Sentyabrın 1-də millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqla qarşılaşdı. Minimum 1 xal alacağımızı gözlədiyimiz görüşdə hər şey əksinə oldu. Komandamız məğlubiyyətə uğradı, daha çox xal yığmaq ümidlərimiz isə puç oldu. Təbii ki, bu məğlubiyyətdən sonra futbol ictimaiyyəti AFFA-nı və yığmanın baş məşqçisini haqlı olaraq tənqid atəşinə tutdu. Elə Azərbaycanın tanınmış mütəxəssislərindən olan Tərlan Əhmədov da millimizin Lüksemburqa məğlubiyyəti haqda fikirlərini bildirib və kəskin narazılığını açıq şəkildə ifadə edib.
Mütəxəssisin Qaynarinfo-ya verdiyi müsahibəni təqdim edirik:
- Yığmanın Lüksemburqa məğlubiyyətinin səbəbini nədə gördünüz?
- İlk növbədə bu suala baş məşqçi cavab verməlidir. Çünki heyəti o qurub və bilməlidir ki, kimlə oynayırıq, bizə nə lazımdır, məqsəd nədir. Qrupumuzda dişimizə uyğun yeganə rəqib Lüksemburq idi. Hansı ki, həm səfərdə, həm də Bakıda 3 xal ala bilərdik. Amma heyət istər-istəməz adamı düşündürür. Deyirlər ki, De Byazi Albaniyanı qrup mərhələsinə çıxardı. Gəlin baxaq, həmin vaxt Albaniya millisinin neçə üzvü xaricdə oynayırdı? Hansı futbolçular yığmada yer alırdı, legionerlər, yoxsa Albaniyada oynayanlar? Hazırda futbolçu baxımından son 10 ilin ən yaxşı yığmasına malikik. Mahir Emreli Polşa çempionatında əla çıxış edir. Komandasının Avroliqanın qrup mərhələsinə yüksəlməsi üçün vurduğu qollar göz qabağındadır. Polşa çempionatı Azərbaycan Premyer Liqasından dəfələrlə üstündür. Mahir orada liderlik mövqeyindədirsə, niyə yığmanın oyununda ehtiyatda oturmalıdır? Namik ötən mövsüm bombardir olub. Keçən il yığmaya çağırmırdılar, deyirdilər fiziki cəhətdən çatdırmır. İndi legioner həyatı yaşayır. Yığmaya dəvət alıb, ikinci hissədə Mahirlə, Rəhim Sadıxovla birlikdə meydana çıxır və oyunu dəyişir, komanda hücum etməyə, rəqibi sıxmağa başlayır, nəticədə qol vururuq. Ortaya suallar çıxır. Niyə Mahir, Namik, "Sumqayıt”da komandanın lideri olan, "Keşlə”yə iki qol vurmuş Rəhim ehtiyatda oturmalıdır? Niyə Ramil Şeydayev deyil, Əli Qurbani oynamalıdır? Niyə Polşada legioner həyatı yaşayan Anton Krivotsyuk ehtiyatda qalmalıdır? Azər Salahlı heç vaxt son müdafiəçi kimi oynamayıb. Amma eksperiment aparılır və birdən-birə mərkəzdə yer alır. Hansı ki, Anton, Elvin Bədəlov, Bəhlul Mustafazadə ehtiyatda qalmışdı. Sol cinahda oynayan futbolçunu müdafiənin mərkəzinə yerləşdirir və bundan sonra bütün problemlər yaşanır. Nəvaxta qədər Lüksemburq və başqa komandalara qarşı 5 müdafiəçi ilə, qorxaq futbol oynayacağıq? Nəyə görə daha çox hücumameyilli futbolçuları meydançaya buraxmırıq? Səbəb nədir? Ozobiçi milliləşdiriblər. Başa düşürəm, uzun müddətdir "Qarabağ”dadır. Bu komandaya uyğunlaşıb və kömək edir. Ancaq indiyə qədər yığmamızda oynamayıb axı. Heç yoldaşlıq görüşlərində də meydana çıxmayıb. Amma onu birdən-birə rəsmi oyunda əsas heyətə buraxırlar. Halbuki komandaya uyğunlaşmış oyunçular kənarda qalmışdı. Yığma eksperiment yeri deyil. Baş məşqçi bu sualların hamısına cavab verməlidir. Bütün aparıcı futbolçular ehtiyatda oturmuşdu. Əlbəttə