Xəbər lenti

«Mərkəzi Bank pul kütləsini sıxmaqla İqtisadi artımın qarşısını alır» (ŞƏRH)
Ekonomiks13:12 04.10.2017

«Mərkəzi Bank pul kütləsini sıxmaqla İqtisadi artımın qarşısını alır» (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Mərkəzi Bankın yaydığı açıqlamada tam üzən məzənnəyə keçidin artıq təmin olunduğuvalyuta bazarında formalaşan məzənnənin tələb və təklif amilləri əsasında formalaşdığı bildirilib.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev qeyd edib ki, məzənnəyə təsir bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir. Yəni, pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi, həmçinin iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv instrument kimi istifadə edə bilirik.

"Yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır. Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa, Mərkəzi Bankın və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir", - deyə o, bildirib.

Mərkəzi Bank rəsmisinin açıqlamasını “Qaynarinfo”ya şərh edən İqtisadçı-ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, Mərkəzi Bank məzənnəni öz kriteriyaları əsasında müəyyənləşdirir ki, bunun da adı üzən və ya tam üzən məzənnə kursu yox, inzibati kursdur:

"Beynəlxalq təcrübədə valyuta birjalarının fəaliyyətinin nəzəri və praktik olaraq necə tənzimlənməsini bilirik. Amma Azərbaycanda tətbiq olunan metod heç də bazar kursu deyil. Mərkəzi Bank pul siyasəti ilə bağlı fəaliyyətini üzən məzənnə, tam üzən məzənnə və ya digər kurs adlandırır, amma mən hər zaman onu inzibati kurs adlandırmışam. Mərkəzi Bank açıqlayır ki, tələb və təklifi qarşılaşdıraraq, kommersiya banklarına seçim imkanı verir və bu şəkildə birjanı müəyyənləşdirir. Amma bizim bildiyimiz odur ki, bu və ya digər formada dünya bazarında dollar bahalaşan zaman Mərkəzi Bankın sehirli çubuğu ilə biz bunun əksini görürük, yəni Azərbaycanda dolların kursu aşağı düşür. Bir neçə gün öncədən gələn həftənin filan vaxtında məzənnənin nə qədər olacağı ilə bağlı qərar verilirsə, burada Mərkəzi Bankın üzən məzənnədən və ya tam üzən məzənnədən danışması mənə qaranlıq görünür. Dünya təcrübəsində məzənnə gündəlik olaraq səhər və axşam vaxtlarında olan kursa nəzərən ortalama olaraq götürülür, amma Azərbaycanda baş verən son iki devalvasiyadan gördük ki, Mərkəzi Bank iqtisadi əsas olmadan belə hökumətin təkidi, xahişi, yaxud göstərişi ilə kurs müəyyən edir. Burada üzən məzənnədən bəhs etmək doğru deyil. Bunun adı inzibati kursdur ki, Mərkəzi Bank birjanı öz kriteriyalarına uyğun olaraq müəyyənləşdirir".

Ekspert həmçinin qeyd edib ki, pul kütləsini sıxmaqla, onu nəzarət altına almaqla iqtisadiyyatın inkişafını, onun stimullaşdırılmasını təmin etmək olmaz:

“İqtisadi artımı pul kütləsinin nəzarət altına alınması təmin edə bilməz. Yəni, bu, tamamilə nəzəriyyəyə əksdir. İqtisadi artım o zaman olur ki, sahibkar iqtisadi fəaliyyət üçün əlavə pul təminatı yarada bilir. Əgər Mərkəzi Bank pul kütləsini sıxırsa bu, necə ola bilər? Mərkəzi Bank və ya hökumət üzvləri dəfələrlə iqtisadi stabilliyi misal gətirirlər ki, inflyasiyanın faizi aşağıdır və bu da iqtisadiyyatın inkişafına müsbət təsir edir. Ancaq nəzəriyyədə belə qeyd olunur ki, sahibkar o sahəyə investisiya yatırır ki, orada inflyasiya olur və gəliri çoxalır. Yəni, bu, bir-birinə zidd məqamlardır. İnflyasiya özü iqtisadi artımı stimullaşdıran amillərdəndir. Təbii ki, söhbət idarəolunan inflyasiyadan gedir. Mərkəzi Bank uçot dərəcəsini 15 faiz civarında saxlayır və bununla da iqtisadi artımın olacağını deyir. O faizlə hər hansısa sahibkar, kommersiya bankı vəsait götürsə, təbii ki, o zaman inflyasiya daha da artır və bu da əhaliyə ziyandır. Ancaq inflyasiyadan aşağı gəlir də sahibkarı stimullaşdırmır ki, o sahələrə vəsait yatırsın. Ona görə, nəzəriyyədə deyilir ki, inflyasiya 3 faizdirsə, bankın uçot faizi ondan aşağı olmalıdır. Bir sözlə pul kütləsini sıxmaqla iqtisadiyyatı stimullaşdırmaq olmaz. Mən bunu yanlış hesab edirəm”.

İLİN SONUNDA DOLLARIN MƏZƏNNƏSİNİN QALXMASI EHTİMALI YÜKSƏKDİR

Nazim Bəydəmirlinin fikrincə, 2017-ci ilin sonunadək məzənnədə dəyişikliklər olacaq: 

“Bazarın obyektiv səbəbləri ilə əlaqədar məzənnə ilin sonuna doğru dəyişə bilər. Müxtəlif kommersiya banklarının, iri şirkətlərin maliyyə ili qurtarır və borclarını qaytarmalıdırlar, həm də dövlət borcu ilə bağlı hökumətin bağlanışları ola bilər. Təbii ki, belə olanda tələb artır və kurs da dəyişə bilər. Mən dolların kursunun bahalaşması ehtimalını yüksək görürəm. Amma bu, nə dərəcədə olacaq deyə bilmərəm, çünki qeyd etdiyim kimi məzənnə inzibati qaydada tənzimlənir. Bildiyiniz kimi borcların hamısı xarici valyuta ilədir və tələb artarsa bu, baş verə bilər”.

Çingiz Səfərli

Qaynarinfo.Az