Azərbaycanda iki kredit ittifaqının fəaliyyəti dayandırılıb. Anspress-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankı (AMB) Cəlilabad rayonundakı “East Credo” və Bakı şəhərindəki “Xəzər Finans” kredit ittifaqına verdiyi lisenziyanı ləğv edib.
Onların lisenziyasının ləğv olunması son 1 ildə praktik olaraq fəaliyyət göstərməmələri, eləcə də daxili audit keçirməmələri ilə bağlıdır.
Bu kredit ittifaqlarına ləğvetmə komissiyası yaratmaq tapşırılıb. Qərar 10 gündən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Mərkəzi Bank ötən ilin noyabr ayında daha 4 kredit ittifaqının – “Aslanlı”, “Mıxlıqovaq”, “Maliyyə Kredit İttifaqı” və “Nofəl Kredit İttifaqı”nın məhdud bank fəaliyyəti üçün verdiyi lisenziyalarını ləğv etmişdi.
Həmin kredit ittifaqlarının lisenziyaları 2013-cü il ərzində auditor rəyi ilə təsdiq olunmuş maliyyə hesabatını, eləcə də son iki hesabat dövrü ərzində fəaliyyətlərinin yekunlarına dair hesabatı üzrsüz səbəbdən AMB-yə təqdim etməmələri ilə əlaqədar ləğv edildiyi bildirilir.
AMB-nin məlumatına görə, 1 oktyabr 2014-cü il tarixinə 111 kredit ittifaqı fəaliyyət üçün lisenziyaya malikdir.
Qaynar.info