"Zirə” əvəzedici heyətin yeni baş məşqçisinin adını açıqladı. Bundan sonra komandanı Zaur Həşimov çalışdıracaq. Buna qədər isə "Zirə-2”yə, hazırda "Səbail”də köməkçi kimi fəaliyyət göstərən Azər Məmmədov rəhbərlik edirdi.
Məmmədov Qaynarinfo-ya müsahibəsində "Zirə-2”də çalışdığı dönəmdən danışıb. O, söhbət əsnasında "Mingəçevir”lə oyunda yol verdiyi bir səhvin səbəbini də izah edib:
- "Zirə”dən ayrılmağınıza səbəb "Səbail”dən dəvət almağınız idi?
- Ayrılmağımın səbəbi Premyer Liqadan gələn təklif oldu. Əvəzediciləri çalışdırarkən həm rəhbərlik, həm də əsas komandanın baş məşqçisi Rəşad Sadıqov tərəfindən çox yaxşı münasibət var idi. Heç bir problem yaşamamışam, mənim üçün çox rahat idi. Sadəcə, "Səbail”dən gələn təklif məni düşündürdü ki, irəli addım atmaq vaxtıdır.
- "Zirə-2”də olanda rəhbərlik tərəfindən qarşıya hansı məqsəd qoyulmuşdu?
- "Zirə”nin əvəzediciləri bir ara yox idi. Bir illik fasilə vermişdilər. Sonra yenidən yarandı. Qarşıma məqsəd qoymuşdular ki, komandanı formalaşdırım, əsasən də cavan uşaqlara üstünlük verim. Seçim etdik və limitdən kənara çıxmadıq. Düzdür, həmin il sonuncu yeri tutduq. Buna baxmayaraq, rəhbərlik tərəfindən nə mənə, nə də köməkçilərimə bir kəlmə söz deyildi. Çünki strategiyanı elə qurmuşdular və bildirmişdilər ki, bacardıqca irəli getməklə yanaşı, gəncləri üzə çıxaraq. O vaxt pandemiyaya görə U-19 liqası keçirilmədi. Bu səbəbdən həmin yaşda olan uşaqları birbaşa əvəzedicilərə gətirdik. Əlbəttə, pis-yaxşı məşqlər keçdik, oyun təcrübəsi qazandılar. Həmin uşaqlardan bəziləri ilə yolları ayırdıq, qalanlarını özək kimi saxladıq. Seleksiya aparıb əlavə futbolçular da cəlb etdik. Fikrimcə, qışa kimi pis nəticə verməmişdik. Ancaq məlum 6 əvəzləmə səhvinə görə 3 xalımızı sildilər və bir qədər aşağı pillələrdə qərarlaşdıq. Normalda 5-6-cı yerləri tutmalı idik.
- Yeri gəlmişkən, necə oldu ki, oyunda həmin səhvi buraxdınız?
- Bu, texniki səhvimiz idi. Səmimi danışım, gəncləri oynatmaq istəyim vardı. Fasilədə bir əvəzetmədən istifadə etmişdik. Bu əvəzetmə mənim və köməkçilərimin yadından çıxmşdı. Oyunun sonuna yaxın 17 yaşlı 3 futbolçumuzu meydana buraxmaq istədim ki, çempionatın ab-havasını hiss etsinlər. Hətta, hesabda 3:0 öndə olduğumuz və əvəzetmələri tez həyata keçirmək üçün futbolçularımdan topu kənara vurmalarını istəyirdim (gülür). Yalnız oyunun sonunda mənə 6 əvəzləmə etdiyimi dedilər. Olur, texniki səhvdir. Bu, təkcə mənim deyil, hətta Premyer Liqada başqa məşqçilərin də başına gəlib.
- Komandanın zəif çıxışı klub rəhbərliyini və ya sizi narahat etmirdi?
- Komandanın oyunu nəinki məni, futbolu bilən çox insanları həvəsləndirirdi. Oyun olaraq yaxşı çıxış edirdik. Baxmayaraq ki, həmin uşaqlar heç U-19 liqasında oynamamışdılar. Birdən-birə əvəzedicilərə gətirmişdik. Bu səbəbdən təcrübəsizlik vardı və sizinlə razıyam, nəticə qane etmirdi. Rəhbərliyin, əsas da Rəşad Sadıqovun tələbi o idi ki, uşaqlar inkişaf etsin.
