Xəbər lenti

Məşçqilər Şurasının üzvləri niyə xaricə getməyib? - Vaqif Sadıqov
İdman08:47 17.01.2024

Məşçqilər Şurasının üzvləri niyə xaricə getməyib? - Vaqif Sadıqov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkə çempionatında iştirak edən klublar qış fasiləsində öz hazırlıq planlarını gerçəkləşdirdilər. Kimisi toplanış üçün xarici ölkəyə getdi, kimisi hazırlığı Azərbaycanda davam etdirməyə üstünlük verdi. Bəs AFFA-nın Məşqçilər Şurası nələr etdi? Klubları izlədilərmi? Xarici ölkəyə yollandılarmı? Qarşıdakı planlar necədir?
Bu barədə Məşqçilər Şurasının sədri Vaqif Sadıqov Qaynarinfo-ya açıqlama verib. O, planlarından danışıb və klubların hazırlıqlarını dəyərləndirib:
"AFFA-nın bütün layihə müzakirələrində iştirak edirik. Bu il cəmi beş klubumuz Antalyada olduğuna görə qərar qəbul etdik ki, Türkiyəyə yollanmağa ehtiyac yoxdur. Toplanışları kənardan izləyirik. Onsuz da İcraiyyə Komitəsinin iclası olacağına görə burada qalmalı idim. Digər tərəfdən ölkədən qalan klubların oyunlarını izləyirdik. Oyunlara baxdıq. İştirak etdiyimiz AFFA müzakirələri barədə isə hər hansı açıqlamaya ehtiyac görmürəm. Çünki daxili işlərimizdir”.
Sadıqov klubların hazırlığı ilə bağlı fikirlərini də bölüşüb:
"İstirahət vaxtı az olduğu üçün klubların əksəriyyəti fərqli qərar qəbul edib, ölkə daxilində toplanış keçdilər. Fikrimcə, bunun həm müsbət, həm mənfi tərəfləri var. "Qarabağ” gərgin il keçirdiklərini, futbolçuların istirahətə ehtiyacı olduğunu açıqlamışdı. Bu səbəbdən Azərbaycanda qaldılar. Digər klublar da uyğun rəqib tapıb yoxlama oyunlarını ölkədə keçirmək istədilər. Ayrı-ayrı klublar Türkiyəyə yollanıb orada yeni transferləri sınaqdan keçirməyi planlaşdırmışdılar. Məncə, bizi maraqlı ikinci hissə gözləyir. Klublar güclənirlər, fikrimcə, sona qədər intriqa dolu mövsüm keçəcək. "Qarabağ” yalnız özü-özünə rəqib ola bilər. Bu da o deməkdir ki, komanda digərlərinə bir qədər yuxarıdan-aşağı baxır. "Qarabağ”ı çox yaxşı tanıyırıq. Hədəfə çatmaq üçün bütün güclərini qoyurlar. Avropa zonasına düşmək üçün də gərginlik hiss olunur. Bunun üçün xeyli komandalar mübarizə aparır. Eyni sözü son pillələrdə olan komandalar üçün də deyə bilərəm. Çoxdandır idman prinsipləri həyata keçirilmirdi. Sonuncu pilləni tutan komanda Birinci Liqaya yuvarlanacaq. Bu səbəbdən son yerdə olmamaq üçün də ciddi mübarizə gedəcək. Komandalardan kimisi transfer, kimisi hazırlıq baxımından istədiklərini əldə edə bilirlər. Bu da istər-istəməz rəqabətin artmasına gətirib çıxarır və nəticədə inkişafa təsir edir”.
Sadıqov vaxtilə həm baş məşqçisi, həm də futbolçusu olduğu "Neftçi”dəki dəyişikliklərdən sonra komandadan nə gözlədiyini deyib:
"Hər hansı dəyişiklik istər-istəməz ümid yaradır. Addımlar bu fikirlə atılır. İnanıram ki, dəyişikliklər "Neftçi”nin simasını qaytara biləcək və onlar yüksək yerlər uğrunda mübarizə aparacaq”.
Səbuhi Həsənov