ki, belə olan halda məğlubiyyət acısı yaşamalıyıq. Birinci hissədə futbol adına heç nə görmədik. Tanınmış məşqçilərimizdən biri deyib ki, "ola bilər legionerlər komandaya gec qoşulub”. Gec ya da tez, fərq etməz. Heyət avqustun 27-də yığılıb. Həmin yığılan heyət nə etdi ki? Reqlament belədir ki, legionerlər oyuna 72 saat qalmış gələ bilər. Tutaq ki, bir gün gec gəliblər. Ona görə futbolçunu ehtiyatda oturtmaq lazımdır ki, komanda uduzsun? Bu, necə yanaşmadır? Nə heyət, nə yanaşma, nə də taktika düzgün idi. Nəvaxta qədər qorxa-qorxa oynayacağıq? Strategiyanı dəyişmək lazımdır. Bu qədər hücumameyilli futbolçularımız olduğu halda müdafiə futbolu oynayırıq. Ramil Şeydayev "Sabah”ın heyətində ispan məşqçinin rəhbərliyi dönəmində ehtiyatda qalanda millidə daha çox oynayırdı. İndi "Qarabağ”da tez-tez meydana çıxır, amma yığmada ehtiyatda saxlayırlar. Olmazdı ki, ilk dəqiqələrdən Ramil, Mahir və Namik hücumda, Emin Mahmudov, Vüqar Mustafayev və Rəhim Sadıxov da yarımmüdafiənin mərkəzində yer alardı? 4-4-2, 4-3-3 sisteminə üstünlük verərdilər, amma futbol oynayardılar. Komanda uduzursa və ən yaxşılar ehtiyatda oturursa, əlbəttə, bu Mahirə, Namikə pis təsir edəcək. Sabah onlara deməyəcəklər ki, "səni ən yaxşı vaxtında yığmaya çağırıb ehtiyatda saxladılar”? Bütün bunlardan sonra 1:2 hesabı ilə məğlub olmuşuqsa yaxşıdır. Daha böyük hesabla da uduza bilərdik. Qorxuram ki, bu durum İrlandiya ilə oyuna da təsir etsin.
- Baş məşqçi qarşıdan gələn İrlandiya və Portuqaliya ilə oyunda ən yaxşıları meydana buraxsa, bu, nəyisə dəyişə bilər?
- Hər şeydən əvvəl komandanı psixoloji enişdən çıxarmaq lazımdır. Bundan əlavə irlandlar "ikinci mərtəbə”də yaxşı oynayırlar. Portuqaliyaya da standart vəziyyətdən qol vurdular. Baxmayaraq ki, onların müdafiəçiləri hündürboyludurlar. Portuqaliya yalnız oyunun sonlarına yaxın iki qol vura bildi. Yəni, 20-25 min tamaşaçının gözü qarşısında, atletik və güc futboluna üstünlük verəcəklər. İlk dəqiqələrdən təzyiqlə başlayacaqlar. Meydançanın rəqibə aid hissəsində oynayıb məsələni tez bir zamanda həll etməyə çalışacaqlar. Ona görə də düzgün taktika, motivasiya, strategiya olmalıdır. Rəqibin zəif və güclü tərəfləri üzərində düzgün iş getməlidir. Düzdür, Lüksemburqla oyundan sonra toparlanmaq çətin məsələdir. Yenə də inanıram ki, futbolçular bunu bacaracaq.
- Ronaldo Azərbaycanla oyunda meydana çıxmayacaq. Bunun hər hansı faydası ola bilər?
- Ronaldo Portuqaliya üçün böyük fiqurdur. Amma yığmada onu əvəz edə biləcək kifayət qədər futbolçu var. Ola bilər belə adlı-sanlı oyunçunun heyətdə yer almayacağına görə bizimkilər bir qədər rahatlaşsın. Amma Portuqliya yığmasının demək olar, bütün futbolçuları "Mançester Siti”, "Mançester Yunayted”, "Liverpul” kimi komandalarda legioner həyatı yaşayır. Təkcə Ronaldo ilə Portuqaliyada iş bitmir. Heyətə baxanda, demək olar 11 futbolçunun hamısı Ronaldo kimidir.
- Baş məşqçi oyundan bir neçə gün əvvəl bildirmişdi ki, bu qrupda sonuncu yerdən qurtula bilməyəcəyik. Onun bu fikirlərinə münasibətiniz necədir?