- Ötən il akademiyanın neçə futbolçusu əsas komandaya dəvət almışdı?
- 2002 təvəllüdlü Samir Ağayev hazırda əsas komandadadır. Ramiz, Mahmud Ağayevin də adını çəkə bilərəm.
- Amma onlara əsas komandada lazımi qədər şans verilmir…
- Bu mənim işim deyil. Üzərimə düşən işi bu şəkildə görməyə çalışmışam. Hazırda Azərbaycan Premyer Liqasında elə mübaruizə gedir ki, fikrimcə, hələ gənclərə şans vermək məsələsi yerində deyil. Qərarı Rəşad müəllim verəcək. Hazırda avrokubokara düşmək üçün mübarizə aparırlar. Ancaq gənclərin də vaxtı gələcək. Sadıqov çox diqqətlidir.
- "Zirə”nin avrokuboklara düşmək şansı nə qədərdir?
- Hazırda 4 namizəddən biridir. Fikrimcə, keçənilki kimi bu il də avrokuboklara vəsiqə qazanacaq.
- "Səbail”də əsasən nələrə cavabdehlik daşıyırsınız?
- Şahin Diniyevin köməkçisiyəm. Bacardığım yardımı etməyə çalışıram. Məqsədimiz "Səbail”in uğurlarını bol etmək, komandanı irəli daşımaqdır. Adıma layiq işimi görməyə çalışıram. Klubda şərait, rəhbərliyin diqqəti gözlədiyimdən də artıqdır. Düşünürəm ki, belə diqqətin qarşısında "Səbail” nəticə verəcək.
- Ötən tur qələbə qazansa da, komanda hələ istəniləən səviyyədə deyil. Bu gedişlə mövsümün sonunda nə gözləyirsiniz?
- Razıyam, real görünən odur ki, komanda sonuncu pillələrdən qurtulmaq istəyir. Açığı, belə diqqətin qarşısında "Səbail”in elitadan düşəcəyinə inanmıram. Oyuna gəlincə, bilirsiniz, Şahin müəllimin özünün də fikirləri var. Hazırda sonuncu yerdə gedən komanda üçün əsas olan gözəl, məzmunlu oyun deyil, nəticədir. Məqsəd sonuncu pillədən qurtulmaqdırsa, gözəl oyun düşünməyə vaxtımız yoxdur. Ancaq bu o demək deyil ki, heç vaxt məzmunlu oyun göstərməyəcəyik. Şahin müəllim və köməkçiləri yenidir. Dünya futbolunda da belə praktika var ki, məşqçi hansısa kluba gedəndə ən azı üç illik müqavilə təklifi irəli sürür. Yəni minimum üç il vaxt istəyir. Həmişə özlüyümdə düşünürdüm ki, məşqçilər bir komandanı formalaşdırmaq üçün niyə 3 il vaxt istəyir. Ancaq özüm komanda çalışdırandan sonra gördüm ki, həqiqətən də 6 ay, bir, yaxud iki il məşqçi üçün çox az müddətdir. Şahin müəllimə də vaxt lazımdır. Sonuncu oyun göstərdi ki, komandamız düzəlməyə doğru gedir. Nəticəni düşünməklə yanaşı, komandanın oyunu da qaydasına düşür. Bu səbəbdən uşaqlardan az müddətdə gözəl oyun tələb edə bilmərik.
- Turnir cədvəlindəki vəziyyət gərginlik yaradıb?
- Tam büruzə verməsəm belə, məndə də gərginlik var. Hər oyuna böyük bir turnirin matçı kimi yanaşıram. Sanki beynəlxalq turnirdə çıxış edirik. Elə komanda da özünü bu şəkildə hiss edir. Sonuncu yerlərdə ola-ola oynamaq da futbolçular üçün təzyiqdir. İndi gördüm ki, turnir cədvəlindən irəli gələn təzyiq də ağır olur.
Səbuhi Həsənov