PSJ ilə 3 illik müqavilə bağlayan Lionel Messinin transferi kluba qazanc baxımından müsbət təsir edib.
Qaynarinfo xəbər verir ki, 7-ci dəfə "Qızıl top" mükafatını qazanan Messinin PSJ formalarının təxminən 1 milyon nüsxəsi satılıb. Klubun marketinq direktoru Mark Armstronq 34 yaşlı futbolçunun gəlişindən sonra forma satışında rekordlar qırıldığını deyib.
Pandemiya olmasaydı rəqəmlərin daha da da yüksələ biləcəyini vurğlayan Armstronq Messinin transferini "böyük qələbə" adlandırıb:
"Kommersiya baxımından inanılmaz təsir göstərdi. İnanıram ki, keçən illə müqayisədə bütün klublardan daha çox forma satdıq. Bu il daha da yaxşı olacaq. Ən azı 30-40% artım gözlənilir. Daha çox forma istehsal edə bilsək, onları da satacağıq. Təkliflərin sayı, futbolçu ilə rəsmi müqavilə bağlanılmamışdan bir müddət əvvəl artdı. Sponsorluqdan marketinqə, qonaqpərvərlikdən bilet satışına qədər, bunun bizim işimizə böyük təsir göstərdiyini hiss edirik".
Messinin transferindən sonra PSJ-yə gələn sponsorluq təkliflərinin sayı da artıb. Argentinalı ilə müqavilə imzalanandan sonra fransız nəhəngi "Autohero" "Crypto.com", "Smart Good" və "Gorillas" kimi şirkətlərlə müqavilələr bağlayıb. Bu da klubun klubun qazancının xeyli artmasına səbəb olub.
Messinin gəlişi PSJ-nin sosial media hesablarına da yaxşı mənada təsir edib. Klubun bütün sosial media hesablarına abunəçilərin sayı 20 milyon nəfərədək artıb. Bu da orta hesabla hər ay 1 milyon izləyici qazanmaq anlamına gəlir və klub tarixində ən yüksək göstərici hesab olunur.
Messinin transferi bilet satışlarına da müsbət təsir edib. Ancaq Armstronq bildirib ki, artıma baxmayaraq bilet qiymətləri əvvəlki kimi qalacaq.
Argentinalı superulduz PSJ-nin heytində 15 oyun keçirib. O, bu müddətdə 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov