Xəbər lenti

Mətbuat Şurasının şərtləri tənqid olundu - Baş redaktor
Ölkə14:14 24.05.2013

Mətbuat Şurasının şərtləri tənqid olundu - Baş redaktor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Kaspi”nin baş redaktoru Natiq Məmmədli: "Bu prinsip prezidentin sərəncamı ilə ziddiyyət təşkil edir"

Mayın 23-də Mətbuat Şurası Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş evin mənzillərinin bölüşdürülməsi meyarlarını açıqlayıb. Həmin meyarlarda deyilir ki, mənzil almaq üçün gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər. Meyarlara görə, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli meyarlara münasibətini “Media forum” saytına açıqlayıb.

O deyib: “Bu, mənə tələsik hazırlanmış qaydalar təsiri bağışladı. Ancaq yəqin ki, məsələyə müəyyən aydınlıq gətirilər. Mən namizədliyi irəli sürüləcək jurnalistin bir redaksiyada 3 il fəaliyyət göstərməsi şərtini doğru hesab etmirəm. Əslində jurnalistin ümumi stajı nəzərə alınmalıdır və bu baxımdan meyarlardakı ümumilikdə 10 il təcrübə tələbi ilə razılaşmaq olar.

Mətbuat Şurasının hazırladığı meyarlarda jurnalistin son 3 ildə fasiləsiz fəaliyyət göstərən KİV-də çalışması tələbi qoyulub. Nəyə görə son 1 ildə, 5 ildə yox, məhz 3 ildə? Azərbaycanda 20 ildir fəaliyyət göstərən kütləvi informasiya vasitəsi var, ancaq ictimai rəydə onun heç bir çəkisi yoxdur. Ona görə il məhdudiyyətini də doğru hesab etmirəm.

Tələb olunan sənədlərə gəlincə, mənə elə gəlir ki, bu, bürokratiyaya gətirib çıxaracaq. Üstəlik, o qədər sənədi 15 günə toplamaq çətin məsələdir. Mətbuat Şurası nümayəndəsinin redaksiya iclaslarında iştirak etməsinə də ehtiyac yoxdur, çünki məsuliyyət redaksiya kollektivinin üzərinə qoyulub. Belə olan halda redaksiyaların strukturu problemi də ortaya çıxır. Elə redaksiyalar var ki, orda heç səhər planlaşdırılmasını keçirəcək qədər adam yoxdur, o ki qalmışdı ümumi iclas ola. Bundan başqa, redaksiyalarda həmkarlar təşkilatının olub-olmaması problemi ortaya çıxır. Mətbuat Şurasının tələb etdiyi iclası isə ancaq belə təşkilatların olduğu redaksiyalar keçirə bilər. Bizim redaksiyaların əksəriyyətində həmkarlar təşkilatı yoxdur. Elə redaksiyalar da var ki, ata, oğul və əmioğludan ibarətdir. Orda nə iclas keçirəcəklər və nəyi müəyyən edəcəklər?

Mətbuat Şurası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən jurnalistin adına evin (mülkün) olmadığını təsdiqləyən sənəd istəyir, amma prezidentin sərəncamında jurnalistlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılmasından söhbət gedir. Ola bilsin, hansısa jurnalist illərdir birotaqlı evdə yaşayır və həm də 30 yaşını haqlamış oğlu-qızı var. Belə çıxır ona yeni mənzil verilməyəcək? Ümumiyyətlə, bu prinsip prezidentin sərəncamı ilə ziddiyyət təşkil edir”.

Natiq Məmmədli bildirib ki, “Kaspi”nin redaksiyasında mənzilə ehtiyac duyan, namizədliyi irəli sürülməli olan jurnalistlər var. Ancaq o, namizədlərin irəli sürülməsinədək qeyd etdiyi məqamlara aydınlıq gətirilməli olduğunu düşünür.

Baş redaktorun fikrincə, yeni qaydalara görə əsas məsuliyyət redaksiyaların üzərinə düşüb: “Bütün əməkdaşların fikirlərini uzlaşdırmaq, bu məsələdə kompromis tapmaq çətin olacaq”.

Qaynar.info