- Həmin vaxt dostlarım mənə dedilər ki, De Byazi belə fikir səsləndirib. Cavab verdim ki, yəqin bir neçə gündən sonra sözlərinin təhrif olunduğunu deyəcək. O, bu sözləri deyib ya yox, dəqiq bilmirəm. Bəlkə də həmin sözləri söyləyib və düşünüb ki, onsuz da Azərbaycan mətbuatı maraqlanmayacaq. Ancaq düşünmür ki, mətbuatımız inkişaf edib. Şükür Allaha savadlı jurnalistlərimiz çoxdur və hər yerlə maraqlanırlar. İstənilən halda baş məşqçi mətbuatda belə fikir səsləndirməməlidir. Hətta komandasının zəif olduğunu bilsə belə. Artıq bir sikl, Millətlər Liqası geridə qalıb. Sən bütün futbolçulara bələdsən. Belə açıqlama vermək futbolçularımızı aşağılamaq kimi çıxır. Rəhbərlik onu dəvət edib ki, futbolumuza töhfə versin. Ancaq hələ ki, nə faydası, nə də hansısa yenilik var. Deyirlər ki, gəncləşdirmə aparılır. Amma bu, tam deyil. Məsələn, Ozobiçin 31 yaşı var. Baş məşqçinin rəsmi oyundan öncə belə açıqlaması qəbul oluna bilməz. Sonuncu yeri tutacağıqsa, elə komandanı azərbaycanlı məşqçilərdən birinə tapşırsınlar.
- Lüksemburqla matçın ilk hissəsində əsas futbolçuların ehtiyatda qalması birmənalı qarşılanmadı. Belə fikirlər də var ki, heyətə AFFA-nın İcraçı Vitse-prezidenti Elxan Məmmədov müdaxilə edib və özünə yaxın olan menecerlərin oyunçularının start "11-lik”də yer almasına şərait yaradıb...
- İnanmıram ki, baş məşqçi kiminsə diqtəsi ilə heyət qursun. Elədirsə, deyiləcək bir söz yoxdur. Yəni, inandırıcı görünmür. Baş məşqçinin yəqin ki, öz fikirləri var. Bəlkə düşünüb ki, o futbolçuları ikinci hissədə buraxar və üstünlük qazanarıq. Ya da İrlandiya ilə oyunda gücləri bərabərləşdirmək üçün belə addım ata bilər. Ancaq əvvəlcə Lüksemburq məğlub edilməli, daha sonra İrlandiya ilə oyun haqda düşünülməli idi. İlk dəqiqələrdən əzmkarlıq göstərilməli, ən yaxşılarımız meydana buraxılmalı idi. Sadəcə, məşqçinin ideyaları düzgün olmadığı üçün məğlubiyyətə uğramışıq.
- De Byazi Azərbaycana gəldiyi ilk vaxtlarda iddialı fikirlər səsləndirirdi. Hətta DÇ-nin final mərhələsinə düşməklə bağlı müsbət sözlər söyləyirdi. Bəs ona nə mane oldu?
- Azərbaycana gələndə deyirdi ki, burada çox yaxşı, istedadlı futbolçular var. Açıqlamalarını oxumuşdum. Amma Millətlər Liqasında tamamilə başqa senari oldu. Zəif heyətimiz yoxdur. Kim desə ki, Azərbaycanda futbolçu yoxdur, yalan söhbətdir. Biz 6-7 müdafiəçi ilə oynayırıqsa, burada yalnız De Byazinin günahı var. Başqa heç kimi günahlandırmaq olmaz. Futbol ictimaiyyətində dəfələrlə fikirlər səsləndirilib ki, müdafiə futbolundan çıxmaq lazımdır. Üç müdafiəçi deyirik, amma meydana altısını buraxırıq. Hücumu da müdafiəyəmeyilli futbolçularla qururuq. Müdafiə, müdafiə, müdafiə... Sonra deyirik ki, Azərbaycanda hücumameyilli futbolçu yoxdur. "Qarabağ” 5 yerli futbolçu ilə meydana çıxıb, Avroliqanın, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanırsa, deməli, potensialımız var. Nə vaxta qədər müdafiə olunacaqsan? Bura gələndə başqa söz deyib, sonra da müdafiə futbolunu təbliğ edirsənsə, hücum qura bilmirsənsə, əlbəttə, qalib gəlmək şansın sıfra bərabərdir. Deyirlər ki, klublarda