İdman 13:52 09.12.2022

Məşhur Fransa klubunu alacaq şirkət müəyyənləşdi

Bu mövsüm Fransa çempionatında istədiyi nəticəni qazana bilməyən və yüksək sıralarından geri qalan "Lion"un yeni sahibi qısa zamanda müəyyənləşəcək.

Qaynarinfo-nun məlumatına görə bu barədə klubdan açıqlama verilib. Açıqlamada klubun əksər səhmlərini almaq istəyən "Eagle Football" investisiya qrupundan təminat alındığı qeyd edilib. Qrupun investorlarından biri olan Con Tekstor daha əvvəl 3 dəfə təxirə salınan alışı tamamlayacağını və qısa zamanda sövdələşməni bağlayacağını təsdiqləyib.

"Lion"un yeni sahibi olacağı gözlənilən "Eagle Football"ın 39,2 milyon səhm və səhmə çevrilə biləcək 789 min 824 istiqraz üçün 327,4 milyon avro ödəyəcəyi, qalan səhmlər üçün tender elan edəcəyi bildirilib. Con Tekstorun "Botafoqo" (Braziliya), "Kristal Palas" (İngiltərə) və "Molenbik"də (Belçika, 2-ci liqa) payları var.

Bütün əməliyyatlar tamamlandıqdan sonra klubun səhmlərinin 66 faizinin 842 milyon dollara satılacağı gözlənilir.

Ölkə çempionatında bu mövsüm keçirdiyi 15 oyunda 6 qələbə və 3 heç-heçə edən "Lion" 21 xalla 8-ci pillədə qərarlaşıb və PSJ-dən 20 xal geri qalır.

Səbuhi Həsənov