablarını - inqilabçılar.
İndi, üstündən yarım əsr keçəndən sonra Paris etirazçıları "Bizə 68-ci il yox, 1871 lazımdır” deyirlər. Yəni, Kommuna. İnqilab.
Ancaq bu da olsa-olsa qışqıran şüarlardan biridir.
Guya ki, çox şey baş verir. Əslində isə heç nə baş vermir.
Niyə?
***
2016-cı ilin Əmək kodeksi - işçilərin hüquqlarını periferiya kapitalizmindəki hüquqsuzluğa bənzətməyə başlayan qanunun qəbulu Fransada "Sarı jiletləri yaratdı.
Daha bir müddət keçdi - Pensiya "islahatlar”ı bütün Fransanı küçəyə çıxardı.
Oktyabrdan bəri ümummilli tətillərdir. Nəqliyyat işçiləri və həkimlər, vəkillər və müəllimlər, fermerlər və yanğınsöndürənlər küçələrdədir. Paris Operası və Komedi Fransez tətil edir. Hətta Eyfel qülləsi və Luvr muzeyi iki dəfə qapadılıb. İlk dəfə 1830-cu ildə Lion toxucularının üsyanı vaxtı tətbiq olunmuş praktika - "yardım kassaları” formalaşıb, 10 minlərlə insan tətilçilərə ianələr edib.
Prezident Makron teatra gedir, etirazçılar oraya hücum çəkir, Makron arxa qapıdan qaçır. Reytinqi yerlə sürünür.
Ancaq... Makron narahat deyil. Reytinqinə görə də, gələcək seçkilərə görə də sakit görünür. A-lya demokratiya - ictimai rəyin müasir dünyada təsir gücü elə buymuş.
Fransa etiraz edir - heç nə dəyişmir...
***
Çilidə 4 aydır dirənişdir. 30 nəfər öldürülüb, yüzlərlə insan kor olub, həbs edilənlərin sayı on minlərlə ölçülür.
Ancaq prezident Pinyera narahat deyil. Reytinqi 5 faizə düşüb - sakit görünür...
Kolumbiyada xroniki etirazlardır - prezident İvan Dukenin vecinə deyil...
İraqda, Livanda eyni ssenaridir - etirazçılar özləri çalıb özləri oynayırlar. Onları çəkib göstərirlər - baho, bu ki haqq işi üçün çalışdıqlarının, "tərəqqipərvər bəşəriyyət”in onları müdafiə etdiyinin təsdiqidir. Böyük təskinlikdir. Hələ "İlin xalqı” da elan edərlər.
Qiyam media, reklam və əmtəə fenomeni kimi. Qapalı dövrə.
Vaxtilə Kamyu yazmışdı: ""İspaniyada bəlli oldu ki, sən haqlı ola, ancaq uduza bilərsən, güc ruhu üstələyə bilər. Və dövrlər var ki, mərdlik kifayət etmir...”
***
Bəs niyə heç nə baş vermir? Kritik kütlə də var, tələblər də, enerji və mobillik də. İnqilab isə yoxdur.
Və ən pisi - bu xroniki və miqyaslı etirazlar da təkrarlandıqca, ancaq qalib gəlmədikcə - ucuzlaşırq, adiləşir, əhəmiyyətsizləşir. Nə ki çoxdur - o, adidir. Nə ki adidir - qəlbləri fəth etmir, əmələ çağırmır və ruhlandırmır.
Uğursuzluqların səbəbi isə 100 ildən çoxdur ki, məlumdur. Cavab Lenindədir.
Lenin İnqilabın baş verməsinin üç şərtini sadalayıb: 1. Aşağılar istəmir. 2. Yuxarılar bacarmır və 3. Aktivlik artır.
Bu şərtlərdən ikisi çoxdan var. Aşağılar mövcud reallığı istəmirlər. Sosial və siyasi aktivlik artıb. Ancaq - Yuxarılar bacarırlar. Təkcə ona görə yox ki, ixtiyarlarında çoxsaylı təsir rıçaqları - güc strukturları, media-resurslar, Qramşinin anlamında "vətəndaş cəmiyyəti” var. Bu, həlledici səbəb deyil. Həlledici səbəbi də Lenin göstərib.
Yəni, qələbə üçün lider, avanqard, təşkilat və ideologiya tələb olunur. Bu 4 şərtin heç biri yoxdur. Kütlələr başlı başınadır. Məhz bu da yuxarıların hələ bacardığını şərtləndirir.
Bu şərtlər olmadığına görə Makron da, Pinyera da, Duke də, onların çoxsaylı həmkarları da rahat və sakitdirlər. Bilirlər - küçə uduzacaq.
Fransada "Qara blok” olsa-olsa küçədə hərarəti epizodik yüksəldə bilər.. Həmkarlar təşkilatları sosial tələblərdən uzağa getməyəcək. Fransa Solu - çeşidli marksistlər, anarxistlər, maoçular, trotskiçilər yalnız burjua demokratiyasına uyğunlaşmaqla məşğuldur. Prezident seçkilərində iki trotskiçi və iki maoçu bir-birinə rəqib ola, səsləri parçalaya bilir, ancaq söhbət rejimin demontajına gələndə - onlar ortada yoxdurlar.
Eyni vəziyyət Çilidədir. Bir neçə il əvvəl yaraşıqlı Kamila Valyexo vardı, Marks və Lenindən sitatlarla danışırdı. Bütün dünyanın gənc solçuları üçün gözəllik ilahəsinə çevrilmişdi. Çoxsaylı tərəfdarları ilə radikal inqilabçı obrazı yaratmışdı. Sonra senator seçildi və ortadan itdi.
Korvalanın və Alyendenin partiyaları da gözə dəymir.
Kolumbiyada tələyə düşən FARK silahı buraxıb leqal siyasətə qoşuldu. İndi orada hər gün bir neçə keçmiş partizan qətlə yetirilir. Görünür, Lenini düz oxumayıblar.
Və dünyanın dörd yanında eyni vəziyyətdir.
Məğlub qiyamlardan sonra toz və duman qalır. O dumanda isə nəinki azmaq, həm də ilğımla rastlaşmaq olur.
***
Lenin isə öz cavabları ilə yenə arxi-aktualdır...