düzgün iş aparılmır. Bəs necə olur "Qarabağ” hər il qruplarda oynayır? Axırda yerli məşqçiləri günahkar çıxarırlar. Deyən yoxdur ki, "De Byazi axı sən niyə qorxaq futbol oynadırsan?” Deyə bilmərəm, baş məşqçi italyan olduğu üçün müdafiə taktikasını seçib. Amma bura İtaliya deyil. Çılğınlıq baxımından oxşarlığımız olsa da, hər millətin öz mentaliteti var. Sovetlər dönəmində "Neftçi”ni "Qafqazın Braziliyası” adlandırırdılar. Çünki texnikalı futbolçular vardı və texnikalı futbola üstünlük verirdilər. Bəs niyə ənənəmizdən imtina etməliyik? Hər futbolçumuzun özünəxas oyunu var. Mahirin texnikası, topla oynamaq qabiliyyəti, Namikin sürətli reydləri, Şeydayevin qol duyumu var. Rəhim Sadıxov, Emin Mahmudov yaxşı oyunqurucudurlar. Bunların üzərində işləmək lazımdır. İtaliya yığması? Onlar həm komanda şəklində müdafiə olunmağı, həm də müdafiəni hücumdan qurmağı bacarır. Müdafiə hücumdan asılıdır. Sənin hücumçuların irəlidə rəqibə təzyiq etmirsə, hücum qurmalarına imkan yaradırsa, əlbəttə, müdafiədə problemlərin olacaq. İtaliya yığması 4-5 müdafiəçidən asılı deyil. Kompakt şəkildə müdafiə olunurlar və sürətli cinah hücumlarından istifadə edirlər. Hər ölkənin futbol fəlsəfəsi var. Bizim də fəlsəfəmiz başqadır və ona uyğun futbol oynatmaq lazımdır. İtaliya kimi oynamaq istəyiriksə, o zaman 15 il gözləməliyik ki, bütün sistem dəyişsin. Foqts gəldi, 6 il alman futbolunu təbliğ etdi, ancaq ortada heç nə olmadı. Azərbaycana gələn ən normal əcnəbi məşqçi Robert Prosineçki olub. Yerlilərdən isə Əsgər Abdullayevin və İqor Ponomaryovun dönəmində normal nəticələr göstərmişik. Heç kimin haqqına girmək olmaz. Prosineçki futbolçulara sərbəstlik verirdi, qorxmadan, normal futbol oynadırdı. Rəqiblərdən çəkinmədən komandamızı eyni fəlsəfə ilə oynadırdı və futbolçuları məcbur edirdi ki, hücumda çoxalsınlar. Futbolçuya sərbəstlik verməlisən ki, meydançada ən yaxşı keyfiyyətlərini göstərsin. Ponomaryovun dönəmində komanda heç kimdən qorxmurdu. De Byazi onlardan zəifdir? O, Bakıya gələndə hər şeydən əvvəl özündən öncəki məşqçilərin işi ilə maraqlanmalı idi. Prosineçki hər şeylə maraqlanmışdı. Bizim futbolçular elədir ki, nə qədər sıxsan, o qədər problem yaranır. Futbolda sərbəstlik olmalıdır.
- Ümumiyyətlə, bu sikllə bağlı gözləntiləriniz necədir? Həqiqətən De Byazinin dediyi kimi olacaq?
- O deyibsə, hər halda elə də olacaq. Çünki baş məşqçi odur. Mən isə ümid edirdim ki, Lüksemburqla səfərdə heç-heçə oynayacağıq, Bakıda da onlara qalib gəlib 4 xal götürəcəyik. İrlandiyanı da evdə uda bilərdik. Bu sikldə ən azı 7 xalımız olacağını düşünürdüm. Lüksemburqla oyundan sonra ümidlərim puç oldu. Görünür, cari sikli də boşa veririk. Belə oyunla nəsə etmək çətin məsələdir. Nə baş verəcək, qarşıdakı oyunlarda görəcəyik. Ümid edirəm ki, İrlandiyaya qarşı heç olmasa normal, mübariz bir oyun izləyəcəyik. Hələ, ümidverici nəsə yoxdur. İndi fikirləşirəm ki, bəlkə evdə Lüksemburqla heç-heçə oynayıb, İrlandiyadan iki xal ala bilsək, böyük işdir. Portuqaliya və Serbiya ilə matçlarda isə heç nəyə ümidim yoxdur.
Səbuhi Həsənov