Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin I mərhələsi çərçivəsində "The Boston Consulting Group” (BCG) şirkətinə 1 milyon 285 min avro ödəyəcək.
Qeyd edək ki, Bakı şəhərinin baş planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə "Böyük Üçlük" adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - "The Boston
Consulting Group" ("Boston Konsaltinq Qrup") şirkətini hələ bir müddət öncə bu işə cəlb edib.
Məlumat üçün qeyd edək ki, 1963-cü ildə yaradılmış "The Boston Consulting Group" şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyi özündə birləşdirən qlobal şəbəkəsi vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir.
Komitə "The Boston Consulting Group” ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işinin iki mərhələdə təşkil edilməsini planlaşdırır. Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən, "Böyük Bakının Regional İnkişaf Planı” və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur. Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək.
İkinci mərhələdə komitə "The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.
Maraqlıdır ki, illər öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "Böyük Bakının Regional İnkişaf Planı” (282.322 ha) hazırlandı. Bu layihə çərçivəsində Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı (33.333 ha) və nəhayət Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan (247 641 ha) layihəsinin işlənilməsinə başlandı. Komitənin bir müddət əvvəlki açıqlamasına görə, bu layihə başa çatıb. Bakının yeni Baş planında 2035-ci ilədək inkişaf nəzərə alınıb. Bakının indidəyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Hətta bu işə beynəlxalq ekspertlər də cəlb edilib. Belə ki, 2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən "Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.
Memar Zemfira Budaqovanın sözlərinə görə, Azərbaycanda həddindən artıq bacarıqlı gənc mütəxəsisslər var: "Onlardan faydalanmaq lazımdır. Amma yerli mütəxəsisslərin bu layihədə iştirakının olmaması yaxşı hal deyil. Xarici mütəxəsislərin bu layihəyə cəlb edilməsi ola bilsin ki, ölkələrarası münasibətlərin və əlaqələdrin qurulmasına xidmət göstərir. Azərbaycan xaricə öz ölkəsini tanıtmaq istəyir. Bu səbəbdən də xarici ekspertlərdən yararlanır”.
Mənbə: cebhe.info