Xəbər lenti

Mərkəzi Bankı valyuta hərraclarının sayını azaldıb
Ekonomiks07:10 18.04.2016

Mərkəzi Bankı valyuta hərraclarının sayını azaldıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün valyuta hərracı keçirməyəcək. "Report" xəbər verir ki, AMB yanvarın 13-dən başladığı və əsasən həftədə 3 dəfə həyata keçirtdiyi müntəzəm valyuta hərraclarının sayını 2 dəfəyə salıb. 

"Report"un analitik qrupu qeyd edir ki, əvvəllər həftənin I, III və V günləri təşkil olunan valyuta hərracları bu həftədən etibarən iki dəfə - II və IV günlər keçiriləcək: "Keçən həftə keçirilən valyuta hərraclarında kommersiya banklarının dollara tələbatının aşağı olması və bunun nəticəsində dolların ucuzlaşması AMB-nin bu addımı atmasına səbəb olub". 

Xatırladaq ki, aprelin 15-də baş tutan son valyuta satışı hərracında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) satışa çıxardığı 50 mln. dollardan yalnız 2,4 mln. dolları satıb və rəsmi məzənnə 1,5167 AZN/USD-ə enib. 

Qeyd edək ki, manatın cari qlobal iqtisadi konyunkturada möhkəmlənməsi normal sayılmır. Çünki dünən Dohada neft hasilatçıları ölkələrinin sammitində razılaşma əldə olunmadığından neftin qiyməti bu gün 5% azalaraq 41 dollar/bareldən aşağı enib. Keçən həftə 45 dollar/barelə qədər yüksələn neftin qiyməti son 4 ayın maksimal səviyyəsinə çatıb. 

"Hazırda neftin qyiməti bu ilin maksimal həddindən 9,2% aşağıdır. Neftin qiymətinin azalması rublun da məzənnəsinə mənfi təsir edib. Aprelin 15-də 66 RUB/USD olan məzənnə hazırda 3,8% artımla 68,5 RUB/USD-yə yüksəlib. Neft hasilatçısı ölkələrinin milli valyutalarının məzənnəsi manata da təsir edə bilər. Bu gün hərracın keçirilməməsi nağd valyuta bazarında dolların məzənnəsini 1,53-1,54 AZN/USD-yə artıra bilər", - deyə "Report"un analitikləri qeyd edib.

Qaynarinfo.az