
"Barselona"nın argentinalı ulduzu Lionel Messinin İspaniya çempionatının XXIV turu çərçivəsində "Selta" ilə oyunda yerinə yetirdiyi penalti sosial mediada çox müzakirə olunmaqdadır. Xatırlatma edək ki, o, 6:1 hesabı ilə başa çatan oyunun 81-ci dəqiqəsində penaltini qeyri-standard şəkildə icra edib və komanda yoldaşı uruqvaylı Luis Suaresin bombardir olması üçün qolu onun vurmasına şərait yaradıb. Nəticədə statistikaya Messi bu penaltini qaçırmış şəxs kimi düşüb.
Qaynar.info xəbər verir ki, bu qol qanuni sayılır və əgər rəqib futbolçular cərimə zərbəsinə penalti yerinə yetirilənədək daxil olmayıblarsa, burda qayda pozuntusundan söhbət gedə bilməz.
Buna bənzər qollar əvvəllər də vurulub. Çoxları ilk belə qolu "uçan holland" ləqəbli Yohan Kroyfun vurduğunu zənn edir. 1982-ci ilin dekabrın 5-də "Ayaks"ın Hollandiya çempionatında "Helmond Sport"la oyununda (5:0) Kroyff penaltini vurarkən topu danimarkalı Yesper Olsenə ötürür. Olsen isə topu yenidən qaytararaq Kroyfun beləcə qeyri-adi penaltisinin "reallaşması"na səbəb olur.
Lakin ilk vurulan belə qol bu da deyil. Məhz Kroyffun vurduğu bu qoldan 25 il əvvəl belçikalı Rik Koppens belə penaltidən yararlanıbmış. Tam adı Anri Fransua Lui Koppens olan Belçika millisinin sabiq hücumçusu 1958-ci ildə İsveçdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu üsuldan istifadə edib. O, 1957-ci ildə Belçikanın İslandiya ilə oyununda (4:0) komanda yoldaşı Andre Piterslə bunu reallaşdırıb.
Qeyd edək ki, Rik Koppens Belçikada "Beersxot" komandası ilə 2 dəfə bombardir olub və 1954-cü ildə ilk "Qızıl buts"un sahibi olub. Ötən il fevralın 5-də dünyasını dəyişmiş Koppensin həmin qoluna aşağıdakı videonun 1.30-cu dəqiqəsindən etibarən baxa bilərsiniz.
Qaynar.info