Keçmiş NİDA üzvü, sonuncu əfv fərmanı ilə azadlığa çıxan Bəxtiyar Quliyev gündəmin əsas müzakirə mövzularındandır. Sözügedən təşkilatın cəmi 3 üzvünün azadlığa çıxması, qalanların məhbəsdə qalması ictimai sektorda təəssüf hissi doğursa da, B.Quliyevin açıqlamaları daha çox xəyal qırıqlığı yaratdı. “Yeni Müsavat” onunla geniş söhbətində bəzi suallara cavab tapmağa çalışdı.
- Bir az səhhətimdə problemlərim var. Pilləkənləri qalxıb-enəndə ayaqlarımda problem yaranır. Bağlı otaqda qaldığım üçün.
- Ancaq bağlı otaqda qaldığınız üçündür səhhətinizdəki problemlər? Yoxsa istintaq dövründə aldığınız işgəncələrin də rolu var?
- Xeyr, xeyr. Sırf bağlı otaqda qaldığım üçün.
- Həkimə getmisiz?
- Yox, hələ ki, getməmişəm. Başım qarışıqdır. Sənədlərim, əşyalarımla bağlı. Ora-bura gedib gəlirəm.
- Azadlıqdakı ilk iki gün necə keçdi?
- İlk çıxanda valideynlərimi gördüm, məni onlar qarşıladı. Getdim evə, bütün qohumlar gəlmişdi, söhbət etdik, süfrə açıldı. Sonra gördüm ki, səs-küy çoxdu, başım tormozlanmışdı. Bir az aralandım, az keçmədən qayıtdım. Hələ də o azadlığın ləzzətini yaşayıram. Elə bil yenidən doğulmuşam.
- Keçmiş dostlarınızdan - NİDA üzvlərindən kimlər gəldi sizə baş çəkməyə?
- Heç kim gəlmədi. Heç mən gözləmirdim də gəlməklərini. Sadəcə siz sual verdiz deyə mən cavablayıram.
- Niyə gözləmirdiz? Sizcə, onlar etibarsız çıxdılar, yoxsa siz?
- Yox, mən heç kimə qarşı düşmənçilik sərgiləmirəm, nə də başqa şey. Bu, sadəcə onların seçimi idi. Mən durub onların dalınca düşən deyildim. Hər halda mən çıxmışdım və onlar gəlməliydilər. Ən azı əlimi sıxa, təbrik edə bilərdilər. Mən onlardan başqa heç nə gözləmirdim. Sadəcə onlar bilsinlər ki, bu, bir insanlıq xətrinə olan şey idi. Uzun bir müddətdən sonra bunu etmək olardı, amma olmadı, etmədilər.
- Bəlkə yazdığınız müraciətlərə, ərizədəki sözlərinizə görə sizdən inciyiblər, ola bilər?
- Onu mən deyə bilmərəm. Amma internetdəki yazılanlardan bunu başa düşmək olar. Bu qənaətə gəlmək olar ki, kimin fikri nədir, nə deyil. Mən heç nə deyə bilmərəm.
- Hər halda cəmiyyət üçün sizin birinci, ikinci əfv müraciətiniz, son olaraq da Heydər Əliyevin məzarını ziyarət üçün xüsusi xahişiniz təəccüblü oldu. Zamanında Heydər Əliyev səhifəsinin admini olmuş birisinin bu dəyişim sürəci bizim üçün də maraqlıdır. Necə oldu, necə dəyişdiz?
- Mən ümumiyyətlə, o mövzuya qayıtmaq istəmrəm. Müraciətlərimdəki “peşmançılıq” məsələsi də elə buna görə idi. Siyasi fəaliyyətimi nəzərdə tuturdum. Hardasa təsir altına düşmüşəm də demək istəməzdim. Amma o vaxt özümdə olmamışam da. O vaxtkı ilə indikini müqayisə edəndə indi özümü daha çox özümdə hiss edirəm. Düşünərək qərar vermək lazımdır.
- Həmin vaxt nəyin təsiri altında qərar vermişdiz? Emosiyaların?
- Hə, elə demək olar. Gəncliyimdən də irəli gəlirdi. Mən bir şey də deyim. Həmin vaxt mənim işim də var idi, aldığım məvacib də yaxşı idi. Ondan sonra işdə müvəqqəti problem yaranırdı. Mən işdən azad olundum, maddi problemlərə görə bəzi işçilər də mənim kimi uzaqlaşdırıldı. Amma müdir mənə söz verdi ki, problemlər müvəqqətidir, həll olunan kimi sizi yenidən dəvət edəcəyik. İnsan bir anda müflis olur e... Bax, məndə də həmin vaxt elə psixoloji vəziyyət idi. İş yox, bir şey yox, qalmışdım... İşdən çıxandan sonra özümü nəyəsə verməliydim, həsr eləməliydim. Mən də belə bir şeyə verdim. Onun da nəticəsi gördüyünüz kimi pis oldu.
- Bəs indi nə düşünürsüz: keçmiş silahdaşlarınıza xəyanət etmisiz, ya yox?
- Xeyr, xəyanət deyil. Mən yazılarımın heç birində onları ittiham eləməmişəm. Adlarını da çəkməmişəm. Ola bilər, kimsə bunları oxuyaraq düşünüb ki, bəlkə məni deyir. Amma bəlkələrlə də heç nəyi sübut etmək olmaz. Hər kəs öz fikrini deyə bilər. İndi mən durub mənim haqqımda hər pis danışana “niyə belə dedin” deyə cavab verə bilmərəm. Qəbul edən də sağ olsun, etməyən də. Əsas odur ki, mən valideynlərimlə bir yerdəyəm və azadlığıma qovuşmuşam. İndi görürəm ki, azadlıq nə deməkdir. Onun dadını içəridə olmayan insan bilə bilməz. Məni ittiham edənlər də onun nə demək olduğunu bilə bilməz. Mən də dustaqlıq həyatı yaşamamışdan kimlərinsə arxasınca yazırdım o sözləri. İndi o sözləri mənim haqqımda deyəndə gülməli gəlir və o deyənləri cılız görürəm.
- Həbsdə qalan digər nidaçılar barədə nə düşünürsüz? Məsələn, onlara da sizin yazdığınız kimi ərizə yazmağı tövsiyyə edirsiz?
- Burda yazılmamış qanunlar da var. Onları nəzərə alanda... Onlar istəsəydilər, çıxardılar. Artıq bu, o deməkdir ki, onlar siyasi fəaliyyətlərini davam etdirirlər. Orda qalmaqları ilə onlar bunu deməsələr də, hərəkət olaraq o deməkdir. Mən çəkildim, məndən bu qədər... Onlar isə davam edirlər, öz işləridir. Buna görə də onları qınamıram.
- Maraqlıdır ki, həbsdən çıxandan sonra Şahin Novruzlu Fəxri Xiyabana getmədi. Siz və Elsevər Mürsəlov getdiniz. Hətta kadrarxasından da göstəriş verənin səsi gəlirdi: indi qabağa dayan, gülü qoy, baş əy... Bu nə idi? Göstəriş əsasında etdiniz o ziyarəti?
- Xeyr. Ola bilər nəsə göstərişlər olsun. Amma mən ora gedirəmsə, nə edəcəyimi də bilirəm. Mənə orda hətta başqa bir söz də desəydilər belə, orda qərara aldığım hərəkətləri edəcəkdim. Buna öz içimdə söz vermişdim və bunu mənəvi borcum bilirdim. Həyatımda yeni səhifə açmaq üçün o, mənimçün başlanğıc nöqtə idi. Deyirsiz göstəriş, amma mən ona göstəriş deməzdim. O adam onu desəydi də, deməsəydi də, o hərəkətlər olacaqdı. Çünki mən o məqsədlə getmişdim.
- Türmədəki, məhkəmədəki günləriniz necə keçdi? Necə xatırlayırsız o günləri?
- Heç kimə sirr deyil ki, ağır keçib. Məhkəmə zamanı gərginlik də olub, bunu mətbuat da yazıb. Bəzi hərəkətlərimdən də bilinirdi ki, əsəbləşəndə özümdən çıxıram. Normal haldır, yolda da əsəbləşə bilərsən. Avtobus qəfil saxlayanda düşüb təpik də vurarsan. Nə bilim, keçdi getdi, geri qayıtmaq istəmirəm.
- Türmədəki siyasi fəallara əfv ərizəsi yazdırmaqla bağlı ciddi basqılar olur. Sizinlə bağlı hal necə oldu? Təzyiq edildimi?
