
Yeni yaradılmış "Səbail" futbol klubunun İdarə Heyətinin üzvlərinin tərkibinə aydınlıq gəlib.
Qaynarinfo.az xəbər verir ki, tərkib 5 nəfərdən ibarətdir.
Bunlar 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov, "Mançester Yunayted" Yay Futbol Məktəbinin koordinatoru Ramin Həsənov, "Sport Marketinq Qrup" şirkətinin direktoru Ayaz Əhmədov, "Neftçi"nin veteran oyunçusu Əbdülqəni Nurməmmədov və tanınmış teleaparıcı Tural Əsədovdan ibarətdir. İdarə Heyətinin sədri funksiyasını Yusif Həsənov icra edəcək. Bu komandanın baş məşqçisi Elman Soltanov, qapıçılar üzrə məşqçisi isə Faiq Əzizov olacaq.
Yeri gəlmişkən, məşhur teleaparıcı, şoumen, aktyor, rejissor və prodüser Tural Əsədov bu klubda çalışması ilə bağlı bunları söyləyib: "Müşahidə Şurasın üzvlərinə təşəkkürümü bildirirəm ki, məni komandaya dəvət ediblər. Bu etimadı doğrultmağa çalışacağam. Mənim futbola böyük marağım var və özümü bu sahəyə yaxın hesab edirəm. Mən və Ayaz müəllimin üzərinə düşən əsas iş bu klubun piarını, təbliğatını qurmaq olacaq. Müxtəlif sosial layihələr həyata keçirəcəyik. "Səbail"in ev oyunlarında stadionun dolması üçün çalışacağıq. Təbii ki, gecə-gündüz olmasa da, gündüzlər yığılıb bu barədə müzakirələr aparacağıq".

Qeyd edək ki, Tural Əsədov əvvəllər "Speys" televiziyasında "Bazar" maqazin verilişinin aparıcısı olub. 2014-cü ildə İTV-də Böyük Səhnə vokal layihəsinin aparıcısı olan Əsədovun son uğurlu işi Az.TV-də göstərilən "Səs Azərbaycan" mahnı müsabiqəsi olub. AFFA-nın bir çox tədbirlərində aparıcılıq etmiş Tural Əsədov Avropa Oyunları zamanı əsasən boks yarışlarında iş başında olub.
Qaynarinfo.az