Xəbər lenti

Mərkəzi Kliniki Hərbi Hospitalda nə baş verir?
Ölkə10:22 04.06.2014

Mərkəzi Kliniki Hərbi Hospitalda nə baş verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son vaxtlar kütləvi informasiya vasitələrində Müdafiə Nazirliyində aparılan ugursuz kadr islahatlarından çox bəhs edilib və bu islahatlarda əksər məqamlarda tanışlıq, qohumluq və s. kimi cəhətlərə üstünlük verilməsi qabardılıb.

Bu arada bir sıra mühüm vəzifələrə təyinatlarda təsadüfi adamlara, yəni qeyri-peşəkarlara üstünlük verilməsi də xüsusi vurğulanıb ki, bu da öz növbəsində həm təcrübəli hərbi ekspertlərin, həm ictimaiyyət nümayəndələrinin, həm də media təmsilçilərinin ciddi təpkisi ilə qarşılanıb. Bu günlərdə saytımıza daxil ilginc məlumat isə kadr sahəsində vəziyyətin daha da gərginləşdiyini bir daha yenidən gündəmə gətirib. 

Söhbət Silahlı Qüvvələrin Mərkəzi Klinik hospitalından gedir. Xəbər verildiyi kimi, hələ ötən ilin sentyabrında müdafiə naziri, general-polkovnik  Zakir Həsənovun imzaladığı əmrə əsasən ehtiyatda olan baş leytenant Tofiq Tağıyevə mayor hərbi rütbəsi verilib və o, Mərkəzi Kliniki Hərbi Hospitalın (MKHH) rəisi vəzifəsinə təyin edilib. Bildiyimiz kimi, bu haqda ilk dəfə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. 

O, haqlı olaraq iddia edib ki, kifayət qədər savadlı və bacarıqlı hərbi həkimlər olduğu halda, ehtiyatda olan zabitin, həm də baş leytenantın Mərkəzi Kliniki Hərbi Hospital kimi mühüm obyektə rəhbər yəyin olunmasını tənqid edib. Həmçinin bu təyinat Müdafiə Nazirliyi kollektivində birmənalı qarşılanmayıb. Bu da tamamilə təbiidir. 

Məsələnin ən ağrılı tərəfi ondan ibarətdir ki, bu gün adı çəkilən müalicə müəssisəsində polkovnik-leytenant, polkovnik kimi yüksək rütbələrdə, kifayət qədər böyük  hərbi təcrübəyə malik xeyli sayda həkim xidmət edir. Onların  böyük əksəriyyəti birinci Qarabağ savaşının od-alovundan keçmiş insanlardır. İndi təsəvvür edin ki, bu insanlar baş leytenant rütbəsindən birbaşa mayor rütbəsinə “yüksəlmiş”, heç bir döyüş təcrübəsinə malik olmayan yeni rəisin qarşısında dayanıb məruzə edirlər. Məsələn, belə: Yoldaş mayor, polkovnik filankəsov sizin əmrinizlə gəlmişdir... Nə qədər eybəcər bir səhnədir. Bu, uzun illər ordu sıralarında xidmət etmiş, yaralı əsgərlərin sağlamlığı keşiyində dayanmış insanları “əzmək”, aşağılamaq deyilsə, bəs nədir?!. Belə hallara dünyanın heç bir ordusunda rast gəlmək mümkün deyil...

Yeri gəlmişkən, bu uğursuz təyinatın nəticəsi özünü çox gözlətməyib. Hələ bir müddət əvvəl yaşanan ciddi insidentlər üzündən yeni rəisin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müdafiə naziri əmr imzalayıb. Lakin həmin əmr elə həmin gün ləğv edilib və müdafiə nazirinin kadrlar üzrə sabiq müavini general Çingiz Məmmədovla, tibb xidmətinin rəisi general Natiq Əliyevə “töhmət” elan olunub. Mənbənin məlumatına görə, hospital rəisilə tibb xidməti rəisi arasındakı hətta etik normalardan kənara çıxan soyuq münasibət son günlər özünün pik həddinə çatıb.

Redaksiyamızı məlumatlandıran, hazırda Müdafiə Nazirliyində təmsil olunan mənbənin daha sonra bildirdiyinə görə, Tofiq Tağıyevin ərköyünlüyü, özünə arxayınlığı bugünlərdə növbəti  xoşagəlməz insidentə səbəb olub. Belə ki, səhər baxışı zamanı onunla hospitalda xidmət edən təcrübəli həkimlərdən biri arasında hətta küçə söyüşlərilə müşahidə olunan konflikt yaşanıb. Davaya yeni rəis müavini də müdaxilə edib ki, o da qarşı tərəfdən çox ciddi təhqir olunub. 

Mənbənin məlumatına görə, yeni rəis müavini Vahid Əliyevin yaxın qohumudur. Hospital rəisi tərəfindən təhqir olunduğuna dözə bilməyən həkim onu da çox ciddi söyüş “atəşinə” tutub və nümayişkaranə şəkildə qohumuna arxayınlığıdan qorxmadığını bildirib. Dava səs-küyə yığılan digər həkimlər tərəfindən böyük çətinliklə yatırılsa da, gərginlik hələ də davam etməkdədir. İndi hadisə iştirakçılarından izahatlar alınır ki, bu da müalicə müəssisəsinin əməkdaşlarını odla-su arasında qoyub. 

Yeri gəlmişkən, mənbə Tofiq Tağıyevin keçmişi barədə heç də xoşagəlməyən məlumatlara  malik olduğunu da dilə gətirib. Sonda onu da bildirək ki, saytımıza məlumat verən şəxs həmin günlərdə hospitalda müalicə kursu keçdiyini və bu zaman hadisənin təsadüfən şahidi oldugunu  bildirib və yeni təyinatla baglı daha ilginc məlumatlara malik oldugunu əsas gətirərək bu haqda, əgər ehtiyac olarsa, gələcəkdə ətraflı bəhs edəcəyinə söz verib. 

Qeyd edək ki, faktla bağlı dəqiqləşdirmələr aparırıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info