- Xeyr, təzyiq olmadı, təklif oldu. Heç bir vəd verilmirdi, sadəcə təklif kimi deyilirdi. Mənə orda elə də böyük gəlib-gedən olmurdu. Konkret deyilmirdi ki, belə etsən, elə olacaq. Hətta əfv fərmanı verilən gün mən nə olacağını bilmirdim, adımın orda olmasından xəbərsiz idim. Çıxacağım günün bir gecə öncəsində bilmişəm ki, çıxacam.
- Bundan sonrakı planlarınız, qərararınız necədir? Gələcəyə yönəlik nə düşünürsüz?
- Bilirsiz, mən indi gələcəyi bulanıq görürəm. Psixoloji durum... İnsanı birdən-birə azadlığa buraxırlar. Şəxsiyyət vəsiqəm, telefonum, şəxsi əşyalarım yoxdur. Hələ ki, özüm deyiləm. Amma ilk növbədə təhsil olmalıdır. Türmədə olanda çoxlu kitab oxudum, öyrəndim. İşlə bağlı məndə problem olmayacaq. Bir iş tapıb işləyəcəm. Problem olsa təhsilimlə bağlı olacaq. Amma onu da düzüb - qoşacam.
- Sizin son davranışlarınızdan sonra çoxlarında bu sual yaranıb: YAP-a üzv ola bilərsizmi? Elə bir planınız varmı?
- Bu elə önəmli bir şeydir üzv olub-olmamağım?
- Önəmlilik məsələsi deyil. YAP-a üzv ola bilərsiz?
- Xeyr, bu barədə heç bir fikir bildirməmişəm, təklif olunmayıb. Olsam adi günlərdən birində gedib, üzv ola bilərəm. Burda nə problem? Amma hazırda üzv deyiləm. Heç bir təşkilata da bundan sonra üzv olmayacam.
- Əqidə etibarilə YAP-a üzv olmaq sizinçün problem yaratmaz?
- Xeyr, ümumiyyətlə, təşkilatlar barədə maraqlı deyiləm.
- Sizin məhkəmənizi addım-addım izləmiş biri olaraq hər şey gözümün qabağında baş verib. Yalançı şahidlər, saxta protokollar, sifarişli qərar... İndi azadlıqdasız, hər şey arxada qalıb. Sizcə hakimiyyət sizlərə qarşı haqsızlıq etdimi?
- Mən o tərəfdən yanaşmaq istəmirəm. Mən yenə də deyirəm: yazılmamış qanunlar var. Mən əslində etməməli olduğum hərəkətləri etmişəm. Bunu bir çoxları da bilir.
- Nəyi nəzərdə tutursuz?
- Onu orda yazmasaz da olar. Ona görə də deyirəm ki, belə olmalıydı, oldu. Bunu haqsızlıq kimi qəbul eləməzdim.
- Yəni, sizə qarşı haqsızlıq olmayıb. Yanlış hərəkət etmisiz və buna adekvat addım atılıb. Düz başa düşdüm fikrinizi?
- Bəli, belə deyərdim. Haqsızlıq deməzdim. Şükür Allaha azadlıqdayam və səhvimi də başa düşmüşəm. Hər hansı bir əməl, kimisə öldürmək kimi əməl olmayıb.
- Siz nəyi etməməliydiz ki, etdiz, Bəxtiyar bəy? Konkret onu deyin, sual cavablansın...
- Bilənlər bilir də. Durub indi açıqlaya bilmərəm ki, mən bunu etmişəm, onu etmişəm. Özümə bəs edir bunu bilməyim, təlafi etmişəm. Çox sağ olsunlar ki, səhvimi başa düşdülər və qəbul etdilər.
- Belə bir fikir də var ki, başda Bəxtiyar Quliyev olmaqla bəzi gənc aktivlərin bu cür ərizələri, peşmançılıqları yerdə qalan aktiv kəsimi mübarizədən çəkindirdi, gözlərini qorxutdu, həvəsdən saldı və sair.. Qəbul edirsiz bu ittihamları?
- Xeyr, mən düşünmürəm ki, bütün mübarizə aparan adamlar mənim hərəkətimdən sonra ümidsizliyə qapılsınlar. Mənim hərəkətimdən ümidsizliyə qapılıblarsa, elə indidən o mübarizədə olmasalar yaxşıdır. Onu durub mənim hərəkətlərimə yazması düzgün deyil. Hər halda mən deyirəm ki, peşman olmuşam. Gərək mən də bu işdə olmayaydım. Bunu da açıq deyirəm.
Qaynar.info